Prezident İlham Əliyev Böyükşor–Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Busaat.az xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədilə uzunluğu 12,7 km olan altı hərəkət zolaqlı Böyükşor–Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 4,7 milyon (dörd milyon yeddi yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycanın 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.