Laçın rayonunda hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçu Axundov Səxavət Fərasət oğlu Xaçmazda dəfn edilib.
Busaat.az AzərTac-a istinadən xəbər verir ki, şəhid Səxavət Axundov doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Sayad kəndində son mənzilə yola salınıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Kənd qəbiristanlığında torpağa tapşırılan şəhidin məzarı üstünə əklil və gül dəstələri qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan Bayrağı şəhidin atasına təqdim edilib.
Səxavət Axundov hərbi xidmətə 2022-ci ilin oktyabrında yollanıb. Bu ilin aprel ayında hərbi xidməti başa vuracaqdı. Qardaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.
Xatırladaq ki, yanvarın 4-də Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.