Tarix qoxan MALAZGİRD və onun XATİRƏSİ – REPORTAJ – FOTO

image-315520033_8963255107025908_6014715036798159897_nbackend
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist, o cümlədən mən də Türkiyəyə səfər etdik. Səfərimiz çərçivəsində bu ölkənin tarixi-mədəni və turizm bölgələri ilə tanış olmaq imkanına sahib olduq.
Səfərdən öncə Türkiyənin hər diyarının, hər nöqtəsinin həm tarixi-mədəni, həm də turizm baxımından gəziləcək, görüləcək yerlər olduğu barədə çox eşitmişdim.

Ancaq necə deyərlər, yüz eşitmək bəs etməz, bir dəfə görmək yaxşıdır.

Gördüklərim onu deməyə əsas verdi ki, Türkiyənin istər tarixi-mənəvi mirası, istərsə də turizm üçün əhəmiyyətli bölgələrinin sayı o qədər ki, burada yaşayan bir insan üçün bu kimi yerlər normal qarşılanır. Təsəvvür edin, Muş, Bingol, Tunceli, Elazığ və İstanbul kimi beş şəhərlə tanış olmaq fürsətimiz oldu ki, bu şəhərlərin hər birinin özünəməxsus tarixi, mədəniyyəti və turizm nöqtələri ilə qarşılaşdıq.

Burada Türkiyə dövlətinin öz tarixi-mədəni keçmişinə verdiyi dəyəri xüsusilə qeyd etmək lazımdır. Çünki bütün tarixi abidələrə baş çəkdiyimiz zaman görürdük ki, min ilə yaxın yaşı olan bir neçə abidəni ziyarət etdik. Bu abidələrin restavrasiyasına baxdıqda yəqin etmək asandır ki, dövlət tərəfindən tarixi məkanların qorunmasına xüsusi diqqət yetirilir və bu abidələrin restavrasiyası zamanı əsas diqqət abidələrin orjinallığının qorunub saxlanılmasına yönəlir. Bu isə, həmin abidələrin tarixi-mədəni ruhunu qoruyub saxlamaqla füsunkarlığını daha da artırır.

Xüsusilə tarixi Malazgird meydan savaşının xatirəsini əbədiləşdirən abidələr diqqətimi daha çox çəkdi. Malazgird tək türk dünyasının qalib gəldiyi çoxsaylı döyüşlərdən biri deyil. Bu döyüş eyni zamanda dünya tarixinin şəkillənməsində, türklərin Amadoluya giriş qapısının açılmasında müstəsna rola malik bir döyüşdür.

image-265c2d51-6f31-4b0f-89c7-428955aa6ad9

1071-ci ildə baş verən Malazgird döyüşü türk tarixinin ən mühüm zəfərlərindən biridir. Bu müharibənin sonunda Anadolunun qapıları türklərin üzünə açıldı. Beləliklə, Osmanlı İmperiyasına və bununla da Türkiyə Cümhuriyyətinə gedən yolda ilk addımlar atıldı. Malazgird döyüşünün necə aparıldığı, səbəbləri, əhəmiyyəti və nəticələri haqqında ətraflı məlumat verməyi özümə borc bilirəm.

Malazgird döyüşü türklərin gücünü bütün dünyaya göstərməsi üçün çox önəmlidir. Müharibə Böyük Səlcuqlu Dövləti ilə Bizans İmperiyası arasında 26 avqust 1071-ci ildə baş verdi. Böyük Səlcuqlu dövlətinin hökmdarı Sultan Məhəmməd Alpaslanın komandanlığında 50 min nəfərlik türk ordusu Bizans imperatoru Diogenin komandanlığında olan 200 min nəfərlik ordunu Malazgird düzündə məğlub etdi.

Malazgird döyüşü necə baş verdi?

Dəndənakan müharibəsi ilə Böyük Səlcuqlu dövlətinin əsasları qoyuldu. Yeni dövlət fəth planları çərçivəsində qərbə doğru hərəkatlara başladı. Anadolunu türk vətəni etmək də bu planın bir parçasıdır.
Səlcuqlu qüvvələri Sivasa qədər gəlib Bizans qalalarını və istehkam yerlərini ələ keçirdilər. Türklər Sivasa gələrək basqınlar və fəthlər etdikdən sonra Bizans imperatoru IV. Diogen 1068-ci ildə Maraşa doğru irəliləsə də, qəti qələbə qazanmadan yenidən geri döndü.
Bundan sonra Bizans tərəfi daha güclü ordu ilə əks hücuma hazırlaşdı. İki ordu 26 avqust 1071-ci ildə Malazgird düzündə döyüşür və Səlcuqlular sayca çox az olsa da, Bizans ordusunu məğlub edərək imperatoru əsir götürdülər.

image-90d88fdc-2ff7-4970-8754-72a56ffdab3c

Malazgird döyüşünün əhəmiyyəti

Malazgird döyüşü türk və dünya tarixinin ən mühüm dönüş nöqtələrindən birini təşkil edir. Bu savaşla türklər böyük müqavimətlə qarşılaşmadan Anadoluya axışmağa başladılar. Hətta Ege və Mərmərə dənizi sahillərinə qədər irəliləyirlər. Onlar Anadoluda Saltuklu, Mengücüklü, Danişməndli, Dilmaçoğulları, Ahlatşahlar, Yinaloğulları, Çubukoğulları və Artuklu dövlətlərini qurdular.

Malazgird döyüşünün nəticələri

– Bizans imperiyası müharibədə məğlub oldu və imperator IV. Diogen əsir götürüldü.
– Anadolunun qapıları tamamilə türklərin üzünə açıldı.
– Anadoluda çox müqavimətlə qarşılaşmayan türklər Ege və Mərmərə sahillərinə qədər irəlilədilər.
– Osmanlı İmperiyasının və nəhayət Türkiyə Cümhuriyyətinin əsasları qoyuldu.
– Bizans imperiyası Anadolu üzərindəki hökmranlığını itirdi. Nəticədə o, Balkanlardan geri çəkilməli oldu.
– Bizans imperiyasının Abbasilər və İslam ölkələrinə təsiri və təzyiqi sona çatdı.
– Anadolunun şərq və cənub-şərq bölgələrində ilk Türk Bəylikləri qurulmağa başladı.
Belə böyük və zəngin tarixi düşündüyümüzdə Malazgirdin türklər üçün əhəmiyyətini anlamamaq mümkün deyil. Biz bu əhəmiyyəti Malazird döyüşünün yaşandığı ərazilərdəki canlı tarixlə sintez şəklində daha yaxşı anladıq.
Məsələn ərazidə yerləşən Malazgird qalası tarixin dərinliklərindən gəlməsi ilə birlikdə öz qədimi xüsusiyyətlərini də qoruyub saxlamışdır. 10-cu əsrdə Bizanslılar tərəfindən tikilmişdir. İslam qaynaqlarında “Berber qalası” olaraq xatırlanır. Onun əzəmətli görünüşü var. Qalanın şəhəri əhatə edən iki paralel qalası təmir edilmişdir. İslam mənbələrində bu qala həm İslamın ilk dövründə, həm də Bizans dövründə bir çox müharibələrə şahidlik etmişdir. Divarları təbii fəlakətlər nəticəsində dağılıb. Müxtəlif vaxtlarda təmir olunub.

Malazgird Muzeyi

Dini, milli, siyasi və hərbi nəticələri ilə Türk-İslam tarixinin ən böyük zəfərlərindən biri olan Malazgird zəfərinin qazanıldığı Malazgird ərazisində yerləşən Malazgird Muzeyi öz eksponantları ilə mahalın tarixindən bəhs edir.
Muş Muzeyinə bağlı bölmə olaraq 2021-ci ildə açılan muzeydə 1071 Malazgird döyüşünün tərəfləri olan Səlcuqlu Ordusu və Bizans İmperatorluğunun döyüş miniatürü ilə təsvir edilib.

image-fd3988a6-0601-4e6b-97b8-31696f04cabf

Muzeydə Osmanlı İmperatorluğunun padşahları və döyüş qəhrəmanları ilə bağlı vizual görüntülərlə yanaşı, Türkiyənin müxtəlif bölgələrini təmsil edən mədəniyyət nümunələri və Osmanlı dövrünün tarixini sərgiləyən Taksim tramvayı kimi əsərlər də sərgilənir.
Muzeydə həmçinin, Türkiyə Cümhuriyyət Dövrü döyüş qəhrəmanları bölməsində Bandırma Gəmisinin, Baş Komandan Mustafa Kamal Atatürkün heykəlinin və Cümhuriyyət dövrünün qadın qəhrəmanlarının fotoşəkilləri yer alıb.
1071 Malazgird zəfərindən bu günə qədər Türk-İslam tarixini vizual və müxtəlif mövzularla ifadə edən Malazgird Muzeyi yerli alət və avadanlıqlara, əl işləri və müxtəlif materiallara yer verərək ziyarətçilərin tarixi və mədəni şüurunu gücləndirməyi hədəfləyir.

Malazgird Zafer Anıtı

image-fd0199ba-2fb1-4b37-8a3d-60eca4f79868

Türkiyənin Mədəniyyət Nazirliyi və İncəsənət Baş İdarəsi tərəfindən tikilmişdir. Abidənin tikintisinə 1985-ci ildə başlanılıb və 1989-cu ildə başa çatdırılıb. Hündürlüyü 42 metr olan abidənin ərazisi rəsmi olaraq 230 hektardır. Abidə sütunları arasındakı boşluq türklərin Anadoluya açılan qapısını, sütunlar isə Anadolu qapısını təmsil edir.

Busaat.az/Ariz Həsənoğlu

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki