Azərbaycanlı “qanuni oğru” Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib.
Busaat.az xəbər verir ki, bu, son 7 il ərzində Türkiyədə sui-qəsd nəticəsində qətlə yetirilən üçüncü azərbaycanlı “qanuni oğru”dur.
Belə ki, bundan 7 il öncə kriminal aləmdə “Qoca Yasamalski” kimi tanınan Əlibala Həmidov Türkiyədə qətlə yetirilib. İddialara görə, “Qoca”nı öldürməyi Lənkəranski əmr edib. 18 avqust 2013-cü ildə altı nəfər maskalı silahlı şəxs İstanbulun Baxçaşəhər səmtindəki yaşayış binasının ərazisinə daxil olaraq bir neçə atəşlə Həmidovu və onun 29 yaşlı rəfiqəsi, Rusiya vətəndaşı Asiyət Alaşovanı ağır yaralayıb. Həmidov xəstəxanaya aparılarkən yolda ölüb və ölərkən Alaşovaya sadəcə bir kəlmə — Rövşən deyib.Həmin hadisədən 3 il sonra, yəni 2016-cı ildə isə məşhur “qanuni oğru”, kriminal aləmdə Rövşən Lənkəranski kimi tanınan Rövşən Caniyev İstanbulun Beşiktaş rayonunda uğradığı sui-qəsd nəticəsində öldürülüb.
Əlibala Həmidov Nadir Səlifovun klanına daxil olub. Elə buna görə də iddia olunur ki, Quli Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində oturarkən Həmidovun ölümünə görə Canıyevi aradan götürməyi əmr edib.
Burada ən maraqlı məsələ hər üç “qanuni oğru”nun ölüm tarixləridir. Belə ki, Lənkəranski və Qoca Yasamalski 18 avqustda, Nadir Səlifov isə 19 avqustda öldürülüb. Bu isə qisas iddialarını bir qədər gücləndirən məqamdır.
Lakin Canıyev öldürülən zaman həbsdə olan Səlifov Lənkəranskinin qətlə yetirilməsində təəssüfləndiyini qeyd edib. Bu barədə “Lotu Quli”nin vəkili Təranə Əliyeva mətbuata açıqlamasında bildirmişdi:
“Biz Nadir Səlifovla o barədə söhbət etdik. O, Rövşən Lənkəranskinin ölüm xəbərinə çox pis oldu. Onların arasında elə bir problem yox idi. Bu xəbəri cəzaçəkmə müəssisəsinin işçilərindən öyrənib, təəssüf və təəccüblə qarşılayıb”.
Amma buna baxmayaraq, “Lotu Quli”yə qarşı qisas məqsədi ilə sui-qəsd planı hazırlanıb. Belə ki, 2017-ci ilin noyabrnda İstanbulun Bahçelievler bölgəsində yerləşən AVM-də keçirilən əməliyyat zamanı bir qrup şəxs saxlanılıb. Əməliyyat nəticəsində saxlanılanlar arasında Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və Lənkəranskinin killeri kimi tanınan “Hacı Beyləqanski” də ( Hacıbaba Talıbxanlı) olub.
Həmin vaxt Türkiyə mətbuatının yaydığı məlumata görə, Namiq Canıyev “Lotu Quli”dən qardaşının qisasını almaq üçün mütəşəkkil cinayətkarlıq dəstəsi “Şirinlər”lə 5 milyon dollar qarşılığında anlaşıb.
Lakin, qardaş ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları sui-qəsddən xəbər tutaraq onları saxlayıb. Onlar bir müddət sonra məhkəmənin qərarı ilə sərbəst buraxılıblar.
Onu da qeyd edək ki, Nadir Səlifov 2018-ci ilin oktyabrında Türkiyədə saxlanılıb. Həmin vaxt Silivri həbsxanasında saxlanılan Qulinin Rusiyaya ekstradisiyası gözlənilsə də, o, qısa müddət sonra sərbəst buraxılıb. Ölkədən deport edilən Səlifov bu müddət ərzində, Çernoqoriya və BƏƏ-də olub. Onun qeyri-qanuni yolla Türkiyəyə yenidən qayıtdığı bildirilir.Xatırladaq ki, Nadir Səlifov Moskvada adam oğurluğu və hədə-qorxu ilə insanlardan pul almaqda təqsirli bilinirdi. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunurdu. Bu ittihamlarla Rusiya “Lotu Quli” barəsində beynəlxalq axtarış elan etmişdi.
(Qafqazinfo)