“Nazir deyil, ekspertdir, təhsildən xəbərsizdir

image-eminemrullayevbackend

Hesablama Palatası Elm və Təhsil Nazirliyində ciddi nöqsanlar aşkar edib. Məlumata görə, auditin əhatə etdiyi dövrdə 666,3 milyon manat dəyərində 494 müqavilə bağlanılıb, həmin müqavilələr üzrə icra məbləği 526 milyon manat təşkil edib. Satınalma müqavilələri əsasında 461,1 milyon manat dəyərində mal, iş və xidmətlər alınıb, hər iki qurumda keçirilmiş satınalmaların əsas hissəsi funksional fəaliyyətlə bağlı funksiyaların yerinə yetirilməsi məqsədini daşıyıb. Auditlə ümumilikdə 411 müqavilə çərçivəsində 468,8 milyon manatı əhatə edilib. Yemək təchizatı ilə bağlı menyuların dəyişdirilməsinə yol verildiyi, əvvəlki auditdən fərqli olaraq yeməklərin kalori tutarının saxlanılması fonunda dəyişdirilmə zamanı daha baha menyulara üstünlük verildiyi müəyyən olunub. Bu da nəticədə icra prosesində 1(bir) şagirdə düşən yemək xərcinin artırılmasına və dövlət vəsaitinə əlavə tələbatın yaranmasına səbəb olub.

Busaat.az xəbər verir ki, mövzu ilə bağlı News24.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, problem müvafiq şöbələrin və ya təşkilatın struktur problemi ilə bağlıdır:

“Dövlət büdcəsindən müdafiə xərclərindən sonra ən çox vəsait ayrılan sahə təhsil sahəsidir. Bu sahəyə büdcədən 4,4 milyard manata yaxın vəsait ayrılır. Bu miqdar hətta bəzi qonşu dövlətlərin ümumi büdcəsindən də çoxdur. Ancaq burada vacib məqamlardan biri ayrılan büdcənin düzgün xərclənməməsidir. Həm Hesablama Palatasının dərc etdiyi məlumatlara nəzər salanda, həm də kiçik tədqiqat aparanda görürük ki, israfçılıqlar var. Bu israfçılıq xüsusən tenderlər və qrant layihələrin keçirilməsi zamanı müşahidə edilir. Səbəb isə elm və təhsil nazirliyində mütəmadi olaraq kadr və struktur dəyişikliklərinin olmasıdır. Çünki hər bir yeni struktur formalaşanda elan edilən yeni tender layihələr ayrılan büdcənin süni şəkildə şişməsinə gətirib çıxarır. Bir müddət əvvəl nazirliyin tabeliyində yaradılan 2 agentliyin infrastrukturu üçün tender elan olundu. Bu da proqnozlaşdırılan xərcdən kənara çıxmağa səbəb oldu. Tenderlər şəffaf keçirilmir. Tenderə qoşulan şirkətlər bəzən 2-3 ay ərzində yaranan, dərin kökü olmayan şirkətlər olur. Bəzi hallarda vergi borcu olan və ya inzibati nöqsanlara yol vermiş şirkətlərin də tenderlərdə qalib olduğunu görürük”.

Ekspert əlavə edib ki, diqqət edilməli vacib məqam isə bağça və internatların qida təminatı ilə bağlıdır:

“İnternat tipli məktəblərdə və ya digər təhsil müəssisələrində isti yeməklər və ya qida menyusu ilə bağlı müxtəlif şirkətlərlə müqavilə bağlanır. Bu şirkətlər müəyyən qədər nazirliklə bağlı olan və ya hər hansı məmurun şirkəti olur. Həmin şirkətlər şişirdilmiş menyu ilə öz maraqlarını güdürlər. Normal bazarda təkliflər olmalıdır. Ancaq belə olan halda real təklif olmadan xərclər yazılır”.

Millət vəkili Etibar Əliyev isə bildirdi ki, təhsil sahəsində hesabatlılıq olmalıdır:

“Təhsil sahəsində heç bir hesabatlılıq yoxdur. Bu kimi halların baş verməsi də məhz bu səbəbdəndir. Bütün aparılan proseslər cəmiyyət üçün, jurnalistlər üçün açıq və şəffaf olsaydı, tənqiddən nəticə çıxarmış olardılar. Bu gün Elm və Təhsil nazirliyinin rəhbərliyi avtoritar idarəetmə tətbiq edib. İstər direktor təyinatında, tender məsələlərində, istərsə də dərslik və müəllimlərin işə qəbulunda avtoritarlıq və qapalılıq var. İstədikləri adamı direktor təyin edə bilirlər. Əslində təhsil ən çox cəmiyyətə açıq olan sahə olmalıdır. Bu, nazirlik üçün də maraqlı olmalıdır. Hesablama Palatası ötən il də peşə təhsili ilə bağlı auditdə xeyli mənimsəmə faktı aşkarlamışdı. Nəticə olmadı. Ancaq istəyirik nəticə olsun.

Bu gün nazirliklər ayrılan vəsaiti dağıdırlar. Dövlətin ayırdığı vəsaitləri istədikləri yerə istədikləri kimi xərcləyirlər. Nə qədər vəsait ayrılırsa, repititorluq çoxalır, beynəlxalq yarışlarda geriləyirik, 0-100 bal toplayanların sayı artır. Bu, idarəçilikdən asılıdır. Mən etiraf etməliyəm ki, nazirin özü də təhsili bir o qədər yaxşı bilən adam deyil. Ekspertliklə məşğul olur. Problemləri deyir, ancaq həlli istiqamətini göstərə bilmir”.

Millət vəkili şagirdlərin qida təminatı məsələsinə də aydınlıq gətirib:

“Qida təminatına da nəzarət yoxdur. Niyə şagirdlər dönər alıb zəhələnməlidir? Niyə məktəbin isti yeməyi yoxdur? Yoxdur, ancaq bunun üçün vəsait ayrılır. Keyfiyyətə kim baxır? Heç kim! Uşaqları Allahın ümidinə buraxıblar. Belə idarəçilik olar? “

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki