
Parlament təsdiqlədi: Bolqarıstan ABŞ-dan daha 8 yeni F-16 təyyarəsi alacaq
Bolqarıstan Parlamentində keçirilən səsvermədə hökumətin ABŞ-dan 8 ədəd “F-16 Block 70” tipli döyüş təyyarəsi almasına dair qanun layihəsi təsdiq edilib.
Busaat.az xəbər verir ki, səsvermədə iştirak edən deputatların 49-u qərarın əleyhinə, 162-si isə lehinə səs verib.
Qəbul edilən qanuna əsasən, Bolqarıstan ABŞ-dan 1 milyard 296 milyon dollar dəyərində 8 döyüş təyyarəsi alacaq.
Qeyd olunub ki, təyyarələr 2027-ci ilə qədər təhvil veriləcək.
Bolqarıstan daha əvvəl 2019-cu ildə parlamentin qərarı ilə ABŞ-dan eyni tipli 8 döyüş təyyarəsi almaq üçün 1,1 milyard dollar avans ödəyib.
İstehsalı gecikdirən ABŞ, ilk təyyarənin 2025-ci ildə Bolqarıstana təhvil veriləcəyini açıqlayıb.
Hava donanmasına qatılacaq 16 ədəd F-16 qırıcısı ölkənin hava məkanını qorumaq vəzifəsini öz üzərinə götürəcək.
Bolqarıstan Hərbi Hava Qüvvələri 15 ədəd MiQ-29 təyyarəsindən ibarətdir. Rusiyanın Ukraynaya qarşı müharibə aparması səbəbindən bu təyyarələrə texniki xidmət göstərmək və təmir etmək mümkün deyil.
Busaat.az























