25 qat dünya çempionu: “Müharibədə iştirak etmədim, çünki…” – Şok müsahibə 

image-eduard_14backend

Əməkdar idman ustası, əməkdar məşqçi, 7 qat Avropa, 25 qat dünya çempionu, “Ağ Canavar” ləqəbli məşhur kikboksçu Eduard Məmmədov qonağımız olub.

Onunla müsahibəni təqdim edirik:

– Eduard bəy, öncə Qarabağdakı qələbə sevincinizi eşitmək istərdik.

– Uzun illərin həsrəti bitdi, Qarabağ Azərbaycandır! İllərdir münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində yüzlərlə görüş keçirildi, 30 il vaxt ötsə də də xalqın ümidi kəsilmədi. Ali Baş Komandan, cənab prezident İlham Əliyevə sonsuz ümid və inam vardı. Hər birimiz içimizdə “Qarabağ bir gün qayıdacaq” düşüncəsi ilə yaşayırdıq. Artıq o gün bu gündür!

Gözəl Azərbaycanıma qələbə necə də yaraşır! 44 gün ərzində cənab Prezidentin düzgün siyasəti nəticəsində torpaqlarımızı işğaldan azad etdik və böyük uğur qazandıq.

Əsgərlərimizlə fəxr edirik, 44 gün ərzində onlarla bilikdə idik. Mən polis əməkdaşıyam, polkovnik-leytenantam. Azərbaycan polisinə xidmət etdiyim üçün fəxr edirəm. Əlbəttə, müharibə vaxtı idmançı və polis işçisi kimi gənclərimizlə, əsgərlərimizlə birlikdə canımızdan keçməyə hazır idik.

– Bir çox idmançı həmkarlarınız həmin ərəfədə cəbhə bölgəsinə getdilər. Sizin Vətən müharibəmizdə missiyanız nədən ibarət oldu?

– Qeyd etdiyim kimi Daxili İşlər Nazirliyinin əməkdaşıyam. Bəzi məsələri açıq danışa bilmirəm, yəni biz burada olmalı idik. Əlbəttə, mən cəbhə bölgəsinə getməyi, gənclərimizə çiyin-çiyinə vuruşmağı çox istəyirdim. Rəhbərlik mənə məsləhət gördü ki, Bakıda qalım. Bununla belə, döyüşən gənclərimizə hərtərəfli dəstək oldum.

– İşğaldan azad edilən hansı şəhərimizə getmək istəyərsinizmi?

– Şuşaya getməyi həmişə arzulamışam. Ümumiyyətlə, işğaldan azad olunan bütün rayonlarımızı bir-bir gəzmək istəyirəm. Xüsusilə Kəlbəcərə, Laçına getmək arzum var. Şuşada böyük idman yarışlarının keçirilməsi yaxşı olar. Mən və tələbələrim yarışlarda iştirak edərik.

Ümumiyyətlə, Qarabağda beynəlxalq yarış keçirilməsini və xarici ölkələrin idmançılarının ora gəlməsini çox istəyərəm. Bizim idmançılarımız çox güclüdürlər.

Yeri gəlmişkən, Qarabağda böyük idman kompleskləri, idman zalları tikmək olar. Oranın çox gözəl təbiəti, havası, suyu var. Gələcəkdə işğaldan azad edilən torpaqlarımızda idman zalları fəaliyyət göstərsə, yaxı olar.

– Maraqlıdır, erməni rəqiblərinizlə qarşılaşanda onlarla milli ruhda, yoxsa sıradan rəqib kimi döyüşürdüz?

– Mənim erməni idmançılarla on döyüşüm olub. Hamısında vaxtından əvvəl qalib gəlmişəm, özü də nokautla.

Mən hər zaman rinqə gülə-gülə çıxıram. Psixoloji cəhətdən rəqibim haqqında düşünürəm ki, onsuz da səndə heç nə alınmayacaq, mən sənə qalib gələcəm. Rəqibin gözlərinə baxanda hiss edirəm ki, onda qorxu var. Amma erməni idmançılarının qarşısında gülə-gülə dura bilmirdim. Onlara həmişə nifrətlə yanaşırdım, gözlərinə baxanda parçalamağı düşünürdüm.

Mənim tələbələrim də mənfur düşmənlərimizlə dəfələrlə qarşılaşıblar və qalib gəliblər. Rinqdə onlara gücümüzü göstərmişik. Mən deyirdim ki, vaxt gələcək, öz gücümüzü Vətənimiz uğrunda mübarizədə də göstərəcəyik.

Ali Baş Komandamızın sayəsində torpaqlarımızı azad etdik. Bizim tələbələrimiz və Azərbaycan Kikboksinq Federasiyasının idmançıları cəbhə bölgəsində yüksək vətənpərvərlik və döyüş hazırlığı göstərdilər. Mənim məsləhətim budur ki, gənclərimiz daim idmanla məşğul olsunlar. Tələbələrim deyirlər ki, biz də sizi kimi erməniləri udmaq istəyirik. Dəfələrlə erməniləri nokauta salaraq qalib gəlmişəm.

2000-ci ildə 15 saniyədə erməni idmançının qarnının üzərinə iki zərbə vurdum və qalib oldum. Erməni idmançısı oturdu, ayağa qalxa bilmədi. Mən isə üçrəngli bayrağımızı əlimə götürdüm, bütün dünyaya nümayiş etdirdim. Hətta onların məşqçisi erməni idmançının üstünə qışqırdı ki, ayağa qalx, döyüş. O da cavab verdi ki, ayağa qalxa bilmirəm, istəyirsən, gəl, özün döyüş.

