“Bizə hava və su kimi lazım olan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Rusiya arasında razılaşma ola bilər”.
Bunu Ermənistanın sülh müqaviləsi ilə bağlı Azərbaycana ünvanladığı təklifləri şərh edən politoloq Əziz Əlibəyli Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Ermənistanın Azərbaycana sülh təklifi verməsinin səbəbi Rusiya basqısı səbəbindən Paşinyanın hakimiyyətdən getmə ehtimalının artmasıdır:
“Türkiyə vasitəsilə Azərbaycana sülh təkliflərini göndərməkdə məqsəd Azərbaycan və Türkiyəyə sığınmaqdır. Lakin bunun erməni siyasəti olduğunu nəzərə almaq lazımdır. Vəziyyətləri yaxşı olduqda tamamilə fərqli siyasət yürütməyi yaxşı bacarırlar. İkinci olaraq isə, sülh təklifi ilə Qərbə və dünyaya Ermənistanın sülh tərəfdarı olduğunu, lakin Azərbaycanın sülh istəmədiyini göstərmək istəyirlər. Azərbaycan isə Ermənistanın şərtləri ilə sülh müqaviləsini qəbul etməyəcəyini bildirib. Ermənistanın təklif etdiyi yekun sülh mətnində “Dağlıq Qarabağ” ifadəsi işlədilib, Qarabağa beynəlxalq müşahidəçilərin yerləşdirilməsi, terrorçu administrasiya ilə Azərbaycanın həmsöhbət olması istənilir. Bu şərtləri Azərbaycanın qəbul etməsi mümkün deyil”.
“Ermənistan indiki vəziyyətdə həm Azərbaycanı borclu çıxarmaq, həm də Türkiyənin əli ilə sərhədləri açdıqdan sonra Azərbaycana təzyiq yaratmaq istəyir. Çətin situasiyada sülh müqaviləsinin göndərilməsinə səbəb qeyri-rəsmi informasiyaya əsaslanaraq Rusiyanın Azərbaycanla razılaşıb Ermənistanla gərginliyin artırılması olduğunu deyə bilərəm. Azərbaycanla Ermənistan arasında da müharibənin həyata keçirilməsi üçün xeyli münaqişəli detal var. Qarabağda belə bir əməliyyatların olması mümkün deyil. Ümid qalır sərhəd xəttində gərginliyə. Belə olduqda isə Azərbaycan niyə Rusiyanın istəyi ilə Ermənistanla müharibə etsin? Bizə hava və su kimi lazım olan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Rusiya arasında razılaşma ola bilər. Ermənistan özünü sülh tərəfdarı kimi göstərsə də, Ermənistan ordusu üzərindəki gücün Rusiyaya məxsus olduğunu nəzərə alsaq Azərbaycana qarşı hərbi əməliyyatlara başlama ehtimalının istisna olunmadığını müşahidə edərik”, – politoloq qeyd edib.
Ələsgər / Busaat.az