“Təəssüflər olsun ki, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır. Buna səbəb isə bəzən xaricdə təhsil şirkətləri, bəzən isə tələbə məlumatsızlığı olur”.
Busaat.az xəbər verir ki, bu fikirləri “Yeni Sabah”a təhsil eksperti Kamran Əsədov bildirib.
Ekspertin sözlərinə görə, bəzi tələbələrin diplomu təhsil alma forması bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün tanınmır:
“Bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox qardaş Türkiyədə distant və ya fərdi (individual) qrafik üzrə təhsil almağa üz tuturlar. Bəzi xarici təhsil xidməti göstərən şirkətlər valideyn və abituriyentlərin məlumatsızlığından istifadə edərək onları bu formada təhsil almağa yönəldirlər. Bəli, həmin universitetlər Azərbaycan tərəfindən tanınır, ixtisas ölkəmizdə tanınır, amma təhsil alma forması bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün onların diplomları tanınmır. Sözügedən şirkətlər valideyn və abituriyentə Elm və Təhsil Nazirliyi tərəfindən bu tədris müəssisəsinin tanındığını göstərir. Hətta bu barədə nazirliyin müvafiq idarəsinin rəsmi saytında da məlumat var. Amma onlar unutmamalıdır ki, universitetin ölkəmizdə rəsmi tanınması onun təhsil alma formasının da tanınması demək deyil. Hal hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır. Amma bu formada təhsil alma hələ diplomun tanınması demək deyil. Qiyabi təhsil alanlar azı 15 gün, əyani təhsil alanlar isə 90 gün semestr ərzində həmin ölkənin ərazisində olmalıdırlar. Əgər tələbənin semestr ərzində təhsil aldığı müddət bundan az olarsa, diplomun tanınmasında imtina halı yaşanır”.
Mütəxəssis qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”-nın 3.7-ci bəndinə əsasən diplomların tanınmasına aid mənfi qərar bir neçə xüsusi hallarda verilə bilər:
“Tələbə ali təhsil müəsisəsində tələb olunan müddətdən az vaxt keçirdikdə. Bu prosedurdan əmin olmaq üçün Elm və Təhsil Nazirliyi tələbənin xarici passportunda ölkədən giriş-çıxış möhürlərinə diqqət edir və bununla da bilmək istəyir ki, tələbə həqiqətən təhsil aldığı ölkədə yaşayıbmı və kifayət qədər vaxt keçirib, yoxsa keçirməyibmi?! Buna görədə tələbələr çalışmalıdırlar ki, üzrlü səbəblərdən dolayı ölkədən giriş-çıxış etsinlər və diqqətli olsunlar.
Təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması, yəni sizin burada hər hansı bir dil sertifikatınızın olmalıdır. Bu situasiya ilə qarşılaşmamaq üçün sizin İELTS və ya TOEFL sertifikatınızın olması sizə çox köməklik edəcəkdir”.
Kamran Əsədov diplomların tanınması prosesində diqqət edilməli məqamlardan da danışıb:
“İlk növbədə, diplomunuzun tanınma müddəti minumum 6 ay və maksimum 2 il ərzində həyata keçirilir. Bu prosedur uzun müddətli həyata keçirildiyindən dolayı tələbələr ölkəyə qayıdan kimi elektron ərizə vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.
