“Neftçi” PFK-nın ev oyunlarını keçirdiyi “Neftçi Arena” müvəqqəti olaraq təmirə bağlanır.
Busaat.az bu barədə kluba isitnadən məlumat verir.
Bildirilib ki, bir müddət öncə renovasiya işlərinə start verilmiş meydanın son durumu yenidən araşdırılıb və məlum olub ki, arenanın ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil.
Ötən mövsümün sonunda stadionun qazonunun dəyişdirilməsi istiqamətində aparılan işlərin cari mövsümün startına kimi tamamlanması və arenanın komandanın istifadəsinə verilməsi planlaşdırılmışdı. Ancaq iyun-iyul aylarında müşahidə olunan anomal istilər səbəbindən ot örtüyünün keyfiyyətinin istənilən səviyyəyə çatdırılmasında problemlər yaradıb.
Mövcud vəziyyəti, komandanın topa yiyələnmə və qısa ötürmələr üzərində qurulmuş oyun üslubu, futbolçuların zədə riskini nəzərə alan “Neftçi” PFK rəhbərliyi “Neftçi Arena”nın yenidən təmirə bağlanmasına, ot örtüyünün ideal səviyyəyə çatdırılmasına qərar verib.
Bununla əlaqədar klub tərəfindən Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlanıb.