Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarı qüvvəyə minib.
Nazirlər Kabinetindən Busaat.az-a verilən xəbərə görə, qərara əsasən 2020-ci il 14 sentyabr saat 06:00-dan etibarən:
– Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir;
– Sentyabrın 30-dək digər ictimai nəqliyyat növləri kimi şənbə və bazar günləri Metropolitenin sərnişindaşıma fəaliyyətinə fasilə verilir;
– Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilir.
Sentyabrın 30-dək ölkə üzrə xüsusi karantin rejimi tətbiq edilmiş ərazidə aşağıdakı sahələrdə tətbiq olunan məhdudiyyətlər saxlanılır:
– yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış;
– ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları;
– “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu;
– dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi;
– bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla);
– tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili;
– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşə;
– istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;
– muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;
– iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti;
– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;
– tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti;
– idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
– masaj və hamam xidmətlərinin göstərilməsi;
Əlavə olaraq sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin aşağıdakı məhdudiyyətlər tətbiq edilir:
– nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması;
– ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi;
– 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətlərinin həyata keçirilməsi;
– çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;
– 2020-ci il 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.
Bu Qərarda qeyd edilmiş mədudiyyətlər istisna olmaqla bütün iş, xidmət və digər sahələrdə fəaliyyətə icazə verilir.