Dekabrın 13-də Heydər Əliyev Sarayında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin “Planet parni iz Baku” KVN teatrının kollektivi ilə görüşü keçirilib. Görüş kollektivin 20 illik yubileyi münasibətilə təşkil olunub.
Mədəniyyət Nazirliyindən Busaat.az-a verilən məlumata görə, kollektivi salamlayan Elnur Əliyev əlamətdar yubileylə bağlı mədəniyyət naziri Anar Kərimovun təbriklərini çatdırıb, uğurlar arzulayıb.
Mədəniyyət Nazirliyinin qarşıya qoyduğu məqsəd və vəzifələrdən söz açan nazirin birinci müavini yeniliklər barədə söz açıb. Bildirib ki, nazirlik tərəfindən yeni strategiya hazırlanır və bu strategiyanın devizlərindən biri də “İnsan mədəniyyətindən kənarda heç nə etmir, çünki insanı insan edən onun mədəniyyətidir” fikridir.
E.Əliyev, həmçinin nazirliyin təşəbbüsü ilə həyata keçirilən yeni layihələrdən də söz açıb. Diqqətə çatdırıb ki, yaxın zamanlarda işğaldan azad edilmiş ərazilərdə, həmçinin hərbi hissələrdə teatr tamaşalarının nümayişi nəzərdə tutulub. O əlavə edib ki, yaxın 20 ildə “Planet parni iz Baku” KVN teatrının da cəmiyyət üçün faydası az olmayıb, teatrın tamaşaları hər zaman böyük maraq və sevgi ilə qarşılanıb.
E.Əliyev kollektivi təbrik edərək 20 illik fəaliyyətlə əlaqədar Mədəniyyət Nazirliyinin fəxri fərmanını teatrın rəhbəri, Əməkdar artist Tahir İmanova təqdim edib.
Tahir İmanov Mədəniyyət Nazirliyi tərəfindən göstərilən diqqətə görə minnətdarlığını ifadə edib. O, teatrın yaradılmasında xüsusi xidmətləri olan Anar Məmmədxanovun xatirəsini ehtiramla yad edərək onun ənənələrinin kollektiv tərəfindən məsuliyyətlə davam etdirildiyini deyib. Teatrın üzvü, Əməkdar artist Bəhram Bağırzadə çıxışı zamanı fəaliyyətlərinə göstərilən diqqətə görə ilk növbədə ölkə rəhbərliyinə və Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.
Daha sonra görüş gələcək planlar və perspektivlər, yeni layihələr ətrafında mövzuların müzakirəsi ilə davam edib.