“Türkiyənin sıxışdırılması ABŞ-ın qlobal hegamoniyasına böyük maneə törədəcək”

image-abd-turkbackend

“Amerika Birləşmiş Ştatlarının xarici siyasətinin indiki şəkildə davam etməsi, Türkiyə ilə münasibətlərin gərinləşməsinə səbəb olacaq və demək olar ki, hazırda alternativ yol görülmür. Buna görə də Bayden adminstrasiyası ilə Türkiyə rəhbərliyi arasında bu məsələlərin gərginliyə doğru inkişaf edəcəyi sürpriz deyil.”.

Bu sözləri Busaat.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev edib.

“Məlum olduğu kimi, bu iki ölkə arasında bir neçə problem var. Bu problemləri belə qruplaşdıra bilərik: Birinci məsələ PYD terror təşkilatı ilə bağlıdır. Belə ki, Suriyada PKK terror təşkilatına bağlı gücləri və onların qurduğu ortaq hökumətləri Türkiyə heç bir şəkildə qəbul etməyəcəyini açıqlayıb. Bununla da Obama dövründə başlayıb, Tramp dövründə davam edən bu məsələnin Bayden dövründə də davam edəcəyini gördük və Türkiyə bunu özünə milli təhlükəsizlik təhdidi kimi görür və bunun davam etməməsini istəyir. Bunun əvəzinə isə ABŞ Türkiyənin Rusiyadan “S-400” silahlarını almamasını istəyir və bu silahların alınması prosesinin NATO sistemlərinə zərər verəcəyini düşünür”-analtik vurğulayıb.

O, Türkiyənin bu proseslərə də cavabının bəlli olduğunu əlavə edib: “Birincisi bu sistemlər NATO sistemlərinə inteqrasiya edilməyəcək, ikincisi isə bu silahların alınma prosesi bir gündə baş verməyib. Yəni, Suriya müharibəsinin gedişində Birləşmiş Ştatlar öz “Patriot” müdafiə sistemlərini geri çəkdi, Türkiyəni Suriyadan atılacaq reketlər qarşısında müdafiəsiz qoydu. Ardınca, Almaniya da eyni addımı atdı. Avropa ölkələri və NATO üzvləri arasında yalnız İspaniya öz texnikalarını Türkiyədən çıxarmadı və nəticədə Türkiyə müdafiəsiz qaldı. Bundan sonra da ABŞ Türkiyəyə “Patriot” almaq üçün təklif verdiyini dedi, amma Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın öz çıxışlarında bildirdi ki, ABŞ-dan heç vaxt yaxşı təklif görməyiblər. Yəni, “Patriot” silahları ilə bağlı ABŞ-dan Türkiyəyə heç vaxt uyğun təklif gəlməyib. Təbii ki, bu məsələ də Türkiyəni “S-400” almağa məcbur etdi”.

“Üçüncü məsələ isə “CAATSA” embarqolarıdır. Belə ki, Türkiyəyə müəyyən sahələrdə müəyyən embarqolar qoyulur, lakin bu embarqolar zamanla böyüyə bilər və Türkiyə də bundan narahtdır. Lakin buna səbəb kimi, “S-400” silahlarının alınması və bir neçə məsələ göstərilir. Eyni vaxtda, Türkiyə hakimiyyəti Fətullah Gülənin Amerika Birləşmiş Ştatlarında olmasından narahat olduğunu və bunu özünə təhlükə kimi gördüyünü deyir. Beləliklə, tərəflərin qarşılıqlı olaraq bir-birinə toxunan hərəkətləri var. Hesab edirəm ki, hadisələr daha da eskalasiyaya gedəcək, tərəflər arasında münasibətlər pisləşəcək və daha sonra tərəflər ümumi həll yolları tapmağa çalışacaqlar. Çünki ABŞ-ın Yaxın Şərqdə Türkiyə olmadan hərəkət etməsi çətin olar. Yəni, ABŞ-ın Yaxın Şərqdə Türkiyə qədər güclü müttəfiqi yoxdur ki, bütün regiona nəzarət edə bilsin. Hər zaman demişəm ki, Yaxın Şərqdə Türkiyənin və İranın hər istədiyi olmaya bilər, lakin Yaxın Şərqdə Türkiyə və İranın istəmədiyi hadisə ola bilməz. Ona görə də, Türkiyə ABŞ-ın yanında olmasa, ABŞ yenə də bölgədə nəzarəti itirəcək. Türkiyə də artıq buna hazırlıq görür. Çünki ABŞ-ın demək olar ki, nəzərə almadığı İsrail hakmiyyəti Türkiyəyə yaxınlaşır, ABŞ-dan gələn demokratiya sanksiyalarının qoxusunu hiss edən Misir Türkiyəyə yaxınlaşır, Birləşmiş Ştatlardan embarqo görən Körfəz monarxları Türkiyəyə yaxınlaşır və belə bir məqamda Türkiyəsiz ABŞ siyasəti çox çətin ola bilər”-deyə, ekspert vurğulayıb.

image-turab
Turab Rzayev-siyasi şərhçi

Onun sözlərinə görə, tərəflər bir müddətdən sonra qarşılıqlı güzəştə gedəcəklər: “Ola bilsin ki, Amerika Birləmiş Ştatları PKK-a verdiyi yardımı dayandıracaq, əvəzində isə Türkiyədən “S-400” silahlarından istifadə etməməyi tələb edəcək. Yaxud da, tamamilə fərqli format düşünülə bilər. Məsələn, məlum olduğu kimi, Türkiyənin Suriyada, Liviyada, Krımda, Qarabağda və bir çox mövzularda Rusiya ilə fikir ayrılıqları var. Buna baxmayaraq, Türkiyə Rusiya ilə yenə də hərbi, siyasi əməkdaşlığı davam etdirir. Bir növ Türkiyə hal hazırda “hibrit siyasət” modelindən istifadə edir. Türkiyə bu modellə ABŞ-la da ortaq tərəflərdən istifadə edə bilər. Məsələn, yenə də Liviya və Suriyada müəyyən sahələrdə ortaq fəaliyyət göstərə bilərlər, həmçinin, İraqda terrorçuluğa qarşı birgə əməkdaşlıq edə bilərlər və s. Lakin hər şeyə rəğmən, Türkiyənin sıxışdırılması ABŞ-ın qlobal hegamoniyasına çox böyük maneə törədəcək və buna görə də ABŞ əvvəl-axır Türkiyəni nəzərə almağa borcludur”.

“Məsələn, Türkiyə hal hazırda Fransa və İtaliyanın ortaq istehsalı olan raketləri də almağı düşünür. Amma həmin raketləri Fransa Suriyanı bəhanə edərək gecikdirir. Türiyə bununla bağlı Fransa ilə danışıqlar aparır. Amma uzunmüddətli danışıqlar fayda verməsə, Türkiyə bunun alternativini Çindən idxal etməyə məcbur olacaq. Bu, yenə də ABŞ-la ortaq maraqlara təhlükə yaradacaq. Yaxud da Pakistan Türkiyədən yüksək sayda hərbi vertalyot alamq istəyirdi, lakin Amerikanın sanksiyalarına görə, Türkiyə satış edə bilmədi. Əgər, Türkiyə Paksitana vertalyot sata bilməyəcəksə, Pakistan bu məhsulları Çindən alacaq və bu da ABŞ-ın maraqlaırna zidd olacaq. Ona görə də ABŞ ideoloji xətti davam etdirməklə yanaşı, həm də real siyasətə qayıtmalı və Türkiyənin bölgədə əhəmiyyətini başa düşməlidir. Əks halda, bu, hər iki tərəfə zərər verəcək prosedur halını alacaq”-deyə, Rzayev fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib
Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90