
Paşinyan Rusiyaya meydan oxuyur: “İzahatlar verməlidirlər”
“Laçın yolunun bağlanması 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının 6-cı bəndinin kobud şəkildə pozulmasıdır. Bəyanatın tərəflərindən ikisi – Azərbaycan və Rusiya bu bənd üzrə öhdəlik daşıyır”.
Busaat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Azərbaycan Laçın yolu ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə təminat verir, Rusiya sülhməramlı kontingenti isə Laçın yolunu öz nəzarətində saxlayır. Azərbaycanın beynəlxalq platformalarda Laçın yolunun nəqliyyat üçün açıq olması ilə bağlı xəbəri saxtadır və reallıqla heç bir əlaqəsi yoxdur. Laçın yolu Azərbaycan tərəfindən bağlanıb və bu, onun beynəlxalq öhdəliyinin kobud şəkildə pozulması deməkdir” – deyə, Baş nazir Paşinyan Nazirlər Kabinetinin iclasında bildirib.
Ermənistanın baş naziri qeyd edib ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti və “Qarabağ xalqı” qarşısında konkret təhlükəsizlik öhdəlikləri götürmüş Rusiya dövləti aydın izahatlar verməlidir: “Rusiya vəziyyəti necə qiymətləndirir? Laçın yolunun bərpası üçün onun planı və yol xəritəsi nədir? Ermənistan və Qarabağ ictimaiyyəti bu suallara BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyadan cavab gözləyir. Əgər Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda sabitliyi və təhlükəsizliyi təmin edə bilmirsə, mən hesab edirəm ki, o, BMT Təhlükəsizlik Şurasında müzakirəyə başlamalı və ya BMT Təhlükəsizlik Şurasının Qarabağdakı Rusiya sülhməramlı kontingentinə mandat verilməsi məsələsini qaldırmalıdır. Qarabağ və ya Qarabağda əlavə çoxmillətli sülhməramlı kontingentin yerləşdirilməsi müzakirəyə çıxarılmalıdır. Bu sual ona görə yaranır ki, Laçın yolunun Azərbaycan tərəfindən bağlanması Azərbaycanın Qarabağdakı Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına müdaxiləsi ilə bağlı ilk hadisə deyil. 2022-ci ilin martında Fərruxda baş verən hadisələr və 2020-ci ilin dekabrında yaşanan hadisələr, bunun nəticəsində üçə yaxın Ermənistan vətəndaşının hələ də əsir saxlanılması digər nümunələrdir”.
Paşinyan əlavə edib ki, Ermənistan hökuməti gündəlik olaraq Qarabağdakı humanitar böhran barədə dünyaya məlumat verməlidir: “Bizim tərəfdaş ölkələrimiz, beynəlxalq təşkilatlar davam edən humanitar böhran və vəziyyətin pisləşməsi barədə ətraflı məlumatlandırılmalıdır”.
Busaat.az























