Bugun.tv xəbər verir ki, Xaçmaz şəhərində “Bakı, Gəncə və Quba-Xaçmaz bölgəsində sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərindən istifadə imkanlarının yaxşılaşdırılması” layihəsi çərçivəsində treninq keçirilib.
Tədbir BMT-nin Qadınlara Qarşı Zorakılıqla Mübarizə Etimad Fondunun maliyyələşdirdiyi və “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilir.
Təlim Etika Akademiyasının direktoru Günel İbrahim tərəfindən keçilib. O, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzində dövlət müəssisələrində çalışan işçilərə əlilliyi olan qadınlara qarşı zorakılıq hallarından danışıb. Belə həssas qrupdan olan şəxslərlə davranış qaydalarının əslində necə olmasından bəhs edib.
G.İbrahim Xaçmazda təşkil olunan tədbirlə bağlı Bugun.tv-yə müsahibə verib. “Məqsəd dövlətin, vətəndaş cəmiyyətinin və özəl qurumların iştirakı ilə ictimai yerlərdə əlilliyi olan qadınlara və qızlara münasibəti dəyişdirmək, əlilliyi olan qadınlara və qızlara qarşı zorakılıq hallarının qarşısını almaq, əlçatanlığı və onlar üçün dövlət xidmətlərinin keyfiyyətini artırmaqdır”.
Təlimdə sağlamlıq imkanları məhdud qadın və qızlarla davranış qaydaları üzrə treninqlərin keçirilməsi, eləcə də əlilliyi olan şəxslərlə etik ünsiyyətin qurulması, onlara diqqətin göstərilməsi ilə bağlı dövlət müəssisələrinin işçiləri və xidmət personalına praktiki tövsiyələr verilib. Eyni zamanda əlilliyi olan qadın və qızlar və onların ailə üzvləri üçün faydalı olan müxtəlif dövlət xidmətləri haqqında məlumat verilib.
Xaşmazda keçirilən tədbirdə ümumilikdə 27 nəfər iştirak etdilər.
Qeyd edək ki, layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Quba rayonlarını əhatə edir. İcrası isə 2022-ci ilin sentyabr ayından növbəti ilin avqust ayına qədər (cəmi 36 ay) nəzərdə tutulur.