İran Ədliyyəsi 2020-ci ilin oktyabr ayından bəri İranda saxlanılan və mühakimə olunan, İsveç-İran ikili vətəndaşlığı olan Həbib Çaabı “yer üzündə fitnə-fəsad törətmək” ittihamı ilə edam cəzasına məhkum edib.
Busaat.az xəbər verir ki, “Yer üzündə fitnə-fəsad törətməkdə” və üsyançı qrup yaratmaqda təqsirli bilinən Çaab dekabrın 6-da ölüm cəzasına məhkum edilib.
İran Ali Məhkəməsinin qərarı qüvvədə saxladığı təsdiqlənib.
“Həbib Fərəcullah Çaabın “Nidal Hərəkatı” adlı üsyançı qrupun yaradılması, idarə olunması və rəhbərliyi ilə yer üzündə fəlakətlər törətməkdə və Xuzistan əyalətində çoxsaylı terror əməliyyatları hazırlamaqda və həyata keçirməkdə ittiham edildiyi edam hökmü Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılıb”, – Mizan Online məlumat verib.
Ölümə məhkum edilən Çaab 2020-ci ildə Türkiyəyə səfəri zamanı yoxa çıxıb. Türkiyədən verilən açıqlamada Çaabın qaçırılmasının arxasında İran kəşfiyyatının olduğu bildirilib.