“Ukraynada gedən müharibə səbəbindən ölkədə sabitliyin kifayət qədər zədələndiyini unutmaq olmaz”.
Bunu Ukraynada baş verən helikopter qəzası səbəbindən yüksək vəzifəli məmurların ölümünə münasibət bildirən politoloq Vüqar Əhmədov Busaat.az-a açıqlamasında deyib.
O, bildirib ki, hadisənin terror aktı olduğunu istisna etmək olmaz: “Qəzada yüksək vəzifəli məmurlar həlak olub. Hadisənin hərbi əməliyyatlar gedən ərazidən uzaqda baş verməsi hadisənin müharibə ilə bağlılıq ehtimalını aşağı endirir. Lakin hadisəni müəyyən qüvvələrin Kiyevə təzyiqi olaraq törətməsi ehtimalı mümkündür. Sözsüz ki, rəsmi Kiyev bunu hazırda ərazisində gedən müharibə ilə əlaqələndirəcək. Ukraynada gedən müharibə səbəbindən ölkədə sabitliyin kifayət qədər zədələndiyini unutmaq olmaz. Daha öncə də Ukraynada daxili qətllərin şahidi olduq. Acınacaqlı tərəf odur ki, həlak olanlar arasında azyaşlı uşaqlar da var, belə ki helikopter uşaq bağçasına yaxın ərazidə qəzaya uğrayıb”.
Politoloq hadisənin Ukraynaya təsirlərinə toxunub: “İstənilən halda bu hadisə rəsmi Kiyevə pxisoloji baxımdan ciddi təzyiq sayıla bilər. Son günlər biz bunu müharibə zonası ərazisində də açıq müşahidə edirik. Hal-hazırda Ukraynada vəziyyətin həm siyasi, həm də hərbi baxımdan kifayət qədər mürəkkəb olduğunu nəzərə alaraq dəqiq fikir yürütmək bir qədər çətindir. Lakin belə vəziyyətlərdən daxili qüvvələrin də öz xeyirlərinə yararlanmağa çalışdığı məlumdur”.
Ələsgər / Busaat.az