Busaat.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi İsrailin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) işğal olunmuş Fələstin ərazilərində fəaliyyətini qadağan etmək qərarına reaksiya verib. Nazirliyin yaydığı bəyanatda, İsrailin bu qərarının beynəlxalq hüququ açıq şəkildə pozduğuna diqqət çəkilib.
Bəyanatda həmçinin bu ifadələrə yer verilib: “İsrailin işğal və ilhaq siyasətlərinin yeni mərhələsi olan bu addımı pisləyirik.Bu qərar, İsrailin fələstinli qaçqınların geri qayıtma hüququnu ortadan qaldırmağı hədəflədiyini açıq-aşkar göstərir”.
Bəyanatda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən 1949-cu ildə yaradılan və BMT-yə üzv ölkələrin güclü dəstəyi ilə fəaliyyətini davam etdirən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin ən çətin şəraitdə belə milyonlarla fələstinliyə humanitar yardım çatdırdığı bildirilib.
“Bu kritik dövrdə beynəlxalq ictimaiyyəti BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə dəstək verməyə və regional sülh üçün lazımi addımları atmağa çağırırıq. Türkiyə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini dəstəkləməyə və Fələstin xalqının hüquqlarını qətiyyətlə müdafiə etməyə davam edəcək.”