Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Şabranda gənci qətlə yetirməkdə təqsirləndirilən Teymur Cəfərzadənin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
Busaat.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə o, məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində özünü tam təqsirli bilib.
Teymur Cəfərzadə dindirilərkən deyib ki, 2021-ci ildən qətl hadisəsinə qədər Şabran şəhərində yerləşən “OBA” marketdə satıcı işləyib. O qeyd edib ki, həmin marketdə satıcı işləyən Lalə Məmmədova (şərti) sevgi münasibəti olub, onunla müxtəlif vaxtlarda görüşərək danışıb: “Mərhum, zərərçəkmiş Orxan Əliyev işlədiyim marketdə əvvəllər adminstrator vəzifəsində çalışıb. Orxanın sevdiyim qızla səmimi münasibətini gördüm. Sonra ondan Laləyə qarşı hər hansı bir istəyinin olub-olmamasını soruşdum. Orxan isə belə bir şey olmadığını bildirdi. Orxan təxminən 4-5 ay olar ki, “OBA” marketdən işdən çıxaraq, bildiyimə görə Sumqayıt şəhərində tikinti sahəsində işləməyə başladı. Mən isə “OBA” marketin Şabran şəhər mərkəzi bazarında yerləşən filialında və daha sonra “3 sotlar” adlanan filialında işimə davam etdim. Bu söhbətlərdən sonra Lalə ilə münasibətim soyudu. Orxan Lalə ilə hadisədən 2 ay əvvəl həriləndi, sonradan isə onların münasibəti pisləşdi. Hadisədən təxminən 15-20 gün öncə Orxanla Lalə barəsində yenə də söhbətimiz oldu. Orxan Lalənin onu sevdiyini dedi və qızla olan telefon yazışmalarını göstərdi. Mən də Lalə ilə olan telefon yazışmalarımı Orxana göstərdim. Qızın mənimlə də danışdığını və Lalənin hər ikimizə qarşı düzgün etmədiyini bildirdim. 15 iyun 2022-ci il tarixdə, saat 17 radələrində Orxan mənə zəng edərək Sumqayıt şəhərindən çıxdığını, söhbət etmək istədiyini söylədi. Ona hazırda işdə olduğumu, işdən sonra görüşə biləciyimi söylədim. Orxan yenidən saat 21 radələrində zəng edərək Şabran şəhərində olduğunu, Şabran şəhər 1 saylı orta məktəbin idman meydançasında məni gözlədiyini bildirdi. Təxminən saat 22:15-də Orxanın hər hansı bir zor tətbiq edə biləcəyindən ehtiyyat edərək marketin mətbəxindən bıçaq götürərək onun dediyi yerə getdim. Ora çatanda Orxanın tək olduğunu gördüm. Həmin vaxt o, mənə nalayiq söyüşlər söyərək “cındırlıq” eldiyimi bildirib, yumruqla sol üz nahiyəmdən vurdu. Qarşılığında Orxanın sağ üz nahiyəsindən yumruqla vuraraq bıçağı belimdən çıxarıb, əvvəl onun sol qoluna xəsarət yetirdim. O, bıçağı görərək cibindən açılıb-bağlanan bıçaq çıxarıb mənim sağ ayağıma və sol çiyin nahiyəmə vuraraq yüngül xəsarətlər yetirdi. Onun bu hərəkətinə görə yenidən bıçaqla Orxanın sol qarın nahiyəsinə, sonra isə sinəsinə zərbələr endirdim. Orxanın yerə yıxıldığını görüb öldüyünü bildikdən sonra bıçağı idman meydançasına atıb, oradan uzaqlaşaraq yaşadığım evə getdim. Evdə valideynlərimə Orxanı bıçaqla vurduğumu, onun öldüyünü söylədim. Valideynlərimlə vidalaşıb Şabran Rayon Polis Şöbəsinə gedərək etdiyim əməl barədə məlumat verdim”.
Məhkəmənin hökmü ilə Teymur Cəfərzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə 2022-ci il iyunun 15-i saat 23 radələrində Şabran rayonu ərazisində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə tanışı, 1997-ci il təvəllüdlü Orxan Əliyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıcaqlayaraq qətlə yetirib. Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Şabranda qətlə yetirilən Orxan Əliyev Vətən müharibəsi qazisi olub. O, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.