Dünən, 20 Oktyabr tarixi Cənubi Qafqazın siyasi həyatında əhəmiyyətli günlərdən biri olaraq yazılıb. Bölgədəbaş verən geosiyasi hərarət, xüsusilə Azərbaycan-Türkiyə müttəfiq əlaqələrinə paralel olaraq Ermənistan-İran müttəfiqliyi güc göstərişi etməyə davam edib. Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunda beynəlxalq hava limanını istifadəyə verməsi, açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qatılması və Azərbaycan-Türkiyə liderlərinin birgə açıqlamaları ilə çox ciddi siyasi mesajların verilməsinin paralelində İran Xarici İşlər nazirinin və Rusiyaa Baş Nazirinin Ermənistana səfərləri bir sıra önəmli mətləblərdən xəbər verir.
Busaat.az həmin mətləblərin nə olması ilə bağlı politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib:
“İran bölgəni qatıb qarışdıran, bölücüklüklə məşğul olan, dini və milli ayrıseçkiliyi tətikləyən, qonşuları ilə, dindaşları ilə, dünya ilə, ümumiyyətlə hər kəslə müharibə vəziyyətində olan bir ölkədir. Mollalar havalanıblar desəm, yanılmaram. Hakimiyyətə gəldikləri vaxtdan bölgəni qan çalağına çeviriblər. Əvvəl Səddam Hüseyn rəhbərliyindəki İraqla müharibə etdilər, daha sonra Yəməndə qanlı döyüşlərə səbəb oldular, Suriyada xalqın istəmədiyi rejimi hələ də qoruyurlar, öz vətəndaşları ilə də dil tapa bilmirlər deyə, ölkədəki bütün millətlər üsyana qalxıb və mollakratiyanı devirmək istəyirlər. Gör nə günə qalıblar ki, özünü İslam və Şiə dünyasının lideri hesab edən, əslində dindən xəbəri olmayan mollalar Ermənistan kimi Şiə dünyasının düşməni, eyni zamanda on minlərlə azərbaycanlının qatili, bir milyondan çox soydaşımızı qaçqın salan və Azərbaycana qarşı təcavüzlərdən çəkinməyən Ermənistana hər cür dəstək verir, onun iqtisadiyatına kömək edir, hərbi dəstək verir. Hətta onu özünün qırmızı xətti hesab edir. Üstəgəl, Ermənistanın Qafan şəhərində tələsik konsulluq binası açır. Hansı səbəbə? O səbəbə ki, Azərbaycan Zəngilanda beynəlxalq hava limanının açılışını etdi. Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da bu açılışda iştirak etdi. Ərdoğan burada ciddi mesajlar verdi, Şuşada konsulluq açılacağını bildirdi və əlavə etdi ki, Zəngəzur koridoru mütləq açılacaq. Nəticə etibarilə, Azərbaycan və Türkiyənin bu qardaşlıq əlaqələri İranı narahat edib”.
Politoloq həmçinin, Rusiya Baş nazirinin Ermənistana səfərinə də münasibət bildirib: “Düşünürəm ki, Rusiya bu məsələlərə müdaxilə etmək niyyətində deyil. Onsuz da Ermənistan siyasi rəhbərliyi Rusiyadan qopmağa çalışır və onların sabah ilk satacaqları tərəf elə Moskva olacaq. Rusiya Baş nazirinin Ermənistana səfəri planlı xarakter daşıyır”.
Bögənin siyasi həyatındakı gələcək ehtimalları dəyərləndirən politoloq qeyd edib: “Bölgədəki əsas təhlükə mənbəyi İrandır. Qərb boş yerə bu ölkəni sanksiyalarla boğub, boş yerə mühasirəyə almayıb. Daxildə də insanlar artıq mollakratiyadan bezib, millətlər ona qarşı üsyana qalxıb. Rejim isə, dinc insanların haqq səsindən qorxaraq onlara qarşı represiv addımlar atır. Nəticə olaraq, İranda rejim həm daxili, həm də beynəlxalq məsələlərdə xaos içindədir. Bütün bunlar onu deməyə əsas verir ki, belə bir dövlətin çöküşü və parçalanması uzaqda deyil və yaxın zamanda o, tarixin zibilliyinə atılacaq.
Busaat.az