Bu gün Azərbaycan Kubokunun final görüşündən öncə keçirilən mətbuat konfransına “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Bəhlul Mustafazadə ilə gəlib.
Busaat.az xəbər verir ki, təcrübəli mütəxəssisin bu addımı futbolçuya dəstək kimi şərh edilib.
Buna səbəb isə “Qarabağ”ın Azərbaycan çempionuluğunu rəsmiləşdirdiyi “Sabah”la matçdan sonra baş verənlərdir. Həmin vaxt Qurban Qurbanov paltardəyişmə otağında bütün futbolçularla əl verib görüşmüşdü və onları təbrik etmişdi. Mütəxəssis yalnız Bəhlul Mustafazadə ilə görüşməmişdi ki, bu da tərəflər arasında soyuq münasibətlərin olduğuna dair xəbərlərə yol açmışdı.
Lakin sonradan “Qarabağ” klubu açıqlama yayaraq baş məşqçi və futbolçu arasında hansısa problem olmadığını bildirmişdi.
Bütün bunların fonunda Qurban Qurbanov Azərbaycan Premyer Liqasının son turunda “Şamaxı”ya qarşı matçda Mustafazadəni start heyətdə meydana buraxdı.
Bu gün isə vacib kubok finalı öncəsi o, mətbuat konfransına məhz Bəhlulla birlikdə gəlib. Futbolçu həlledici matç öncəsi oyunla bağlı fikirlərini də bildirib.