Busaat.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq HƏMAS-ın İsrailə hücumlarından sonra İsrailin cavabının mütənasib olması və mülki vətəndaşların qorunması lazım olduğunu bildirib.
“Müharibə qaydaları və mütənasiblik tələbi var. Bunu bir çox müttəfiqlər dilə gətirib”,- Stoltenberq deyib.
Stoltenberq NATO-nun mənzil-qərargahında keçirilən NATO Müdafiə Nazirləri Toplantısının sonunda jurnalistlərin suallarını cavablandırıb.
HƏMAS-ın İsrailə hücumlarından sonra İsrailin cavabının mütənasib olmasının vacibliyini bildirən Stoltenberqə İsrailin Qəzzaya su, qida və yanacağın kəsdiyi xatırladılıb. Həmçinin, bunun mütənasib bir cavab olub-olmaması, əks halda NATO-nun nə edə biləcəyi soruşulub.
Stoltenberq NATO-nun məsələyə birbaşa aidiyyəti olmadığını, lakin bu gün məsələni müzakirə etdiklərini bildirib.
İsrailin müdafiə naziri Yoav Qallantın NATO müdafiə nazirlərinə son vəziyyətlə bağlı brifinq verdiyini deyən Stoltenberq şok videolar gördüklərini, buna görə də HƏMAS-ın İsrailə hücumlarını və mülki şəxslərə hücumlarını pislədiklərini söyləyib.
İsrailli nazirin brifinq videosunda hansı görüntüləri gördükləri ilə bağlı suala Stoltenberq bildirib ki, görüntülər həftə sonu həyata keçirilən hücumlardan və həyatını itirənlərdən göstərilib.
“Bu görüntülərin nə qədərinin ictimaiyyətlə paylaşılacağı İsrail səlahiyyətlilərinin bildiyi bir məsələdir. Onların bəziləri artıq dərc olunub”, – Stoltenberq ifadə edib.
Stoltenberq həmçinin deyib ki, İsrail özünü müdafiə etmək hüququna malikdir, müttəfiqlər HƏMAS-ın götürdüyü girovları azad etməyə çağırır və İsrailə düşmən olan ölkələr münaqişədən yararlanmağı düşünməməlidir.