
Prezidentin müsahibəsi xarici KİV-də - Fotolar
Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Busaat.az xəbər verir ki, qardaş Türkiyə mediası, o cümlədən Anadolu və İHA xəbər agentliklər, “TRT Haber”, “TRT Avaz” və digər telekanallar, “Yeni Akit”, “Milliyet” və sair qəzetlər dövlət başçısının müsahibəsindəki mühüm məqamları, o cümlədən Azərbaycanın inkişaf istiqamətləri, regional proseslər, perspektivdə olan yeni layihələr, dünyadakı ikili standartlar, Ermənistanla münasibətlər və sair mövzulara dair fikirlərini müxtəlif sərlövhələrlə təqdim edib.
Materiallarda bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycanın milli müdafiə sənayesini müasir dövrün standartlarına yüksəltməkdə qərarı qətidir. Eyni zamanda, qeyd olunub ki, Azərbaycan Prezidenti Ermənistana və onun havadarlarına da mühüm mesajlar ötürdü.
Avstriyanın aparıcı nəşrlərindən olan “Zalsburq xəbərləri” (Salzburger Nachrichten) qəzetində isə sözügedən müsahibəyə həsr edilmiş “Azərbaycan 2023-cü ildə Avropaya qaz tədarükünü artıracaq” sərlövhəli məqalə dərc olunub. Məqalədə Prezident İlham Əliyevin Azərbaycanın bu il Avropa İttifaqına 12 milyard kubmetr qaz tədarükünə dair hələ aylar əvvəl əldə edilmiş razılığı bir daha vurğuladığı diqqətə çatdırılıb. Vurğulanıb ki, 2023-cü ildə Azərbaycan ümumilikdə 24 milyard kubmetr qaz ixrac edəcək və onun yarısını Avropaya göndərəcək. Xatırladılıb ki, indiyədək bu göstərici illik 8,1 milyard kubmetr idi.
Yazıda, həmçinin Avropaya qaz nəqlinə dair siyasi razılaşmalara da toxunulub. Qeyd edilib ki, ötən ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tərəfindən qaz nəqlinə dair Anlaşma Memorandumu imzalanıb. 2027-ci ildən etibarən qaz nəqlinin həcmi daha da artaraq illik azı 20 milyard kubmetrə çatmalıdır.
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi Rumıniyanın nüfuzlu KİV-lərinin də diqqət mərkəzində olub. “News24hours” və digər xəbər portallarında rumın və ingilis dillərində dərc olunan məqalələrdə dövlətimizin başçısının Ermənistanla bağlı fikirlərinə xüsusi yer verilib. Yazılarda Prezident İlham Əliyevin ekofəalların və QHT nümayəndələrinin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası, Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin artırılması, sərhədlərin delimitasiyasının vacibliyi, Zəngəzur dəhlizinin əhəmiyyəti və digər məsələlər barədə fikirləri əksini tapıb.






























