Ukrayna müharibəsi: ABŞ Kremllə əlaqədə olduğunu təsdiqləyir – ARAŞDIRMA

image-220619-jake-sullivan-jm-0924-e73fdfbackend

ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan Ukraynadakı müharibəyə baxmayaraq, Vaşinqton və Moskva arasında rabitə kanallarının açıq olduğunu təsdiqləyib.

Busaat.az xəbər verir ki, Nyu Yorkda çıxış edən Sullivan Kremllə əlaqə saxlamağın ABŞ-ın maraqlarına uyğun olduğunu qeyd edib.

Lakin o, məmurların kiminlə əlaqə qurduğunun önəmli olduğuna diqqət çəkib.

Təhlükəsizlik müşavirinin bu bəyaanatı, Ağ Evin Sullivanın Ukraynada nüvə eskalasiyasının qarşısını almaq üçün Rusiya ilə danışıqlara rəhbərlik etdiyi barədə xəbərləri təkzib etməkdən imtina etdiyi bir vaxta təsadüf edib.

Daha öncə “The Wall Street Journal” iddia edib ki, cənab Sullivan son bir neçə ay ərzində rusiyalı həmkarı, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Kremlin xarici siyasət üzrə köməkçisi Yuri Uşakovla məxfi müzakirələr aparıb.

Adlarının məxfi qalmasını istəyən yüksək rütbəli məmurlar “The Wall Street Journal”a bildiriblər ki, həmin şəxslər Ukraynadakı müharibədə nüvə eskalasiyası riskindən qorunmaq yollarını müzakirə ediblər, lakin münaqişəni dayandırmaq yolları ətrafında heç bir danışıqlar aparmayıblar.

Ötən ay isə, Sullivan nüvə silahından istifadənin “Rusiya üçün fəlakətli nəticələrə səbəb olacağını” söyləyib.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Watson “The Wall Street Journal”ın xəbərini təsdiqləməkdən imtina edərək, “insanlar çox şey iddia edir” şəklində cavab verib. Öz növbəsində Kremlin sözçüsü Dmitri Peskov Qərb qəzetlərini “çoxsaylı saxtakarlıqlar dərc etməkdə” ittiham edib.

Lakin Ağ Evin mətbuat katibi Karin Jean-Pierre bazar ertəsi bildirib ki, ABŞ Rusiya ilə danışıqlar aparmaq hüququnu özündə saxlayır.

Sullivan Moskva ilə gizli dialoqların aparılması iddiasına cavab olaraq bildirib: “Moskva ilə əlaqə saxlamaq münaqişədən təsirlənən hər bir ölkənin maraqlarına cavab verir”.

Keçən həftə isə, “Washington Post” qəzeti yazıb ki, yüksək rütbəli ABŞ rəsmiləri Kiyevi Rusiya ilə danışıqlara açıqlıq nümayiş etdirməyə və prezident Vladimir Putinin hakimiyyətdə qaldığı müddətdə belə müharibənin dayandırılmasını müzakirə etməyə çağırıb.

Qeyd edək ki, son aylarda Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Ukraynanın dörd bölgəsini əlində saxlamaq üçün nüvə silahından istifadə edə biləcəyi ilə bağlı narahatlıqlar artıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki