“Qaranın milliyə çağırılmaması məni təəccübləndirdi”

image-170409_ryojz5wzmtbackend

“Əslində Slovakiya ilə ev oyununda səhv etmirəmsə, son dəqiqələrdə qol buraxdıq. Yəni, bu komandaya qarşı oynamaq mümkün idi”.

Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. O, Azərbaycan yığmasının Millətlər Liqasında sentyabrın 22-si səfərdə Slovakiya və sentyabrın 25-i evdə Qazaxıstanla qarşılaşacağı matçlar barədə fikirlərini bölüşüb.

Kərimov bildirib ki, Slovakiya millisi ilə səfər görüşü komandamız üçün daha çətin keçəcək: “Bakıda 0:1 hesabı iılə uduzduq. Amma düşünürəm ki, səfərdəki matç daha da çətin olacaq. Çünki onların azarkeşləri öz komandalarını dəstəkləyəcəklər. Məncə, artıq slovaklar bizim üstün tərəflərimizi də bilirlər. Ona görə də düşünürəm ki, səfər oyununda xal qazanmaq bizim üçün çətin olacaq”.

Mütəxəssis Azərbaycan millisinin evdə Qazaxıstana qalib gələ biləcəyini söyləyib: “Qazaxıstan hazırda qrupun lideridir. Qrupdan elə 1-ci yeri tutan komanda kimi çıxa bilərlər. Amma məncə, millimiz Qazaxıstana qarşı Bakıda daha yaxşı oynayıb, xal qazana bilər. Ümumilikdə rəqibin oyununa diqqət etsək, görərik ki, onlar daha çox əks-hücumlara bel bağlayırlar və bu baxımdan çox güclüdürlər. Amma böyük mənada bizə qarşı basqılı bir oyun nümayiş etdirməyəcəklər. Düşünürəm ki, biz Bakıda Qazaxıstan millisinə qalib gələ bilərik”.

A.Kərimov “Qarabağ”ın futbolçusu Qara Qarayevin milliyə dəvət olunmamasına da münasibət bildirib. O, yarımmüdafiəçinin yığmamız üçün əvəzolunmaz oyunçulardan olduğunu və Qaranın milliyə çağırılmamasına təəccübləndiyini deyib: “Bu, mənim üçün də təəccüb doğurdu. Belə şeylər məşqçinin seçimidir. Sözün düzü, bilmirəm ki, heyətdə vəziyyət nə yerdədir. Mənə görə, Qara millinin əvəzolunmaz bir oyunçusudur. Əsas heyət futbolçusudur. Amma yenə də bu, məşqçinin seçimidir. Bir italiyalı məşqçi meydanın mərkəzində daha çox Eddi İsrafilov kimi futbolçulara üstünlük verir. Yəni, daha hündürboy, güclü, ikili mübarizələrdə daha çox qalib gələn oyunçu istəyirlər. Amma yenə deyirəm, mənim üçün Qara yığmanın əvəzolunmaz futbolçusudur. Lakin istənilən halda məşqçinin seçiminə hörmətlə yanaşmaq məcburiyyətindəyik. “Niyə Qaranı milliyə çağırmırsan” – deyə də nəsə söyləyə bilmərik”.

Qeyd edək ki, sentyabrın 22-si “Anton Malatinski” stadioninda keçiriləcək Slovakiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Sentyabrın 25-i “Dalğa Arena”da oynanılacaq Azərbaycan – Qazaxıstan matçı isə saat 20:00-da start götürəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90