Sürücülərin mütəmadi pozduğu qaydalardan biri də piyada keçidləri ilə bağlıdır. Bəzən onlar piyada keçidi üzərində avtomobillərini saxlayır, digər hərəkət iştirakçılarına, o cümlədən vətəndaşlara narahatlıq yaradırlar.
Bu cür davranışlar qanunvericiliklə necə tənzimlənir? Belə sürücüləri hansı cəzalar gözləyir?
Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, sözügedən hallar adətən parklanma zamanı baş verir:
“Sürücülər nəqliyyat vasitələrini nizamsız formada, harda gəldi park edirlər. Bunun əsas səbəblərindən biri də dayancaqların düzgün seçilməməsidir. Bəzən vətəndaşlar səkilərdə, yolun ortasında, yaxud uyğun olmayan və parklanma zonası ayrılmayan yerlərdə gözləməli olurlar. Avtomobillərini bu ərazilərdə saxlayan sürücülər isə insanların həyatını da riskə atır. Xüsusilə belə hallar azyaşlılar və valideynlər üçün təhlükə vəd edir”.
Ekspert məsələnin qanuni tərəflərini də izah edib:
“Qanunvericiliyə görə, piyadalara yol verməyən şəxslər 3 bal 60 manat miqdarında cərimə oluna bilərlər. Dayanma-durma qadağan edilən ərazilərdə qeydə alınan qanun pozuntusu isə sürücülərə 40 manata başa gələ bilər”.