Sosial şəbəkədə mübahisə edərək görüşüblər – Şagirdin qətlinin təfərrüatı
Xəbər verdiyimiz kimi, ötən gün paytaxtın Sabunçu rayonu ərazisində 16 yaşlı yeniyetmə H.Quliyev öz həmyaşıdı Y. Mirzəyev tərəfindən kəsici alətlə qətlə yetirilib. Bu gün hadisənin həmin rayonda yerləşən 71 nömrəli tam orta məktəbdə şagirdlər arasında baş verməsi ilə bağlı iddialar yayılıb.
Busaat.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gün 15:30 radələrində dərsdənkənar vaxtda qeydə alınıb. Qətlə yetirilən şəxs 71 nömrəli məktəbin XI sinif şagirdidir. Hadisəni törədən şəxs isə məktəbli deyil, ötən il lX sinifdən sonra təhsilini davam etdirməyib.
İlkin araşdırmalar zamanı məlum olub ki, onlar arasında sosial şəbəkədə mübahisə yaranıb. Daha sonra yeniyetmələr yer təyin edərək görüşüblər. Bu zaman Y. Mirzəyev həmyaşıdının bud nahiyəsinə bıçaqla zərbə endirib. Xəsarət ölümcül olmasa da, bıçaq zərbəsi digərinin vena damarını kəsib və o, çoxlu qan itirib. 16 yaşlı oğlan xəstəxanaya çatdırılsa da, vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərərvurma-ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb. Cinayətdə şübhəli bilinən şəxs polis tərəfindən müəyyən edilərək saxlanılıb.
Loading...