“Xaraba konsulluğu” və “viran İran” reallığı – TƏHLİL

image-irerbackend

 İranın Qapanda yeni başlayacaq konsulluq fəaliyyətini sözün hər iki mənasında “Xaraba konsulluq” adlandıra bilərik:

Birincisi, hər nə qədər tələsik verilmiş bir qərar olsa da, heç olmasa binanın xarici görünüşünü “xaraba” imicdən çıxarmaq üçün elementar təmir işləri aparmaq olardı;

İkincisi və ən əsası, Qapandakı bu konsulluğun bundan sonraki istənilən fəaliyyəti nəticəsiz olacaq. Bölgənin hazırki geosiyasi və hərbi vəziyyəti bunu sübut edir.

Öz dövlət müstəqilliyini qoruya bilməyən Ermənistan – sərhədlərinin mühafizəsini kənar ölkələrə həvalə edən cılız və məğlub ordu sahibi bir ölkə İrana nə qədər faydalı tərəfdaş ola bilər?!

Sualın ritorik olması sizi çaşdırmasın, rahat şəkildə bu sualı özünüzə verin və məntiqli cavablar axtarın…

Eyni zamanda, gəlin xatırlayaq. Bir vaxtlar “Altılıq platforması” siyasəti var idi. Bunu “3+3 formatı” olaraq da xatırlaya bilərik: Bu formatda region dövlətlərinin – Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistanın bütün tranzit əlaqələri bərpa edib altı ölkənin birlikdə qarşılıqlı əməkdaşlığının genişləndirilməsi nəzərdə tutulurdu.

O formatın sonu necə oldu?…

İran və Ermənistan bu formatı məhvə apardı. Düzdür Gürcüstan onun ərazilərini işğal etmiş Rusiya ilə eyni masada əyləşmək istəmirdi, ancaq İranın bölücü fəaliyyətləri olmasa, Gürcüstanı razı salmaq mümkün ola bilərdi… Onsuz da, Türkiyə və Azərbaycan elə indi də Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir…

İran və Ermənistan isə, “3+3 formatı”na istəksiz yanaşdı. Başadüşüləndir. Format təsdiqlənsə və bölgədəki bütün tranzit yollar açılsa, burada qazananları da “3+3” kimi dəyərləndirmək olar: Azərbaycan, Türkiyə və Rusiya əsas qazanan tərəflər, İran, Gürcüstan və Ermənistan isə, nisbətən az qazanan tərəflər olacaqdı…

İndi kimsə qazanmır, ancaq ən azından rəsmi Tehran Türkiyə və Azərbaycanın da daha çox qazanmasının qarşısını alır. Ancaq özü də, əlavə qazanclarından məhrum olur…

Hələki hər şey, adı çəkilən 6 ölkənin xeyrinə nəsə vəd etmir eləmi?

Ancaq İranın bu destruktiv addımlarından qazanclı çıxanlar da az deyil: ABŞ və Fransa…

Sizə də nələrsə bəlli olmağa başlamırmı?

Məsələnin beynəlxalq tərəflərinə və dərinliklərinə enmək lazım deyil. Hər şey ortadadır. Mollakratiyanı İranda iqtidar edən nə bizik, nə İran xalqı. Bu gün rəsmi Tehranın addımları kimə faydalıdırsa, onlardır…

Qayıdaq Azərbaycanın bölgələrinin, Qarabağın işğalına…

Biz otuz ildir elə bilirdik ki, Azərbaycanın işğalını Ermənistan reallaşdırıb. Ancaq yalnız indi görə bilirik ki, əslində Ermənistan şahmat taxtasının piyadasıdır. Onun arxasında daha böyük qüvvələr var imiş: Qərbdəkilər və Rusiya-İran.

Əslində bu reallığı çoxdan görür, bilirdik. Sadəcə əvvəl maskalanmış və işğalın arxasında olduqlarını gizlətməyi bacarmış bu qüvvələri ifşa etmək üçün bariz sübutlar yox idi. Ta ki, Azərbaycan ordusu 2020-ci ildə Ermənistan ordusunu rüsvay edib işğala son verənə qədər…

Bu tarixdən etibarən isə, “ən ağıllı erməni” olan Baş nazir Nikol Paşinyan anlayıb ki, əslində Ermənistana havadarlıq edənlərin niyyəti “erməni xalqını düşünmək” deyilmiş. Onların tək niyyəti bölgədə öz milli maraqlarını qorumaqdır. Bu zaman isə, ermənilər sadəcə həmin qüvvələrin piyadası kimi çıxış edir.

Məhz bunların nəticəsidir ki, indi İran və Rusiya kimi ölkələr regionun əsas məsələlərinə birbaşa müdaxilə edirlər və bu zaman həmin ölkələrin, eləcə də Qərb dairələrinin siyasi niyyətlərini açıq-aşkar sezmək mümkünləşir.

Qeyd etmək lazımdır ki, indi Cənubi Qafqazda sülh və təhlükəsizliyi əsas təhdid edən tərəf kimi İran ilk sıradadır. Rusiya Ukrayna bataqlığına çəkilib və çox ciddi problemlərlə üz-üzə qalıb, Qərb dairələrinin Rusiya və Çin, həmçinin ümumi dünya siyasətində çox sayda ciddi problemləri var.

İran isə, bu nöqtədə biraz daha sərbəst addımlar ata bilir. Onun Çin və Rusiya ilə əlaqələri kifayət qədər normaldır. Qarşılığında ABŞ və Fransada kimsə anti-İran addımlara, yaxud da rejim dəyişikliyinə hazır deyil. İngiltərə, Türkiyə kimi ölkələr isə, yaşanan geosiyasi qeyri-müəyyənlik şəraitində yumuşaq diplomatiya ilə böyük qazanclar əldə etməyi hədəfləyir. Rəsmi Tehran isə, fərqindədir ki, onun ən böyük qazancı ancaq regional məsələlərdə ola bilər. Dünya siyasətində yerinin olmadığını anlayan bu böyük güc maksimum qazancından – regional güc olmaqdan əl çəkmək istəmir.

İran rejimi yaxşı anlayır ki, Türkiyə və Azərbaycan müttəfiqliyi Cənubi Qafqazda əsas söz sahibinə çevrilərsə, o halda onun regional güc imkanları da məhdudlaşacaq və bu rəsmi Tehranın siyasi sonu olacaq. Həmçinin uzun zamandır ki, İranda yaşayan Azərbaycan türklərinin milli dövlətçiliyini bərpa etməsi istiqamətindəki fikirlər də zaman-zaman artan templə yayılır və Arazın şimal tayındakı uğurlar, cənub tayında ciddi əks-səda, ruh yüksəkliyinə səbəb olur.

İranın isə, işini çətinləşdirən və onun anti-Azərbaycan, anti-türk siyasətini uğursuz edən başqa amillər də var: İranın dünya siyasətində məğlubiyyəti onu Ankara-Bakı müttəfiqliyi qarşısında aciz vəziyyətə salır, çünki Ankara və Bakı müttəfiqliyi hazırda dünya siyasətinin əsas oyunçuları halına gəlib.

Ancaq ən əsası, İran indi “viran İran”dır. Təsəvvür edin ki, buradakı heç bir millət, hətta farslar özü belə rejimi dəstəkləmir, sevmir və hətta rejimin devrilməsi üçün səy göstərən əsas etnik qrupların başında gəlir. Yəni “farsizm” siyasi ideologiyası ilə davam edən İran mollakratiyası hətta farsların özünə belə xoş deyil və istənilməz rejimdir. Kimsə onu sevmir, kimsə onu dəstəkləmir və istəmir.

Ata sözü kimi olmasın, istənməyən yerdə də çox dayanmazlar…

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki