Ukraynada tək həll yolu: Geriyə nüvə istifadəsi qalır – TƏHLİL

image-skynews-ukraine-graphic-nuclear_5690473backend

Hələ Krım yeni işğal ediləndə Qərb (ABŞ da buraya daxildir) dairələri anlayırdılar ki, soy kökü ehtibarilə qohum olan iki slav xalqı – ukraynalıları və rusları üz-üzə qoymağı bacarıblar. Əminliklə iddia edə bilərik ki, məhz bundan sonra, Qərb dairələri öz masalarında yeni planların ssenarilərini yazmağa başlayıb: bir-biri ilə üz-üzə gələn iki slav xalqı bir-birinə düşmən edib, bir-birinin əli ilə hər iki dövləti məhv etmək lazımdır. Bu plan möhtəşəm işlənmiş, ssenarisi səhvsiz tamamlanmış, praktikası isə qüsursuz həyata keçirilmiş olmalıdır ki, günümüzdə ən böyük hərbi xaosa çevrilən Ukrayna müharibəsi reallaşıb.

Qərbin ssenarilərini bu şəkildə açıqlaya bilərik: Ukrayna dövləti qurbandır, bu qurban və onun suverenliyi poliqona çevrilir və nəticədə Ukraynada böyük bataqlıq formalaşdırılır, Rusiya isə, qurbanı “qazanmaq istəyən”, buna görə bataqlığa düşəcək əsas hədəfdir. “Bəs məqsəd nədir?” dediyinizi eşidirəm…

Məqsəd hər halda ki hədəflə eynidir: Rusiya. Daha doğrusu, onun boş qalmış və istifadəyə yararlı geniş əraziləri, ən əsası isə, dünya əhəmiyyətli enerji resursları… Daha ciddi məqsədlər də ola bilər, ancaq ki, hazırda görünən və təxmin edilən məqsədlər bundan ibarətdir. İqlim və geosiyasi dəyişikliklər fonunda digər məqsədlərin planlaşdırılması da mümkün ola bilər.

Maraqlı bir nüans odur ki, Qərb dairələrinin planladığı bu ssenari onlar üçün heç bir ağrı, hansısa itki olmadan reallaşıb. Bu isə, Rusiyanın uzun illər formalaşmış dövlətçilik təcrübəsinə xələl gətirir. Çünki dünyanın ən yaxşılarından sayılan Rusiya kəşfiyyat orqanları necə ola bilərdi ki, Ukraynada hazırlanmış bu bataqlığın fərqində olmadılar və ya fərqində idilər, ancaq yenə də həmin bataqlığa daxil olmaq riskini qəbul etdilər?!

Hər halda, hərbi əməliyyatlar yeni başladığı zaman Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin ümumi narahatlığı onu deməyə əsas verir ki, bu müharibədə yekun qərar birbaşa Rusiya prezidenti Vladimir Putinin məsuliyyətindədir və hər şeyə o özü, bütün riskləri dəyərləndirərək qərar verib.

Ümumiyyətlə, Putin bütün dünyada diktator olaraq qəbul edilir və onun iqtidarı dövlət mexanizminin işləkliyindən çox, tək şəxsin qərarları ilə işləyən mexanizm olaraq dəyərləndirilir. Yəqin Qərb dairələri bunu da öncədən hesablayıblar ki, Vladimir Putin diktaturasının “bərkiməsinin” yolunu açsınlar, o öz ölkəsində bütün dövlət mexanizmlərini iflic etsin və hər şeyi tək ələ cəmləsin. Putinin inadkar və şəxsi ambisiyalara hesablanmış qərar vermə xarakteri isə, Qərbə imkan verəcəkdi ki, onlar gələcəkdə Rusiya kimi böyük dövlətçilik tarixi olan ölkəni asanca “Ukrayna bataqlığı”na çəkəcəklər. Haqsızdırlarmı?

İndi isə, Ukraynadakı hadisələr o dərəcə xaotik mərhələyə qədəm qoyub ki, dünyanın ikinci ən böyük ordusunun Ukraynada qələbə qazanmaq şansı yox dərəcəsinə enib. Rusiya hərbi əməliyyatlara başlayanda ilk 2-3 gün ərzində Ukraymanı ram edib, istəklərinə çatacağını planlamışdı. Hətta bu planlama rəsmi Kremldə o qəddər ciddi qəbul edilirdi ki, rus ordusu yolunun üzərindəki maneələri nəzərə almadan birbaşa Kiyevi hədəf seçmiş və Ukraynanın paytaxtına doğru böyük hərbi kolon istiqamətləndirmişdi. Ancaq sonrakı proseslər göstərdi ki, Rusiya siyasətçiləri nəinki yanılıb, əksinə Ukrayna onların gözlədiyindən daha hazırlıqlı və güclüdür.

