“Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda müqəddəs savaşda, 44 günlük Vətən Müharibəsində məğlubiyyəti tam mənası ilə öz üzərində hiss etmiş Ermənistan və onun çoxsaylı havadarları ibrət dərsi götürməmiş, xain fikirlərindən əl çəkməmişdilər. Bunun sübutu Ermənistanın xəyanətkar mövqedə qalaraq Ordumuza qarşı təxribatlar törətməsi, yeni istehkamlar qurmağa, silahlanmağa cəhd göstərməsi olmuşdur. Erməni tərəfi xəstə təxəyyülündən, “revanşist” sərsəmliyindən doğan qeyri-konstruktiv, ilk növbədə öz xalqını uçuruma aparan məsuliyyətsiz bəyanatları ilə bir daha Azərbaycanımızın gözəl Qarabağ bölgəsində gərginliyin artması üçün əlindən gələni əsirgəməmişdir.
Təxribatlar son dövrdə artan xətt üzrə inkişaf edərək xain erməni silahlı qüvvələrinin ciddi fikirdə olduğunu əks etdirmişdir. Erməni silahlı qüvvələri müntəzəm surətdə şəxsi heyətlə gücləndirilmiş, onların sıraları artmış, diversion-kəşfiyyat xarakterli hərəkətlər ardıcıl olaraq qeydə alınmışdır. Qorxaq və xain xislətini burada da biruzə verən düşmən təxribatçı addımları – mülki yolların və minalardan təmizlənmiş ərazilərin yenidən minalanmasını həyata keçirmiş, “zəngin” terrorçu təcrübəsini tam mənası ilə tətbiq etməyə can atmışdır.
Hadisələrin sonrakı gedişi bir daha erməni tərəfinin həmişəki kimi xəyanətkar mövqedə qaldığını, silahlı qüvvələrinin isə əslində döyüşçü ruhlu deyil, terrorçu ideologiyası ilə tərbiyə olunduğunu göstərdi. Sentyabr ayının 19-da bu terrorçu-diversion qruplaşma Azərbaycanın Qarabağ bölgəsindəki Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minanı partlatmış, nəticədə mülki şəxslər – Azərbaycan vətəndaşları həlak olmuş, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi də erməni silahlı qüvvələrinin quraşdırdığı minaya düşmüşdür. Bu xain aksiyanın nəticəsində hərbi qulluqçularımız arasında həlak olan və yaralananlar olmuşdur.
Bütün baş verən hadisələr onu göstərmişdir ki, Ermənistan silahlı qüvvələri sülh haqqında düşünmür, mövcud vəziyyəti destabilizasiya etmək üçün əlindən gedəni edərək 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarını pozurlar. Beləliklə, bu silahlı qüvvələr real təhlükə mənbəyi, sabitliyin, sülhün xalqımızın firavan, əmin-aman həyatının düşmənidir.
Yaranmış vəziyyətin regionda sülhə və əmin-amanlığa təhlükə yaratdığı artıq aydın idi. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Qarabağda lokal xarakterli antiterror tədbirlərinin başlanması əmrini verdi. Bununla da, Şanlı Ordumuz tərəfindən 44 günlük Vətən Müharibəsinin nəticəsində imzalanlış Üçtərəfli bəyanatın müddəalarının tam təmin olunması, azğınlaşmış, cəzasızlığına əmin olan düşmənin tam tərksilah edilməsi, hərbi istehkamlarının, qərargahlarının peşəkarlıqla məhv olunması bir daha bütün dünyaya Qüdrətli Azərbaycan Sərkərdəsi cənab İlham Əliyevin mətin iradəsini və Müzəffər Ali Baş Komandanı olduğu Ordunun şücaətini göstərdi. Ermənistandakı revanşist qüvvələrə, silahlılara “Ağlınızı yığın başınıza! Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir!” – demişdi cənab Ali Baş Komandan. Bu unikal, tarixdə bənzəri olmayan antiterror tədbirlərinin məqsədi dinc əhalinin, burada quruculuqla məşğul olan insanların, Vətənə şərəflə xidmət edən hərbçilərimizin təhlükəsizliyinin təmini, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bölgədə tamamilə bərpa olunması olmuşdur.
Antiterror tədbirlərinin yüksək effektivliyi bir daha göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri istənilən hərbi tapşırığın öhdəsindən yüksək məharətlə gəlməyə qadirdir. Tam əminliklə demək olar ki, bu əməliyyatlar dünya hərb salnaməsinə düşməklə, hələ onillər boyu hərbi akademiyalarda, yüksək rütbəli zabitlər hazırlayan tədris müəssisələrində bir etalon kimi tədqiq ediləcək, öyrəniləcəkdir. Şanlı Ordumuzun yüksək peşəkarlığı nəticəsində düşmənin hərbi obyektləri sıradan çıxarılmış, darmadağın edilmişdir. Bu zaman mülki əhaliyə zərər verilməmiş, yalnız xüsusi hədəflər yüksək dəqiqliklə sıradan çıxarılmışdır. Qeyd edilməlidir ki, antiterror tədbirlərin keçirilməsi barədə Rusiya sülhməramlı kontingentinin, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılmışdır.
Haqq-ədalətin bərpası, sülhün bərqərar olmasının yeganə şərti – erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxması, onları dəstəkləyən mənfur və iyrənc rejimin buraxılması olmuşdur. Mülki əhalinin qorunması lokal xarakterli antiterror tədbirləri zamanı prioritet məsələlərdən biri olmuşdur. Erməni silahlı qüvvələrinin xain xisləti, onların qorxaqlığı hərbi obyektlərinin mülki obyektlərin yanında quraşdırılması, dinc sakinlər üçün təhlükə yaradılması ilə hər zaman özünü göstərmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi mülki əhaliyə çağırış etmiş, bu obyektlərdən kənar durmağı tapşırmış, mobil SMS xidməti vasitəsilə müvafiq məlumatlar göndərilmişdir. Yüksək humanizmlə həyata keçirilən bu aksiyada səsgücləndirici vasitələrin və vərəqələrin vasitəsilə də çağırışlar olunmuş, mülki əhali antiterror tədbirlərinin bölgədə sülhə və əmin-amanlığa xidmət etdiyini anlamışdır.
Ermənistanın tutduğu destruktiv mövqe, revanşist iddialar, yaydığı məsuliyyətsiz bəyanatlar fonunda Azərbaycan xalqı, cəmiyyəti Müzəffər Ali Baş Komandan ilə həmrəyliyini, ona olan inamını bütün dünyaya nümayiş etdirdi. Azərbaycan siyasi partiyalarının yaydığı bəyanat bunun nümunəsidir. 23 siyasi partiya cənab Prezident İlham Əliyevin lokal xarakterli antiterror tədbirləri barədə əmrini tam dəstəklədiyini bildirdi. Bəyanatda deyilir: “Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı Vətən müharibəsində olduğu kimi, bu şərəfli işdə də həmrəyliyə, möhtərəm Prezidentimizi və Ali Baş Komandanımızı dəstəkləməyə çağırırıq.”
Qeyd olunmalıdır ki, bu bəyanata imza atmayan, bununla da öz məkrli, ermənipərəst mövqeyini göstərən partiyalar da olmusdur. Bunlara Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası aiddir. Əminik ki, bununla onlar Azərbaycanın şanlı tarixində öz yerlərini tamamilə itirdilər.
Qərbi Azərbaycan İcması Ermənistanın tutduğu mövqeyi, dinc sakinlərin, öz hərbi borcunu yerinə yetirən Azərbaycan vətəndaşlarının qətlini hər bir zaman qətiyyətlə qınamışdır. Lokal xarakterli antiterror tədbirləri ilə əlaqədar İcmanın yaydığı bəyanatda deyilir ki, Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratmışdı. Təəssüf ki, Ermənistan irqçi mono-etnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməmiş və bir sıra bədnam havadarlarının fitnəsi ilə növbəti dəfə təxribat yolunu seçmişdir.
Ermənistan siyasi dairələrinin və onların havadarlıq etdiyi qondarma rejim Qarabağda yaşayan erməni əhalisinin inkişafını hər zaman əngəlləmiş, onlara reinteqrasiya məsələlərinin müzakirəsi ilə əlaqədar normal dialoqdan yayındırmışlar. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Qarabağda lokal xarakterli antiterror tədbirlərinin başlanması əmrini şərəflə yerinə yetirmiş Şanlı Ordumuz dünya hərb tarixində misli-bərabəri olmayan möcüzəyə imza ataraq 1 gün ərzində erməni silahlılarını diz çökdürdü. Ermənistan növbəti dəfə biabırçı məğlubiyyəti yaşayaraq geri çəkildi, Qarabağın erməni əhalisi dialoqun və reinteqrasiya məsələlərini müzakirə etmək üçün Yevlaxda görüşün yeganə çıxış olduğunu anladı”.
Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor V. Şadlinski