YAP-dan “The Guardian”a təkzib tələbi

image-yapbackend

“The Guardian” qəzetinin elektron saytında Erre Gálvezin müəllifi olduğu “Facebook bizim kimi ölkələrlə maraqlanmır”: Azərbaycan trol şəbəkəsi qadağadan bir neçə ay sonra geri qayıdır” sərlöhvəli məqalə dərc edilib.

YAP-dan “Qafqazinfo”ya verilən məlumata görə, məqalədə bütün məlumatlar birtərəfli, araşdırma və yoxlama aparılmadan, ittiham olunan tərəfin mövqeyi dinlənilmədən, balans qorunmadan dərc olunmuşdur. Çünki müəllif ancaq Azərbaycanda radikal müxalifətin nümayəndələrinə və müxalif “Azad söz” facebook səhifəsində aparılmış “araşdırmaya” istinad edib. Bununla da, məqalə müəllifi jurnalistikanın məsuliyyət, dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsiplərini pozub.

Məqalədə ədalətin pozulması, şəxsi mənfəət, tərəfkeşlik, qərəz, siyasi diskriminasiya, kompilyativ elementlər açıq şəkildə görünməkdədir. Müəllifin deyilən ittihamlara münasibət bildirməsi üçün Yeni Azərbaycan Partiyasına şərait yaratmaması, qeyri-peşəkar davranması, Azərbaycanın iqtidar partiyasının imicini bilərəkdən ləkələmək məqsədilə böhtan xarakterli informasiyaları dərc etməsi beynəlxalq jurnalistikanın etik normalarının, beynəlxalq qanunların kobud şəkildə pozulması deməkdir.

“The Guardian” qəzetinin redaksiyasının diqqətinə çatdırırıq ki, Yeni Azərbaycan Partiyasının 760 mindən çox üzvü var. Bu üzvlərin 300 minə qədəri gənclərdir. YAP-ın bu qədər üzvünün olması partiyanın trol qrupları saxladığını deməyə əsas vermir. YAP-ın və partiya sədri Prezident İlham Əliyevin bu qədər partiya üzvləri tərəfindən dəstəklənməsinə trol adının verilməsi də siyasi və hüquqi məsuliyyət kəsb edir. Rəsmən bəyan edirik ki, “Azad söz” facebook səhifəsində 06.03.2021-ci il tarixində dərc olunmuş postda rəyləri əks olunan feyk səhifələrin də YAP-a aidiyyatı yoxdur. Biz ehtimal edirik ki, bu saxta profil və səhifələrlə yazılan rəylər YAP-ın nüfuzuna zərbə vurmaq üçün müxalifət tərəfindən hazırlanıb.

Digər tərəfdən, “Azad söz” facebook səhifəsində yazılan rəylərin YAP-a aid olmasını sübut edən hər hansı fakt da yoxdur.

Bildiririk ki, Azərbaycanda sosial şəbəkələrdə, xüsusilə də facebook üzərindən trol şəbəkəsini Azərbaycan Xalq Cəbhəsi Partiyası yaradıb. Bu gün ən böyük trol şəbəkəsinə məhz onlar sahibdirlər. Bu faktı AXCP sədri Əli Kərimlinin müavini olmuş, hazırda müxalif Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də təsdiqləyib. O, 2014-cü ildə mətbuat konfransında deyib ki, təkcə Əli Kərimli və onun müavinlərinin yüzlərlə “saxta facebook profillər”i var. AXCP-də partiya funksionerlərinə “facebook”da yüzlərlə saxta profil yaratmaq tapşırılıb:

“Bəzilərinin 100-110 saxta profili var idi. “Facebook”da şərtlər sərtləşdirildikdən sonra onların yarısı bağlandı. Amma indi də partiyanın rəyasət heyətində təmsil olunan şəxslərin 30-40 saxta profili var”.

https://www.youtube.com/watch?v=0fqWdbldBUg

Bir sözlə, AXCP-nin trol fəaliyyətini ifşa edən faktlar çoxdur. “The Guardian” qəzeti obyektiv araşdırmalar aparmaqla dəqiq və düzgün qənaətə gələ bilər. Bu kontektsdə “The Guardian” qəzetinin Yeni Azərbaycan Partiyası haqqında təhrif olunmuş məlumatları yoxlamadan, dəqiqləşdirmədən dərc etməsi beynəlxalq məhkəmə predmetinə çevrilməkdədir. Bu səbəbdən də, “The Guardian” qəzetinin rəhbərliyindən tələbimiz ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası haqqında yazılan birtərəfli, böhtan xarakterli məlumatlara görə beynəlxalq jurnalistikanın etik qaydalarına və beynəlxalq qanunların tələblərinə uyğun olaraq rəsmi üzrxahlıq edilsin, təkzib çap olunsun.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90