Mövcud vəziyytət isə, Rusiyanın qələbə qazanması məsələsində ümumiyyətlə şans olmadığını göstərir. Ukrayna əsas strateji şəhərlərə nəzarəti ələ alıb, o Qərbdən əldə etdiyi son dərəcə müasir hərbi texnikaların sayəsində ordusunun gücünü və texniki təminatını artırıb, üstəgəl hələ bir neçə gün əvvəl Qərbin fərqli dairələrindən Ukraynaya yeni maddi yardımlar ayrılıb. Bu maddi yardımların həcmi isə, milyardlarla dollarlıq böyük vəsaitdir. Həmçinin ABŞ-ın Ukraynaya yardımı nəzərdə tutan Lend-Liz qərarı artıq qüvvədədir..

Doğrudur müharibədə qələbə tək maddi-texniki göstəricilərlə əldə edilmir. Burada sosial baza və psixoloji amillər bəzən maddi-texniki göstəricilərdən daha önəmli olur. Məsələ odur ki, Rusiya bu göstəricilərdə də açıq-aşkar geridə qalır. Son zamanlar ölkə daxilində müəyyən narazılıqlara rast gəlinir, bunun əksinə Ukraynada xalq, ordunun qazandığı uğurlardan ruhlanaraq qələbəyə inamını artırıb. Rusiya ordusunun canlı qüvvəsi isə, yaşanan böyük məğlubiyyətlər və ciddi itkilərdən sarsılıb, ordunun döyüş ruhu zəıdələnib. Ukrayna ordusunun canlı qüvvəsi isə, istər son zamanlar qazanılan uğurlardan, istərsə də beynəlxalq dəstəkdən ruhlanaraq daha inamlı döyüşür.

Bəs, Rusiya məğlubiyyətlə üzləşməyə belə asan razı olacaqmı?

Cavab sadədir: XEYR.

Rusiya rəsmiləri dəfələrlə qeyd edib ki, onlar öz maraqları və suverenliklərini qorumaq üçün lazım gəlsə nüvə silahını istifadə edəcəklər. Rusiyaya görə, Ukraynadan işğal yolu ilə qoparılmış Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələri onun suverenliyinə daxildir. Yəni Ukrayna bu bölgələri işğaldan qurtarmağa cəhd edərsə, o halda Rusiyanın ərazi bütövlüyünə müdaxilə etmiş sayılacaq. Bu isə, Putinin nüvə silahından istifadəsinə səbəb ola bilər.

Nüvə silahının istifadəsi barədə bəyənatlar təsadüfi sayılmamalıdır. Moskvada anlayırlar ki, artıq müharibədə normal yollarla qələbə qazanmaq mümkünsüz olub. Geri tək yol – nüvə silahının istifadəsi qalıb.

Əlbəttə, nüvə silahından istifadə tək Ukrayna və Rusiya üçün deyil, bütün dünya üçün xaos deməkdir. Hadisələr nəzarətdən çıxarsa, “Üçüncü Dünya Müharibəsi” ilə deyil, “Birinci və Sonuncu Atom Müharibəsi” ilə qarşılaşa bilərik ki, bu elə insanlığın sonu deməkdir.

Ancaq hər halda Qərb dairələri planlarını çoxdan hazırlayıblar. Fikir veririksə, bu günə qədər yaşanan bütün proseslərdə tək qazanan Qərb dairələridir ki, onlar bunun üçün nə bir əsgər itiriblər, nə də ki bir güllə atıblar…

Başlanğıcda dediyimiz kimi, eyni soydan və kökdən gələn iki qohum xalqı üz-üzə qoyaraq dünyanın yeni düzənini formalaşdırırlar. Rusiya kimi böyük dövlət Putinin şəxsi ambisiyaları və yanlış qərarları ilə belə ciddi geosiyasi oyunun hədəfi və məğlubuna çevrilib..

Nüvə silahının istifadəsinin zamanlaması o vaxtdır ki, Ukrayna Qərbdən yeni və daha dağıcdıcı silahlar əldə edib, Rusiyanın özününkü saydığı Krıma, yaxud da elə Rusiyanın özünün böyük şəhərlərinə dağıdıcı zərbələr vuracaq. İndi bu versiyalar mümkünsüz görünür, ancaq Rusiya məğlubiyyətlərlə üzləşdikcə, Ukrayna qərbdən dəstəkləndikcə və müharibənin davam etməsi hər iki tərəfdə əsəbləri tarıma çəkdikcə, siyasi dairələr məntiqli düşünmək yerinə nəticə əldə etməyə tələsəcək. Bu tələskənlik tərəfləri müharibəni tez bir zamanda həm də qələbə ilə bitirməyə sövq edəcək ki, bu halda ən radikal qərarların qəbulu belə məqbul hesab olunacaq.

Ümumiyyətlə, Ukraynada artıq gözəl hadisələrin baş verməsinə inanmaq, bu istiqamətdə ən xırda arzulara qapılmaq lazım deyil. Nə vaxta qədər ki, Ukraynada Zeleniski, Rusiyada Putin iqtidarları hakimiyyətdədir, o vaxta qədər siyasi-diplomatik həll yolları mümkün olmayacaq, tərəflər məqsədlərini döyüş meydanında reallaşdırmağa davam edəcək.

Savaşan Ukrayna və Rusiya, qazanan başda ABŞ olmaqla Qərb olacaq…

Busaat.az

Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki