Qərbi Zəngəzurda tarixi həqiqətin bərpa yolları: GÜC ya HÜQUQ?TƏHLİL

image-308380589_419397853656458_6967746915230125286_nbackend

 Son günlər, xüsusilə 13-14 Sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhəddində yaşanan qarşıdurma sonrası Qərbi Zəngəzur məsələsi yenidən gündəmə çevrilib. 1920-ci ildə, Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) işğalı və ardından Azərbaycanda Moskvadan idarə edilən Sovet Sosialist rejiminin bərqərar edilməsindən sonra Azərbaycanın Zəngəzur bölgəsi Qərbi və Şərqi Zəngəzur olmaqla ikiyə ayrılmış, Şərqi Zəngəzur Azərbaycan dövlətinin tərkibində qalsa da, Qərbi Zəngəzur yeni sovetləşməkdə olan Ermənistana hədiyyə edilib.

Vətəndən pay olmaz, ancaq bir əsr öncə tarixi ədalətsizlik reallaşdırılıb və bu gün həmin ədalətsizlik hələ də davam edir.

Azərbaycan xalqı Qərbi Zəngəzurun onun iradəsindən kənar, Moskvadan gələn tapşırıqlarla Ermənistana hədiyə edilməsini qəbul etmir və bunun nəticəsidir ki, bu gün Qərbi Zəngəzur üzərində tarixi həqiqətin bərqərar edilməsi istiqamətində istənilən məlumat insanlarda böyük həyacanla qarşılanır.

Ancaq Qərbi Zəngəzurun yenidən həm de-fakto, həm də de-yure Azərbaycanın ərazi bütövlüyünə geri qaytarılması mümkündürmü? Hansı şərtlərdə bu mümkün ola bilər və nələrə diqqət yetirmək lazımdır?

Bu sualların məntiqli və doğru cavabını tapmadan “Zəngəzuru istəyirik” və ya “Zəngəzuru alacağıq” deyib xülyalara qapılmaq regional güclərin tələsinə düşmək deməkdir.

Ona görə ki, istər Rusiya, istər İran, istər ABŞ, istərsə də Qərb dairələrində hər kəs həqiqəti bilir, görür və dərk edir. Adı çəkilən bütün güclər fərqindədir ki, Zəngəzurun qərbi də, şərqi də Azərbaycan dövlətinə, Azərbaycan xalqına məxsusdur, sadəcə yüz il öncə zəif düşmüş bir xalqın hüquqlarının qəsb edilməsindən söhbət gedə bilər. Ancaq həmin güclər israrla “üç meymunu” oynamağa davam edir. Guya kordurlar görmürlər, laldırlar dinmirlər, kardırlar eşitmirlər…

Şərqdəki dövlətlərin avtoritar ya da totalitar, Qərbdəkilərin isə demokratik ölkələr olmasından asılı olmayaraq, bu kimi reallıqları sadəcə onların daxili siyasətinə aid etmək mümkündür. Əvəzində dünyanın bütün ölkələri xarici siyasətində milli maraqlardan çıxış edir, milli maraqların üst-üstə düşdüyü məqamlarda beynəlxalq hüquq dəstəklənir, maraqların ziddiyyətli olduğu məqamlarda isə, beynəlxalq hüququn tələbindən asıllı olmayaraq, dövlətlər istədikləri siyasi xətti yeridirlər. Bu xüsusən dünyanın ən böyük dövlətlərinə aiddir…

İndi mətləbə keçməzdən əvvəl vurğulamaq lazımdır ki, bizim dünya siyasətinə yanaşmamız ölkələrin daxili siyasətinə nəzərən deyil, xarici siyasətdə nə qədər ədalətli ola bildiklərinə uyğun olaraq şəkillənməlidir.

Qərbi Zəngəzur məsələsinə gəlincə…

Burada çox incə hərəkət etmək lazımdır. Məsələn, beynəlxalq təşkilatlar, elə dünya dövlətlərinin özünün də qəbul etdiyi kimi Azərbaycanın suveren tərkib hissəsi olan Qarabağda işğala son vermək üçün Azərbaycan tərəfi güc istifadə etmək məcburiyytəində qaldı. Hətta Azərbaycan dövləti nə vaxt işğala son vermək üçün əməliyyatlara başlasa bu bütün dünya ölkələrində təzyiqlə qarşılanırdı. Sanki Azərbaycan öz ərazilərini, həm də beynəlxalq müstəvidə təsdiqlənmiş sərhədlərini bərpa etmir, əksinə kiməsə qarşı işğal siyasəti həyaya keçirirdi.. Halbuki Ermənistanın işğal siyasətinə bu qədər sərt reaksiyalar heç vaxt olmayıb. Buradakı ikili standartın sadəcə bir adı var – hər ölkənin öz maraqları!

İndi düşünmək lazımdır ki, Qərbi Zəngəzur məsələsini beynəlxalq müstəvidə əsaslandırmadan orada hansısa “geri qayıdışı” təmin etməyə çalışmaq hansı fəsadları verəcək.

Bu halda yaşana biləcəklərə təxmini nəzər salaq: Rusiya Ermənistan dövləti qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcək, KTMT Ermənistanı müdafiə edəcək və beynəlxalq təşkilatlar Azərbaycan tərəfini aqressor kimi tanıyacaq. Bundan sonra isə, Qərbdəki erməni havadarları Azərbaycanı işğalçı dövlət elan edərək onun dünyadan təcridinə nail olacaq. Əmin olun, nail olacaqlar. Çünki Qərblə ulduzu barışmayan Rusiya və İran kimi ölkələr bu fürsəti Azərbaycanı “ölüm blokadası”na salmaq üçün istifadə edəcəklər. Türkiyə, İsrail və Pakistan? Onların belə böyük oyunda bütün dünyaya qarşı duracaq gücləri yoxdur. Çünki Azərbaycan beynəlxalq hüquqa nəzərən təcrid olunacaq…

Ona görə də, bu kimi reallıqları dərk edən və Azərbaycan dövlətinin məhvinə çalışan qüvvələr əllərindən gələni edir ki, Azərbaycan tərəfi plansız-hazırlıqsız Ermənistan əraziləri olaraq tanınmış Qərbi Zəngəzura daxil olsun, burada güc istifadə edərək tarixi həqiqəti bərpa etməyə çalışsın.

Həmin qüvvələr hesablayır ki, bu torpaqlar üzərində Azərbaycanın suverenliyi bərpa edilməlidir. Bu bir reallıqdır və gec-tez bu istiqamətdə addımlar başladılmalıdır. Əsas planlar da bunun üzərində qurulur. Hesablayırlar ki, Azərbaycan haqlı olduğu üçün ətraflı düşünmədən “Zəngəzur əməliyyatı”na başlaya bilər və bu halda Azərbaycan üzərində yuxarıda sadalanan ssenarini başlada bilərlər.

Bu kimi risklər öz ciddiliyini qorumaqla bərabər ehtiyyatlı davranmağı lazım edir. Ancaq bu o demək deyil ki, Zəngəzur üzərindəki tarixi həqiqəti bərpa etmək mümkün deyil. Əksinə, indi hər keçən gün bu istiqamətdə Azərbaycan tərəfinin şansları daha da artır.

Zəngəzur iddiası isə, əvvəlcədən planlanmış hüquqi normativlərə sığdırılmış şəkildə həyata keçirilməlidir. Öncə beynəlxalq ictimaiyyət qarşısında məsələ ilə çıxış etmək gərəkdir ki, bölgənin Azərbaycan dövlətçiliyindən zorla qoparıldığı reallığı dünyaya çatdırılsın. Əlbəttə, dünya ölkələri yenə də öz maraqları prizmasından yanaşacaq və kimsə Zəngəzur məsələsində Azərbaycan tərəfini dəstəkləməyəcək. Daha doğrusu, İran, Rusiya, ABŞ, Fransa, Almaniya kimi ölkələr erməni havadarlığı etməyə davam edəcək.

Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanın da istər Avropada, istərsə də dünyanın digər qitələrində ehtibarlı tərəfdaşları vardır. Əminliklə deyə bilərik ki, Türkiyə, İsrail, Pakistan kimi dövlətlər Azərbaycanın beynəlxalq təşkilatlarda Zəngəzur məsələsini qaldırdığı anda onu dəstəkləyəcək və bölgənin Azərbaycanın suverenliyinə daxil olduğunu qəbul edəcək. İtaliya, İngiltərə kimi ölkələrin birmənalı dəstəyi gözlənilməsə də, tərəfdaşlıq əlaqələrinə görə Azərbaycan meyilli siyasi addımlar atacağı gözləniləndir. Bu addımlar Zəngəzuru Azərbaycan ərazisi kimi tanımaq qərarı olmasa da, Azərbaycanın sonraki diplomatik manevrləri zamanı effektiv olacaq. Siyasi müstəvidə Zəngəzur məsələsinin beynəlxalq təşkilatlarda qaldırılması Azərbaycan əleyhinə hər hansı mənfi imic formalaşdırılmasına dəlalət edə bilməz. Çünki güc istifadə edilmədən tarixi sənədlərə istinad ediləcək…

Azərbaycanlıların bu ərazilərdən qovulması ən güclü sübutlardan biri olsa da, əsas məsələ Ermənistan və Azərbaycan dövlətlərinin müstəqillik tarixidir. Çünki 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Azərbaycan özünü AXC-nin, Ermənistan isə özünü 1920-ci ildə işğal edilən erməni dövlətinin varisi elan edib. Elə isə, hər kəs öz mirasına sahiblənməli deyilmi?!

İlk etapda dünya ictimaiyyəti önündə məsələ qaldırıb, Zəngəzurun Azərbaycanın işğalından sonra Moskva tərəfindən Ermənistana hədiyə edildiyini dünyaya çatdırmaq kiyafət edir. Bundan sonra az, yaxud çox olmasından asılı olmayaraq dünya ölkələrindən dəstək səsləri gələcək və hüquqi zəmin hazırlanacaq. Güc isə, məhz bundan sonra dövriyəyə girə bilər. Hüquqi zəmini formalaşdırmadan Zəngəzur məsələsini qabartmaq bizi müdafiə edə biləcək qüvvələri də susduracaq. Ancaq hüquqi zəmin hazırlandıqdan sonra güc istifadəsi zamanı Azərbaycan özünü mümkün bütün xarici təhlükələrə qarşı sığortalamış olacaqdır.

Çünki Azərbaycan və Ermənistan dövlətləri hələ də sərhədlərini müəyyənləşdirməyib, iki ölkənin bir-birinin sərhədlərini tanımaması halkında isə, bu iki ölkə arasında yaşayacaq müharibədə müttəfiqlərin hər hansı bir tərəfi müdafiə etmək hüququ olmayacaq. Necə ki, bir müddət əvvəl Qazaxıstan tərəfi eyni situasiyanı səbəb göstərərək, KTMT səviyyəsində Ermənistana köməyin mümkünsüz olduğunu bildirib. Digər tərəfdən Ermənistanı ikitərəfli qaydada müdafiə edəcək tək ölkə Rusiyadır ki, hazırda Rusiya geosiyasi faktorları nəzərə alaraq Azərbaycan və Türkiyə ilə qarşı-qarşıya gəlmək niyyətində deyil.

Qərb isə, bölgəyə hərbi müdaxilə etmək üçün çox uzaqdadır və hüquqi zəmində hər hansı əsasa sahib deyil. İran bu riski edərsə sadəcə müharibənin coğrafiyasını genişlədər və özünün daxildə parçalanma risklərini aktuallaşdırar. Ona görə də, məntiqlə düşündükə İran belə bir riski istəməz.

Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz kimi, həm Azərbaycan, həm də Ermənistan varisi olduqları dövlətlərin sərhədləri ilə kifayətlənməlidir.

Ümumiyyətlə Zəngəzur məsələsində həm hüquq, həm də gücə ehtiyac duyulacaq. Çünki hüquq olmadan güc istifadəsi beynəlxalq təcridə səbəb olacaq. Eyni zamanda, hüquqi prizmada məsələni qaldırıb güc istifadə edilməzsə, nə Zəngəzurun Azərbaycana geri verilməsi təmin ediləcək, nə də elə beynəlxalq hüquq tam şəkildə bölgəni Azərbaycanın ərazi bütövlüyü olaraq tanıyacaq.

Busaat.az Analitika Mərkəzi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90