Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması necə reallaşacaq? Bölgəmizə sülhü hansı danışıqlar platforması gətirəcək?
Bu suallarla bağlı siyasi şərhçi Kənan Rövşənoğlu Busaat.az-a şərhində bildirib ki, Qafqazda sülhün necə əldə olunacağını indi demək öncəgörmə olardı, çünki hər şey dünyadakı siyasi proseslərdən asılı olacaq:
“Ötən 26 illik atəşkəs dövrü də göstərdi ki, 3 paytaxtın vasitəçiliyi dövründə Cənubi Qafqazda sülh əldə etmək mümkün deyil. Rusiya köhnə imperiya ərazisi olaraq Cənubi Qafqazı özünün təsir zonası sayır və burdakı proseslərin öz nəzarətində olmasını istəyir. Düzdür, digər ölkələrin vasitəçi kimi regiona gəlməsinə maneə ola bilməyib və bilmir. Amma təşəbbüsü əldən vermək istəmir.
Bu səbəbdən Moskva indi də Ermənistan-Azərbaycan sülh prosesinin özünün nəzarətində olmasını və onun maraqları kontekstində həll olunmasını istəyir.
Burda Rusiyanın əlini gücləndirən amil hər iki ölkə ərazisində Rusiya ordusunun mövcudluğudur. Lakin indi Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları da Ermənistan-Azərbaycan sülh danışıqlarında aktiv iştirak edərək vasitəçiliyini həyata keçirir.
Qafqazda sülhün necə əldə olunacağını indi demək öncəgörmə olardı. Çünki hər şey dünyadakı siyasi proseslərdən asılı olacaq. Görünən odur ki, Bakı və İrəvan da Moskvanın bu müdaxiləçi yanaşmasından razı deyil. Amma açıq şəkildə imtina da edə bilmirlər. Buna görə də hər üç paytaxtda sülh danışıqları davam edir. Əlbəttə, Vaşinqton siyasi ağırlığını göstərərək tərəflər arasında sülh sazişinin imzalanmasına nail ola bilər.
Amma bu zaman Rusiyanın reaksiyası məlum deyil, daha doğrusu Moskvanın bu prosesi pozma imkanları çoxdur və bunlardan istifadə edə bilər. Əsas kart isə Qarabağ erməniləridir. Çünki Xankəndidəki ermənilər Moskvanın təsiri altındadır. Bu səbəbdən də danışıqlar prosesi uzanır və düşünürəm ki, uyğun beynəlxalq və regional şərtlər yaranana qədər uzanacaq”.
Busaat.az