Əslində, biz ölkələrin daxili siyasi məsələlərini qələmə almırıq. Dəyişən dünyada, formalaşan yeni dünya düzənində baş verən və baş verəcək ümumi dünyəvi məsələlərə işıq tutmağa çalışırıq.
Elə o səbəbdən də, uzun müddətdir Türkiyə və dünya gündəmin bir parçasına çevrilən seçkilər məsələsinə Türkiyənin daxili siyasi məsələsi prizmasından yanaşır, bu mövzuya toxunmurduq.
Ta ki…
Biraz düşününcə fərqinə varmaq oldu ki, Türkiyədəki seçkilər ilk baxışda bu ölkənin daxili siyasi məsələsi kimi görünür. Ancaq əslində, həmin seçkilər dünya siyasətinə yön verəcək, yaxud da müəyyən dəyişikliklərə səbəb olacaq qədər geniş aspektlərə sahibdir.
Bilirik ki, Türkiyə, onun İstanbulu dünyanın hərcəhətli mərkəzi sayılır. Bir sıra məsələlərdə birinciliyi əldən verən İstanbul bütün aspektlərdəki önəmi ilə dünyanın əsas şəhəri olmağı bacarır. Razılaşmayanlar yəqin edər ki, birinci olmasa da, birincilərdəndir.
Türkiyə dövləti isə özünün coğrafi mövqeyi, dövlət gücü və siyasi-diplomatik əhəmiyyəti ilə dünya siyasətinin əsas parçalarından biridir.
Bu gün Türkiyə dövləti ciddi siyasi-diplomatik manevrlər edərək, dünyadakı yeri və əhəmiyyətini daha da artırmışdır. Qərb ölkələri ilə dünyanın əsas hərbi alyansında (NATO – red.) ittifaq halında birləşən Türkiyə, Qərb və Şərq qarşıdurmasında maksimum itkisiz hərəkət edə bilən, müstəqil addımlarla irəliləməyi bacaran azsaylı dövlətlərdəndir. ABŞ-Britaniya mərkəzli Qərb blokunun Rusiya-Çin mərkəzli Şərq blokuna qarşı mübarizəsində Almaniya və Fransa kimi dövlətlər tam müstəqil addım atmağa ehtiyyat etdiyi halda, Türkiyə hər iki tərəflə sağlam əlaqələr qurur, hər iki tərəf ilə öz maraqları prizmasında ya razılaşır, ya da digər blokla mənfəət axtarışını davam etdirir. Ən qəribəsi isə, bu kimi addımlar Türkiyə üçün heç bir halda hərbi təhdid formalaşdırmır.
Daha çox rəsmi Vaşinqtonu qıcıqlandıran mövcud durum Türkiyəyə sadəcə iqtisadi zərbələr vurur, geosiyasi və diplomatik-siyasi, strateji məsələlərdə Türkiyənin qazanclarını artırır.
20 ildir sabit iqtidar olan Rəcəb Tayyib Ərdoğan və onun Ədalət və İnkişaf Partiyası (AKP) balansı elə qurub ki, heç kim Türkiyənin nazını çəkmək istəmir, ancaq onu itirməyin dünyəvi mübarizəni itirməyə bərabər olduğunu dərk edərək rəsmi Ankara ilə “mehriban” əlaqələr qurmağa çalışır.
Məhz ABŞ Türkiyədən Şərq blokuna qarşı mübarizədə rahat istifadə edə biləcəyini düşünürdü. Amma mövcud vəziyyət onu deməyə əsas verir ki, ABŞ-nin bu planları özünü doğrultmayıb, Türkiyə ABŞ maraqlarının deyil, özünün min illər davam edən dövlət gələnəklərinin izindən gedir.
Rusiya və Çin güclü Qərb blokuna qarşı mübarizədə Türkiyəyə vacib nəfəslik kimi baxır. Onlar Türkiyəni öz “xaos ittifaqı”na çəkməyə çalışırlar, ancaq hazırda Türkiyəni tam itirməkdənsə, öz maraqlarından çıxış edən Türkiyəyə üstünlük verirlər. Məhz bu səbəbdən, bu iki ölkə Qərb blokuna qalib gələ bilmək üçün Türkiyənin nazını “sevə-sevə” çəkirlər.
İqtisadi uğursuzluğa düçar olan AKP iqtidarı, ölkə daxilində, bir sıra daxili siyasi məsələlərdə yanlış siyasət yeritsə də, onun beynəlxalq arenadakı addımları kifayət qədər uğurlu olub. Türkiyəni nə Qərbin, nə də Şərqin izləyicisi edib. Türkiyəni öz maraqlarından çıxış edən dünya dövlətinə çevirə bilib.
Məhz bu səbəblərdəndir ki, Türkiyədəki seçkilər bütün dünyanın səbrsizliklə sonunu gözlədiyi dünyəvi məsələ halına çevrilib.
ABŞ, ümumiyyətlə Qərb bloku Cümhuriyyət Xalq Partiyasının (CHP) faktiki rəhbərlik etdiyi “Millət İttifaqı”nın qələbəsini istəyirsə, Şərq AKP-nin faktiki rəhbər olduğu “Cumhur İttifaqı”nın sandıq başından qalib ayrılmasına maraqlıdır.
Çünki Qərb anlayır ki, Ərdoğanın yenidən qələbəsi, Türkiyənin hazırkı siyasi xəttinin davam etməsi ilə nəticələnəcək. Bu isə, ən çox Qərbin maraqları ilə ziddiyyət təşkil edir. Şərq isə, Kılıçdaroğlunun qələbəsini təhlükə bilir. Çünki bu halda, Türkiyə Qərb ilə “barışmağa”, bu blokun maraqları ilə Türkiyə maraqlarını bərabərləşdirməyə çalışacaq.
Əslində deyə bilərik ki, Türkiyədə seçkilərdə tək şəxslər deyil, dövlətlər də yarışır.
“Yarışın qalibi kim olacaq?”, – sualını eşidirəm…
Bu sualın cavabını vermək üçün Türkiyədəki mövcud siyasi vəziyyətə nəzər salmalıyıq.
“Millət İttifaqı” namizədini elan edənə qədər faktiki qalib kimi görünürdü. Çünki türk xalqının bütün yaş qruplarının əksəriyyəti, “Mansur Yavaş və ya Ekrem İmamoğlu namizəd olacaq, qalib gəlinəcək”, – deyə öz namizədini seçmişdi. Yəni xalq “Millət İttifaqı”nı dəstəkləyəcəyini açıq-aşkar etiraf edir, ancaq əəvəzində bir şey istəyirdi: ya Mansur Yavaş, ya da Ekrem İmamoğlu namizəd olsun. Ancaq həmin ittifaq xalqın səsini eşitməzdən gələrək, şəxsi keyfiyyət və digər məsələlərdə adı çəkilən iki şəxsdən xeyli geridə qalan, xalq arasında az sevilən Kemal Kılıçdaroğlunu namizəd elan etdi. İYİ Partiya lideri Meral Akşener fərqində olmalı idi ki, əvvəlcə ittifaqdan ayrıldı, sonra Yavaş və İmamoğlunun prezident köməkçiləri təyin olunmasını qəbul etdirərək, ittifaqa geri döndü. Bununla, bu iki şəxsi namizəd qəbul etdirə bilməsə də, onların nüfuzundan xal toplamağı hədəfləyir.
“Cumhur İttifaqı” isə sırf iqtisadi uğursuzluqların, ölkədə artmaqda olan qanunsuzluq və özbaşnalıqların, yaşam şərtlərinin ağırlaşması və iqtidarın miqrant siyasəti nəticəsində ciddi nüfuz itkisi ilə üz-üzədir. Əlbəttə seçki kampaniyalarında namizədləri irəli və ya geri salan bu amillərdir. Yuxarıda dediyimiz kimi, iqtidarın beynəlxalq arenadakı uğurları ikinci planda qalıb.
Ona görə ki, bütün dünya ölkələrinə aid olan bir reallıq var: Geniş xalq kütlələri beynəlxalq siyasətdən uzaqdır və onları sadəcə iqtisadi faktorlar, yaşam standartları və təhlükəsizlik maraqlandırır.
Digər iki namizədddən biri, “ATA İttifaqının” namizədi Sinan Oğanın şansı çox aşağıdır. Milliyətçi Hərəkat Partiyasında (MHP) yetişən bu siyasətçi uzun müddətdir ki, partiya sıralarından ayrılıb və siyasi arenaya uzaq düşüb. Onun namizədi olduğu ittifaq ətrafında birləşən partiyaların nüfuzları da çox aşağıdır və az seçiciyə sahibdir.
Nəhayət, Türkiyə seçkilərində surpriz ad çıxa bilər: Dördüncü namizəd Muharrem İncə.
Heç bir ittifaqı təmsil etməyən, seçkilərə tək qatılan bu siyasətçi ən sonuncu prezident seçkilərində Rəcəb Tayyib Ərdoğana layiqli namizəd olmağı bacarıb. İndi isə, tək başına bir ittifaq qədər təsirə malik siyasətçi kimi qiymətləndirilir.
Üstəgəl, xalqın böyük əksəriyyətinin mövcud iqtidarı dəstəkləməməsi fonunda “Millət İttifaqı”nın köhnə AKP nümyəndələri ilə birlikdə bir ittifaqda birləşməsi də hər iki ittifaqın səslərinə təsir edə bilər. Amma bütün bunların yanında tək başına mübarizə aparan bir obraz – Muharrem İncə gənc və orta yaşlı nəslin nümayəndələri arasında ciddi sevgi qazanıb.
Aydın məsələdir ki, birinci turda qalib olmayacaq. İkinci turda isə, Ərdoğan mütləq şəkildə var. Çünki Ərdoğanın xalqın 20-25 faizlik hissəsində daimi səsi var. Hətta bu 30 faizlik göstəriciyə qədər arta bilər. Digər namizədlər arasındakı çəkişmələr də xalqı yenidən Ərdoğana səs verməyə razı sala bilər. Beləcə bu göstərici daha da artacaq. Onun ikinci turdakı rəqibi isə, an etibarilə namizədi olduğu ittifaqdan və Yavaş və İmamoğlunun reputasiyasından xal toplayan Kılıçdaroğlu ola bilər. Amma dediyim kimi, hər an surpriz baş verə bilər: İncə və Ərdoğan duelini təkrardan izləyə bilərik.
Hər iki halda isə Ərdoğanın seçkiləri qazanması yüksək ehtimaldır. Kılıçdaroğlunun şəxsi nüfuzunun və bacarıqlarının azlığı, xalqı dinləməyib özünü namizəd elan etməsi, İncənin isə ana müxalifət tərəfindən dəstəklənməməsi Ərdoğanı qələbəyə aparan əsas amillərdir.
Sinan Oğan bu nöqtədə həlledici ola bilər: Onun azsaylı seçicisi kimə yönəldiləcəksə, o az səslər yekundakı fərqi dəyişə, dəstəklənən tərəfi qalib edə bilər.
Qısası, Qərb blokunun maraqları Türkiyədə məğlubiyyətin astanasındadır. Amma Muharrem İncənin sonrakı addımları prosesi təməlli dəyişə bilər.
Həşim Səhrablı / Busaat.az