Okeanın o tayında oturub bu tayından xəbərlər verən Qənirə Ataşova deyəsən səmimi deyil axı.
Nə sirr olduğu bilinmir, amma həkimlərin üstünə yaman düşüb. Siyahılar tutur, sosial şəbəkələrdə nümayiş etdirir, ittihamlarını yağdırır.
Fikirləşmir ki, bu adamların hər birinin iş-gücü var, işgüzar nüfuzu var. Bəlkə dediklərin yanlışdır. Axı sənin dediyin də səhv ola bilər. Nə üçün bu xalq sənin siyahına inanmalıdır?
Azərbaycan dövlətinin hüquq sistemi, qayda-qanunu var. Kimsə qanunu pozursa, cəzasını alır. Həkimlərlə bağlı da narazılıqlar olur, şikayətlər olur, vaxtaşırı bu məsələlərə biz də toxunuruq.
Lakin haqqı nahaqqa vermirik. Bu günlərdə plastik cərrahları, estetik prosedurlarla məşğul olanları təqib edən xanım Ataşova haqqında bir məlumat aldım. Özünü həkim-kosmetoloq kimi təqdim edən Gülnar Zeynallı adlı şəxs, elə özünün instagram hesabından “icra etdiyi prosedura” aid bir video paylaşıb.
Hansı ki. həmin video görüntüdə Qənirə Ataşovanın üzərində prosedurlar etdiyini göstərərək xüsusilə və fərəhlə qeyd edir ki, Qənirə xanım Amerikadan məhz ona prosedur etdirmək üçün gəlib.
Daha sonra jurnalist Ataşova söz alıb “həkimin” işindən məmnunluğunu bildirir və hər kəsə onu tövsiyə edir. Bilmirəm, bəlkə də bu Gülnar Zeynallının işlədiyi “Falck” klinikasının passiv reklamı idi.
Səbəbləri maraqlı deyil. Maraqlısı odur ki, bu şəxs, yəni Gülnar Zeynallı barədə Vahid Səhiyyə İnformasiya Sistemində heç bir məlumat yoxdur.
Qəribədir, görəsən Qənirə xanım “həkim-kosmetoloq”un yanına gedəndə, “Falck” klinikasını nümayiş etdirəndə bunları dəqiqləşdirib?
Axı o neçə aydır həkim işi ilə məşğul olur. Artıq bu məsələdə püxtələşib. Başqa həkimlərin, plastik, estetik cərrahların, həkim-kosmetoloqların demək olar ki hər addımını izlədiyi halda öz müraciət etdiyi klinikanı, həkimi araşdırmır. Niyə?
Nə marağı var? Səmimi adam hər kəsə eyni gözlə baxmalıdır. Amerikada oturub Azərbaycana nəyisə diqtə etməyi heç kim bacara bilməz.
Bunu Fətullah Gülən də bacarmadı. Türkiyədə çevrilişə cəhd vaxtı Türkiyə jurnalistlərini içəri buraxmayıb Qənirə Ataşovanı yaxınında əyləşdirən FETÖ babası.
Məhz həmin mətbuat konfransında olanlara görə ANS Media Qrupu bağlandı. İş yoldaşları işsiz qalan Qənirə Ataşova isə bir il keçməmiş ABŞ-da peyda oldu. İndi də səhiyyə mövzusu ilə ictimai rəyə nüfuz etmək istəyir.
Bu qədər irəliləyə bilməsində bizim hüquq-mühafizə orqanlarının, Səhiyyə Nazirliyinin, TƏBİB-in də günahı az deyil.
Məmur vətəndaşın müraciətinə fikir verməyəndə ortadakı boşluğu fürsətçilər tutur. “Amerika bir okeandır, mən də dərin sularda üzmək istəyən balıq” deyən Qənirə Ataşova deyəsən yaşadığı ölkənin imkanları çaşdırır.
Amerikadan bu tərəfə hədələr, təhdidlər edir. Adamlarla aqressiv danışır. Nə ixtiyarla? Kim ona bu haqqı verib?
Deyəsən Qənirə xanım 10 il əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin brifinqində necə ələ salındığını unudub.
Bir televiziyanın ABŞ bürosunun rəhbəri idiniz. Doğru-dürüst ingiliscə bilməyən adam nəzərə almalı idi ki, harada, kimlə danışır, ona əks sual da verilə bilər. Elə də oldu. Cənab Kirbinin əks sualı qarşısında gülməli vəziyyətə düşüb əvvəl zaldakıları, sonra isə bütün dünyanın gülüş hədəfi oldunuz.
Camaatı ittiham edəndə bir az da öz yaxın keçmişinizdə peşəkarlıq səviyyənizə baxın. Azərbaycan vətəndaşını yalnız Azərbaycan məhkəməsi, qanunları mühakimə edə bilər.
ABŞ hegemon dövlətdir, özünü dünya hakimi sayır. Ancaq bu əsas vermir ki Qənirə Ataşova adlı vətəndaşı bizim işimizə qarışsın.
Sima Babayeva