1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

image-avqust-2backend

Hər kəsə məlumdur ki,Azərbaycan dilinin tarixi qədim dövrlərə gedib çıxır.Ümumxalq Azərbaycan dili eramızın 5-ci əsrində

formalaşmışdır.Bu dövrün ən mükəmməl abidəsi “Kitabi-Dədə Qorqud”dastanlarıdır.Yazılı ədəbi dilimizin təşəkkülü isə IX-XI əsrləri əhatə edir.Şifahi ədəbi dil nümunəsi sayılsa da,1500 ildən artıq tarixi olan “Kitabi-Dədə Qorqud”un dili həm də kamil yazı nüçunəsidir.

Azərbaycan dili böyük inkişaf yolu keçmiş, qədim və zəngin ədəbi dillərdəndir. Dövlət dilimiz olan Azərbaycan dili son bir əsrlik dövr ərzində məqsədyönlü islahatlar nəticəsində lüğət tərkibini zənginləşdirib və dünya dilləri içərisində özünəməxsus yer tutub. Hazırda istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra istifadə edilib.Dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə diqqət yetirilən əsas sahələrdən olub. AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə, o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edilib. AXC öz dil siyasətini həyata keçirmək üçün təhsilin mühüm sahə olduğunu ön plana çəkərək 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verib. Aparılan islahatların məntiqi davamı kimi AXC-nin hərbi naziri Səməd bəy Mehmandarov 1918-ci il dekabrın 27-də ordu dilinin Azərbaycan- türk dili olduğu barədə əmr verib. 1919-cu ilin sentyabrından Azərbaycan dilinin öyrənilməsi üçün kurslar təşkil edilib,bu sahəyə vəsait ayrılıb. Parlamentin 1919-cu il avqustun 21-də keçirilən iclasında Bakı Universitetinin (indiki Bakı Dövlət Universiteti) açılması məsələsi müzakirə olunub, deputatlar çıxışlarında bu ilk ali məktəbdə təhsilin hansı dildə həyata keçiriləcəyini də müzakirə ediblər.Bakı Dövlət Universiteti 1919- cu il 1 sentyabrda Azərbaycan Xalq Cumhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir.

Lakin Sovet hakimiyyətinin işğalçılıq siyasətindən sonra 70 il Azərbaycanda kiril qrafikalı əlifbadan istifadə edilib.

Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra, yalnız

1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il

 

Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edilsə də, bu qərar uğurlu olmayıb. Nəhayət, respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edilib. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha da inkişaf etdirilməsi yolunda addımlar atılıb. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi layiqli yerini tutub.

Konstitusiyanın 21-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə dilimizin inkişafına xüsusi önəm verilib, bu istiqamətdə müxtəlif fərman və sərəncamlar qəbul olunub. Ana dilinə hər zaman həssaslıqla yanaşan, dilimizin dərin bilicisi olan Ümummilli Lider deyirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir.

Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi

mümkün deyildir”.

Ulu Öndər 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Dahi lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Bu gün Azərbaycan dili müstəqil bir dövlətin dilidir.Ana dilimizin qorunması və inkişafı dövlətin və dövlət başçısının diqqətində olan mühüm məsələlərdən biridir.Hər bir azərbaycanlı da öz növbəsində ana dilimizi qorumalı,inkişafı və zənginləşməsi üçün əlindən gələni etməlidir.Yalnız bu yolla dilimizi qoruya və nəsildən-nəslə ötürə bilərik.

 

Nərmin Abdurəhimova

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki