Rusiya neftinə tətbiq edilən sanksiyalardan sonra gəmilər boğazlarda qalıb – İCMAL

image-16111501047882605693backend

Qərbin Rusiya neftinə qoyduğu məhdudiyyətdən ən çox təsirlənən ölkələrdən biri də Türkiyə olub. Britaniyanın “Financial Times” qəzeti Qara dənizdən gələn Rusiya neft tankerlərinin boğazlarda ilişib qaldığını və Ankaranın bütün gəmilərdən “yeni sığorta zəmanəti” istədiyini yazıb.

Qərb ölkələrinin Rusiya neftinə qiymət həddi tətbiq etməsindən sonra dünya mətbuatında Rusiyadan gələn neft tankerlərinin Türkiyə sahillərində yığılıb qaldığı barədə xəbərlər yayılıb.

İngiltərənin aparıcı nəşrlərindən olan “Financial Times” Boğazdan keçməyi gözləyən təxminən 19 neft tankerinin sıraya düzüldüyünü və Boğaz yaxınlığında sıxlığın olduğunu bildirib. Neft ticarəti ilə məşğul olan qurumlar və peyk görüntülərinə görə, gəmilər Türkiyə sularından keçməyi gözləyərkən, Ankara bütün gəmilərdən “yeni sığorta zəmanəti” tələb edir.

Qərb hökumətləri Rusiyanın Ukraynada apardığı işğal siyasəti səbəbindən Moskvanın neft gəlirlərini məhdudlaşdırmaq üçün cümə günü Rusiya neftinin ixracına 60 dollar/barel hədd tətbiq edib. Rusiya isə bu qiymət qərarına qlobal enerji bazarlarında qeyri-sabitliyə səbəb olacağı bəhanəsi ilə qarşı çıxıb.

Bununla paralel olaraq, Financial Times-a danışan neft şirkətlərindən dörd menecer Türkiyənin gəmilərdən yeni sığorta sənədləri istədiyini bildirib. Noyabrın 29-dan bəri gözləyən gəmilərin İstanbul və Çanaqqala boğazları yaxınlığında lövbər saldığı bildirilib.

Müraciətlə əlaqədar Qazaxıstan gəmilərinin, eləcə də Qara dənizdən gələn Rusiya neft gəmilərinin gözlədiyi qeyd edilib.

Gəmiləri risklərdən sığortalayan London P&I Club, Türkiyənin qoyduğu tələblərin normal hallarda tələb olunan məlumatlardan uzaq olduğunu açıqlayıb. Agentlik hətta sanksiyalar altında belə bir zəmanət verməyin mümkün olmadığını açıqlasa da, Agentliyin baş direktoru Nik Şou problemin həlli üçün aidiyyatı qurumlarla müzakirələrin davam etdiyini bildirib.

ABŞ Maliyyə Nazirliyinin rəsmisi Türkiyənin yeni siyasətinin gəmilərin boğazlardan keçidini poza biləcəyindən xəbərdar olduqlarını və daha əvvəl də Rusiya nefti ilə bağlı narahatlıqlarını Türkiyə rəsmilərinə çatdırdıqlarını bildirib.

Qeyd edək ki, Financial Times daha əvvəl Rusiyanın 100-dən çox tanker aldığını və Qərbin sanksiyalarına qarşı “kölgə donanması” yaratdığını yazıb. Xəbərdə Türkiyənin donanmanın prioritet marşrutları arasında olduğu, kölgə donanmasının Rusiya neftinin daha böyük alıcısına çevrilmiş Hindistan, Çin və Türkiyə kimi ölkələri təchiz etmək üçün istifadə ediləcəyi bildirilib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90