Qorxmaz Hüseynovun “MAXİNASİYA ŞÜCAƏTİ”: Sabiq ASC sədri üçün növbəti dayanacaq həbsxanadır?

image-qorxmazbackend
image-uzb_ads_desk

Azərbaycanda illərdir eyni vəzifədə qalan məmurların özbaşınalığı, korrupsiya əməlləri barədə zaman-zaman mətbuatda müxtəlif materiallar dərc edilsə də, “Burada mənəm, Bağdadda kor xəlifə” düşüncəsində olan məmurlar hər zaman bu iddia və ittihamları cavabsız qoymaqla “susqunluq siyasəti”nə bürünərək yazılıb-pozulanların unudulmasını təmin ediblər. Amma zaman öz sözünü deyir.

Vətəndaş şikayətləri əsasında son illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar nəticəsində neçə məmurun dəyəri yüz minlərlə manatla ölçülən qeyri-qanuni əmlaka sahib olduğunu bütün xalq gördü. Lakin DTX-nın maskalılarından yan keçməyi bacaranlar da var ki, onlar haqqında da müvafiq strukturlar tərəfindən yaxın gələcəkdə lazımi ölçülərin götürüləcəyinə dair yetərli sübutlar var.

Bu şəxslərdən biri də 4 may 2021-ci il tarixində Prezident İlham Əliyev tərəfindən vəzifədən uzaqlaşdırlan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynovdur. Vəzifədə olduğu 10 il müddətində (16 fevral 2011-ci ildə bu vəzifəyə təyin edilib, 2007-2011-ci illər aralığında isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsini icra edib) adından müxtəlif qanunsuz əməllərdə söz etdirməyi “bacaran” Hüseynov ASC-nin fəaliyyətində ciddi maliyyə maxinasiyalarına yol verməsi haqqında dövri-mətbuatda çoxlu yazılar dərc edilib.

ASC vəzifəsinə təyin edildikdən heç iki il keçməmiş adı böyük korrupsiya əməllərində hallanan Hüseynovla bağlı çoxlu şikayətlər olsa da, bu şikayətlər “gözəgörünməz” olmuş, iddialar ört-basdır edilmişdir.

Xatırlayaq, Qorxmaz Hüseynovun büdəcədən ayrılmış pulları mənimsədiyinin ən bariz nümunəsi ASC-nin Göyçay rayonundakı fəaliyyəti ilə bağlıdır. Belə ki, Göyçay rayonundan olan sahibkarların torpaq ərazilərinin ASC tərəfindən qanunsuz olaraq ələ keçirilməsi, əslində büdcədən ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyini, milyonlarla manatın kimlərinsə cibinə getdiyini sübut edir.

Bundan əlavə, vəzifədə olarkən “qohumbazlıq”ından əl çəkməyən Hüseynov ASC tərəfindən elan edilmiş tenderlərdə öz yaxınlarını qalib çıxarmış, nəticədə böyük məbləğdə pulların mənimsənilməsi faktı ortaya çıxmışdır.

Dövlət büdcəsindən Qobu qəsəbəsinin su təchizatının düzəlməsi və içməli su probleminin həlli üçün 8 milyon manat ayrılsa da, qəsəbə sakinlərinin problemlərinin həll edilməməsi narazılıqları artırmış, araşdırmalar nəticəsində bəlli olmuşdur ki, qaranlıq tenderin “gizli” qalibi Hüseynovun kürəkəninə məxsus “VAST” MMC olub və ayrılan vəsait yenidən Hüseynovun cibinə qayıdıb.

Qorxmaz Hüseynovun qanunsuz əməlləri onun kürəkəni ilə də yekunlaşmır. Ən yaxınlarını özünün korrupsiya əməllərinə cəlb edən Hüseynov vəzifədə olarkən bütün qohum-qardaşını “yaşadıb”.

Bunları fakt kimi mətbuatda şikayət əsasında dərc edilmiş yazılarda da görə bilərik.

Məhz bu maxinasiylar sayəsində müxtəlif yerlərdə özünə imarətlər tikdirən Qorxmaz Hüseynov bu villaları tikdirəcək vəsaiti haradan əldə etdiyini heç vaxt açıqlamayıb. Nərimanov rayonunda, Türkan qəsəbəsində və bölgələrdə milyonlarla manat qiyməti olan “şah sarayı” tikdirən Hüseynovun hazırda qanunsuz əməllərinin ifşası qorxusu ilə yaşadığını deyə bilərik.

Hər halda, ümid edirik ki, Qorxmaz Hüseynovun qanunsuz əmllərinə hüquqi qiymət veriləcəkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki