“Putin istəsə də Koçaryanı siyasi fiqur kimi “xortlada” bilməyəcək”

image-putin-kobackend

Moskvada səfərdə olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan aprelin 5-də Rusiyanın Birinci kanalında Poznerin qonağı olub. İyunda Ermənistanda keçiriləcək növbədənkənar seçkilərdə iştirakını bir daha elan edən Koçaryanın seçkiqabağı kampaniyasına Rusiyanın Birinci kanalına müsahibəsi ilə başladığını desək, yanılmarıq. Koçaryanın Rusiyanın rəsmi və hakimiyyətyönümlü televiziyasına müsahibəsi və müsahibə əsnasında onun reklam və təbliğatının aparılması həm də Moskvanın niyyətindən xəbər verir.

Bu da onu deməyə əsas verir ki, təbliğatına Rusiyadan başlayan Koçaryanı Rusiya yenidən hakimiyyətə gətirmək istəyə bilər. Bəs, hər zaman revanşist çıxış və davranışları ilə yadda qalan Xocalı qatili Koçaryan Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlsə, nə baş verə bilər? Yaxud, Paşinyanın hakimiyyətdə qalması nəyi dəyişəcək?

Sualları Busaat.az-a cavablandıran Azərbaycan Yüksəliş Partiyasının (AYP) Başqanı Anar Əsədli bildirib ki, Paşinyanın və Koçaryanın Moskva səfəri regionumuzla bağlı məlumatların əsas xəbəri olaraq müzakirə edilir: “Müxtəlif analizlər və proqnozlar əsasında demək olar ki, politoloqlarımız arasında Rusiyanın destruktiv rolu və Ermənistanın parlament seçkiləri ərəfəsində təlatümlərə qərq olunacağı görüşü hakimdir. Bu da bir tərəfdən hesablanabilən gerçəyin əks olunmasıdır. Çünki bir tərəfdən Qarabağda yaşadığı məğlubiyyətdən sonra erməni cəmiyyətinin daxilində ciddi qorxu, qeyri-müəyyənlik, narahatlıq hissi var, digər tərəfdən isə beynəlxalq təyziqin hər gün artması fonunda Ermənistanın xarici siyasətdə təklənməsi və heç bir kömək ala bilməməsi gün kimi aydındır. Buna baxmayaraq, Paşinyan və tərəfdarları geri çəkilmək fikrində deyillər və görünən odur ki, axıra kimi mübarizə aparacaqlar”.

“Yuxarıda təsvir olunan və demək olar ki, heç bir ümid işığı görünməyən çıxılmaz vəziyyətin fonunda Paşinyan tərəfdarlarının belə əmin və əzm ilə dirəniş göstərməsi bəzi mətləblərdən xəbər verir. Bunlardan biri də Paşinyan komandasına qarşı xalqda etimadı olan hansısa bir opponentin olmamasıdır. İndi Koçaryan bəyan edir ki, Paşinyana qarşı seçkilərdə iştirak edəcək. Bu bəyanatı da Rusiyanın paytaxtında dilə gətirir. Əvvəla, Koçaryanın Moskva səfəri çox primitiv siyasi teatr səhnəsindən başqa bir şey deyil. Çünki, hamını maraqlandıran “Koçaryanla Putin nə danışdılar?” sualı əslində heç bir əhəmiyyət kəsb etmir. Koçaryanla Putin nəsə vacib bir məsələni danışmaq istəsələrdi, bunun üçün telefon var, internet var, qalxıb minlərlə kilometr getməyə gərək yoxdu. Bu mənada sual “Nə danışdılar?” deyil, “Niyə danışdılar?” olmalıdır. Başqa sözlə, niyə guya çox önəmli olan bu danışığı mediaya xəbər verdilər, Moskavada elədilər və mövzunu qapalı tuturlar? Bu aydın məsələdir ki, onların əslində, danışacaq elə də bir mövzuları yoxdur. Sadəcə, bu formada göstərməyə çalışırlar ki, biz hələ də birik və bərabərik və s. Bunu da daha çox Ermənistan cəmiyyətinə göstərirlər. Azərbaycan cəmiyyətinə də bu formada danışığı mediaya bildirməklə göstərirlər ki, baxın, Putin Əliyevlə olan əməkdaşlığa və dostluğa önəm verir, ona görə də Koçaryan Moskvada ola-ola Putin onu qəbul etmədi, onunla sadəcə telefonda danışdı. Pandemiya tədbirini səbəb göstərmələri də əbəsdir, Putin də, Koçaryan da peyvənd olunublar, əslində koronavirus qorxuları da yoxdur”-deyə, AY Partiya Başqanı vurğulayıb.

image-anar-esedlii
Anar Əsədli-Azərbaycan Yüksəliş Partiyasının Başqanı

Onun sözlərinə görə, Rusiyanın Ermənistanda qarşıdan gələn parlament seçkilərində Koçaryana dəstək verməsi üçün heç bir səbəb yoxdur: “Çünki, Rusiya Koçaryanın istifadə müddəti keçmiş mal olduğunu hamıdan yaxşı bilir. Moskva çox yaxşı anlayır ki, Ermənistanı əslində, itirib. İndi öz imicini itirməməyə çalışır. Ona görə də, dostlarını darda atmayan dövlət obrazını şişirdir. Lakin, Ermənistan cəmiyyətində Rusiyanın “dost” dediklərni necə attığını elə ən yaxşı koçaryanlar və sarqsyanlar bilir. 2018-ci ildə “Məxmər İnqilabı”nda Rusiyanın bu cütlüyün adamlarına dəstək verməməsi, daha sonra da 2020-ci il Qarabağ müharibəsində səssiz qalması və Koçaryanla Sarqsyanın 20 il qurduqları ordunun necə tarimar edilməsinə qarışmaması “dostları” atmaq deyil, bəs nədir? Görünür, əski prezidentlərin Rusiyaya qarşı əslində, necə xəyal qırıqlığı yaşadıqlarını Paşinyan komandası yaxşı bilir. Bu da paşinyanları əminlik və əzmkarlıq göstərməsinə səbəb olan həmin müammalı mətləblərdən biridir”.

“Nəticə etibarı ilə görünən odur ki, Putin istəsə də artıq Koçaryanı siyasi fiqur kimi “xortlada” bilməyəcək. Tək çarəsi Koçaryanla “flört” edib Paşinyanı əlində saxlamağa nail olmaqdır ki, ən azından, Paşinyan komandası seçkidə qalib olanda Rusiyanın da ən azından, Ermənistanda hansısa bir ağırlığı qalsın. Lakin, Paşinyan da bu oyunda “əzilmiş” kimi rol almasına baxmayaraq, əslində iz itirdir və son 4 ildə elədiklərinə baxsaq, yenə bildiyini edəcək. Yəni, Rusiyanı və onun əlaltılarını Ermənistanda neytrallaşdırmağa davam edəcək. Azərbaycan bu prosesdə uduzan tərəf olmayacaq. Ancaq, daha çox divident qazanmaq üçün Türkiyə ilə hərbi və mülki sahədə əməkdaşlığını gücləndirməlidir ki, Ermənistanda yaranacaq hər hansı bir münaqişə əsnasında regionun xaosa qərq olmasına imkan verilməsin”-deyə, müsahibimiz fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90