Əgər siz xaricdə qiyabi təhsil almısınızsa, xüsusilədə Türkiyə, Ukrayna və Rusiya ölkələrində diqqət etməlisiniz ki, hər 2 smestr, yəni 1 il ərzində ölkədən giriş-çıxış müddətiniz 30 günü keçməsin. Bu prosedur zamanı sizin telefonunuza mütəmadi olaraq bildirişlər gəlir. Məsələn, “Sənədlərinizin Ali təhsil müəssisəsinə göndərildi..” “Ali təhsil müəssisəsindən sənədlərinizə cavab gəldi..” və s. bu kimi mesajlar alacaqsınız. Təhsil aldığınız ali təhsil müəssisəsinin Agentliyin məktubunu cavablandırması da nostrifikasiya prosesinə aid edilir. Sizin diplomunuzun tanınması proseduruna təqdim etdiyiniz sənədlər universitetə göndərildikdə agentlik araşdırma edib ona uyğun olaraq müsbət və ya mənfi cavab verir. Buna əlavə olaraq qeyd etməliyəm ki, əgər sizin Agentliyə təqdim etdiyiniz sənədlərlə, təhsil aldığınız ali təhsil müəssisəsinin təqdim etdiyi sənədlər eyni olmazsa agentlik sizin diplomunzu tanımayacaqdır. Xarici diplomların Azərbaycanda tanınmasını həyata keçirdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) öz rəsmi saytında bildirir ki, tanınan universitetlərin siyahısı nə Təhsil Nazirliyi, nə də TKTA tərəfindən müəyyənləşdirilməmişdir. Yəni, tələbə xarici diplomların tanınması məsələsini düşünərkən universitet və ölkə seçimində sərbəstdir. Universitet və ölkə seçimi sərbəst olsa da, diqqət olunası məqam təhsil alacağınız universitetin öz ölkəsində tanınması ilə bağlıdır. Hər iki qurumun tövsiyə etdiyi ENIC-NARIC bazasından akkreditə olunan, yəni öz ölkəsi tərəfindən rəsmən tanınan universitetlərin siyahısını əldə edə bilərsiniz. Universitetin akkreditə olunması diplomun tanınması demək deyil.
İkinci əsas şərt, ixtisasların ekvivalentliyidir. Burada seçilən ixtisasın Azərbaycanda keçirilən ixtisaslara bərabər olmasıdır. Yəni, tələbə, hansısa bir xarici və öz ölkəsi tərəfindən tanınan universitetdə (hətta reytinqli olsa belə) istənilən ixtisasda təhsil ala bilməz. Tələbə magistratura planlaşdırırsa, o zaman bakalavr ixtisasına uyğun olaraq, qanunla müəyyənləşmiş magistatura ixtisaslarından birini seçmək hüququna malikdir. Eyni zamanda, bakalavr ixtisasının qanunla müəyyənləşmiş qaydada düzgün seçilməsi önəmlidir. Çünki tələbə xarici universitetdə bakalavr ya magistratura təhsili alıb, Azərbaycana qayıtdıqdan ona diplom tanınması barədə veriləcək şəhadətnamədə qeyd olunur ki, xaricdə aldığı təhsil Azərbaycanda tədris olunan hansısa ixtisasa bərabərdir.
Times Higher Education World University Rankings, QS World University Rankings, Academic Ranking of World Universities (Shanghai Ranking) və s. mənbələrdə universitetlərin təhsil keyfiyyəti barədə də məlumat əldə edə bilərik
TKTA diplomların tanınması üçün xarici pasporta vurulan ölkədən giriş-çıxış möhürlərini tələb edir. Daha sonra isə bu möhürlərin təsdiqlənməsi üçün Dövlət Sərhəd Xidmətinin müvafiq qurumuna müraciət olunur. Bunun məqsədi odur ki, TKTA tələbənin təhsil aldığı ölkədə yaşamasına və kifayət qədər vaxt keçirməsinə əmin olmaq istəyir. Çalışmaq lazımdır ki, üzrlü səbəblər istisna olmaqla, tələbə daha çox zamanını təhsil aldığı ölkədə keçirsin.
Digər və ən önəmli məsələ diplom və əlavəsinin leqallaşması ilə bağlıdır. Çox vaxt edilən apostil möhürü də leqallaşmanın bir növü sayılır. Məsələ budur ki, apostil möhürü yalnız Haaqa Apostil Konvensiyasını imzalayan ölkələr arasında keçərlidir. Əgər təhsil aldığınız ölkə bu siyahıda deyilsə, bu zaman diplom və əlavə həmin ölkənin qanunvericiliyinə uyğun olaraq leqallaşmalıdır. Leqallaşma mütləqdir, yəni bu möhür olmadığı halda, diplom tanına bilməz.
Yekun olaraq, əgər xaricdə tədris olunan ixtisas Azərbaycanda hər hansı bir ixtisasla ekvivalentlik (bərabərlik) təşkil etmirsə, təhsil qiyabi (Ukrayna xaric) və ya distant əsaslarla tədris olunursa, diplom və diplom əlavəsi leqallaşmırsa, universitet öz ölkəsində tanınmırsa, həmin diplomlar Azərbaycanda da tanınmayacaqdır”.