Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşər Əsədə Homsdakı hərbi kollecdə törədilən terror aktı ilə bağlı başsağlığı verib.
Busaat.az-ın məlumatına görə, bu barədə Rusiya lideri Kremlin saytında dərc olunan başsağlığı mesajında bildirib.
“Bir çox qadın və uşağın ölümünə səbəb olan bu amansız cinayəti qətiyyətlə pisləyirik. Ümid edirik ki, onun təşkilatçıları ədalətli cəzalarını alacaqlar. Biz terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə suriyalı tərəfdaşlarımızla yaxından əlaqə saxlamağa davam etmək niyyətindəyik”, – mesajda qeyd olunub.
Putin Əsəddən həlak olanların ailələrinə başsağlığı və dəstək sözlərini, eləcə də bütün yaralılara şəfa diləmələrini xahiş edib.
Dronların istifadə olunduğu hücum oktyabrın 5-də məktəbin kursantlarının zabit rütbəsinə qəbulu ilə bağlı keçirilən bayram mərasiminin sonunda kollecin poliqonunda baş verib. Hadisə nəticəsində 89 nəfər həlak olub. Şahidlər TASS-a bildirib ki, hərbi qulluqçuların ailələri, onların valideynləri, qardaşları, bacıları, arvadları və uşaqlarının dayandığı tribunaların yaxınlığında partlayış səsləri eşidilib.
Ölkədə ölənlər üçün üç günlük matəm elan edilib. Ölənlər arasında 31 qadın və 5 uşaq var. Ən azı 277 nəfər yaralanıb.