İstər Azərbaycan, istər Rusiya və istərsə də Ermənistan cəmiyyəti Soçi görüşündən müəyyən qədər ümidli idi ki, öz ölkələrinin milli maraqlarına uyğun nəticələr əldə edilə bilər.
Bu gözləntilər hər tərəfdə fərqli nüaslardan ibarət idi. Məsələn, ermənilər gözləyirdi ki, Qarabağla bağlı elə bir razılaşma əldə edilsin ki, bu razılaşma qondarma dövlət üçün müstəqil dövlət olmağın yolunu açmasa da, ən yüksək statusu almağa kömək etsin. Azərbaycan cəmiyyəti istəyirdi ki, görüşdən sonra Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında sülh müqaviləsinin imzalanması istiqamətində yekun addımların atılması razılaşdırılsın. Rusiyada isə, gözlənilirdi ki, nə Azərbaycan, nə Ermənistan tərəfinin maraqları deyil, Rusiyanın diqtəsi qəbul edilsin.
Əslində hər üç tərəfin maksimum hədəfləri istiqamətində razılaşma qəbul edilməyib.
Digər tərəfdən, razılaşmada bundan əvvəl imzalanmış müqavilələrin, xüsusilə 10 Noyabr bəyənnaməsinin həyata keçirilməsinin zəruriliyi qeyd edilib. Əlbəttə, zəruridir. Həm də bu müqavilə razılaşdırılmış şəkildə həyata keçirilərsə, bu Azərbaycanın suverenliyinin bərpası deməkdir. Amma ki…
Azərbaycan Rusiya və Ermənistan tərəfinə haqlı olaraq sual ünvanlaya bilər: Əgər ki, bu müqavilənin həyata keçirilməsi barədə razılığa sadiqsiniz, niyə iki ildir Ermənistan tərəfi bundan imtina edir və Rusiya Ermənistana təzyiq göstərmir?
Belə demək mümkünsə, əslində razılaşmanın bu müddəası da Rusiya və Ermənistanın vaxt qazanmaq ssenarisidir.
Diqqətdən qaçmayan bir digər məqam odur ki, Soçi görüşündən əvvəl həm Xankəndidə, həm də Rusiya liderinin dilindən Azərbaycana qarşı təzyiq mesajlarını davamlı görürdük. Bütün bunlar ona hesablanmış addım idi ki, görüş zamanı Azərbaycanı fikrindən döndərmək və hansısa güzəştlərə məcbur etmək mümkün olsun. Görünür, qarşı tərəflərin bu niyyətləri də baş tutmayıb. Ən azından, hazırki razılaşma Azərbaycana ciddi nəsə vəd etməsə də, onun öz mövqeyini qoruduğunu göstərir.
Əslində Soçi görüşü, ümumiyyətlə uğursuz alınsa da, anti-Azərbaycan addımlarının fonunda hazırki razılaşma Azərbaycan tərəfinə sərfəli də sayıla bilər. Düzdür yekun sülh sazişi, bölgədəki seperatçıların tərk-silah edilməsi, Ermənistan ordusunun qalıqlarının ərazidən çıxarılması kimi müddəalar ələ alınmasa da, masada iki regional rəqibə qarşı tək olan rəsmi Bakının öz mövqeyindən cüzi olaraq güzəştə getməməsi belə hazırki çətin geosiyasi məqamda uğurlu sayılmalıdır. Çünki, günlər əvvəl Rusiya tərəfi ermənilərin bütün istəklərinə razı olacaqlarını demiş, görüş öncəsi Qarabağdakı seperatçı rejim isə, öz gələcəklərini Rusiyasız düşünmədiklərini qeyd etmiş və Moskvadan dəstək istəmişlərdi…
Təbii, artıq təsəvvür etmək çətin deyil ki, Soçidəki görüşdə Ermənistan və Rusiyanın mövqeləri az-çox üst-üstə düşmüş, rəsmi Bakı isə, bütün hallarda əks qütbdə dayanmışdı…
Yeri gəlmişkən, Ermənistan Baş naziri Nikol Paşinyan da indi Qarabağ məsələsində məsuliyyəti öz üzərindən atır, seperatçıların əli ilə bölgəni Rusiyanın təsir dairəsinə salaraq, burada ən azı 15-20 illik sülhməramlı missiyanın təşkilini uyğun görür. Bu o deməkdir ki, Ermənistan qarşıdakı 15-20 ildə kifayət qədər güclənə bilməyəcəyinin fərqindədir və güclənəcəyi zamanı gözləyir. O zamana qədər Qarabağdakı separatçı rejimə dəstək verə biləcək tək güc mərkəzi var – Rusiya.
İndi isə, rəsmi Bakı bütün bu oyunların fərqində olaraq, bölgədə nəzarəti tamamilə öz üzərinə alacaq addımlar atmalıdır. Qarabağdakı sülhməramlı missiyanın nəinki 15-20 davam etməsinə şərait yaradılmalı, əksinə bu missiyanın mümkün qədər tez tamamlanması istiqamətində ciddi tədbirlər görülməlidir.
Qarabağda nəzarət Bakıya keçməli, oradakı seperatizm bitməli və günahkarlar Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət Məcəlləsinin qayda və qanunları ilə ittiham edilib cəzalandırılmalıdır.
Çünki artıq açıq-aşkar bəllidir ki, qarşı tərəflərin planları yaxın vadədə uğursuzluğa düçar olacağı üçün, onlar uzun vadədə, ən azı 15-20 il sonrakı zaman fasiləsində real addımlar atmağa hazırlaşırlar…
Ancaq buna etibar etmək olmaz. Bu zaman hər an qısala bilər. 15-20 illik sonraya hesablanan planlar tezləşə və 15-20 aylıq zamana sığdırıla bilər. Unutmaq lazım deyil ki, Ermənistan çox zəif olsa da, onun yetəri qədər güclü havadarı var…
Busaat.az/Həşim Səhrablı