– Məğlubiyyətə ermənilərin reaksiyası necə oldu?

– Onlar həyatda necədirlərsə, rinqdə də elədirlər. Heç vaxt gözlərimə baxa bilmirdilər. Mən tanınmış idmançı idim və qorxurdular. Döyüşdə çirkin yollara əl atırdılar. Hakim “stop” deyəndə zərbə atmağa çalışırdılar. Mənim bir erməni rəqibim vardı, Zurab Farayan, Rusiyanı təmsil edirdi. Onu döyüşlərdə bir neçə dəfə udmuşdum.

Bir dəfə onun müsahibəsini oxudum. Demişdi ki, mən Eduard Məmmədovla yarışa çıxanda qalib gəlməyi yox, onu əzməyi düşünürdüm. Beləliklə, növbəti döyüşlərdə vuruşa bilməsin.

Onda mən başa düşdüm ki, ermənilərin məqsədi Eduard Məmmədovu udmaq yox, əzməkdi. Amma həmişə ermənilərə qalib gəlmişik və onları əməli-başlı əzmişik.

– Vətən müharibəmizdəki qələbəmiz beynəlxalq tribunaya necə təsir edəcək?

– Biz yarışlarda cənab prezidentin dəmir yumruğunu göstərəcəyik. Artıq ermənilər bizdən qaçacaqlar. Biz onları hərtərəfli sındırmışıq. Bundan sonra onların bizimlə üzbəüz gələcəkərinə inanmıram. Müharibədə olduğu kimi bizi görüb qaçacaqlar…

– Vaxtilə idman yarışlarında ermənilər sizə qarşı provokasiyalara əl atıblar?

– Başqa rəqiblə döyüşüm olanda qarşı tərəfə keçir, onunla əlaqə saxlayırdılar. Ola bilər ki, rəqimə mənim zəif yerlərimi bildirirdilər. İdmançı daim üzərində işləməlidir. Amma hər bir idmançının zəif yerləri də olur.

Ermənilər rəqibimlə dostluq edir, erməni bayrağı götürüb onlara dəstək olurdular. Uduzmağımı istəyirdilər. Mənə qarşı başqa provokasiya edə bilməzdilər. Mən rinqdə öz sözümü demişəm. Həyatda da nəsə səhv etsəydilər, cavablarını verərdik. Baxmayaraq ki, yarışa getmişik. Heç vaxt imkan verməzdik ki, bizim idmançılarımıza zərər yetirsinlər.

– Sizin idman sahəsinə gəlişiniz 1990-cı illərə təsadüf edir. O dövrdə müharibə, siyasi xaos var idi, ölkədə vəziyyət yaxşı deyildi. İdman sahəsinə gələndə hansı çətinliklərlə üzləşdiniz, hansı problemləri yaşadınız?

– O dövrdə vəziyyət çox çətin idi. İlk dəfə 1995-ci ildə Azərbaycan çempionu olmuşam. Bildiyiniz kimi bu günə qədər 15 dəfə Azərbaycan çempionu adını qazanmışam. 25 qat dünya, 7 qat Avropa çempionuyam. 17 yaşımda böyüklər arasında Azərbaycan çempionu olmuşam. Bir gündə üç ağır döyüş keçirib, qalib gəlmişdim.

Hazırda Adil Əliyev Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidentidir. Federasiyanın prezidenti Orxan Əliyevdir. Orxan müəllimə uğurlar arzu edirik. İnşallah, uğurlarımız qabaqdadır.

Mən idman sahəsinə gələndə fikirləşirdim ki, dünyada ən güclü idmançılar Brüs Li və Jan-Klod Van Dammdır. Sonra başa düşdüm ki, onlar aktyor imişlər… O dövrdə bizim çepionlarımız az idi. Biz kinolara baxıb, idmançı olmuşuq. Hazırda öz tələbələrimə də deyirəm ki, siz ilk növbədə özünüzə kumir seçməlisiniz. Şükür, çempionlarımız çoxdur, onlara baxıb məşğul olun.

Vaxtilə evimin divarları Jan-Klod Van Dammın və Brüs Linin şəkillərindən ibarət idi. Mən onlardan motivasiya alırdım. Mənə xoşdur ki, tələbələrimin evində şəkillərim var. Məndən motivasiya alırlar və özlərinə kumir seçirlər. Biz də çalışırıq ki, gənclərimizə düzgün yol göstərək. Onda sağlam və pis vərdişlərdən uzaq olacaqlar. Mən tələbələrimdən yaxşı oxumağı da tələb edirəm. İdmançıyam, kitab oxumaq lazım deyil kimi düşünmək olmaz. Hətta pis oxuyan tələbəni idmandan saxlamışam və yaxşı oxumağa məcbur etmişəm.

Mənim üç ali təhsilim var, Bədən Tərbiyəsi və İdman Akademiyası, Polis Akademiyası və Polis Akademiyasının tərkibində “İdarəetmə” fakultəsini bitirmişəm. Ona görə də tələbələrim qarşısında savadlı olmaq tələbi qoyuram. Savadlı idmançını udmaq çox çətindir.

Əgər idmançı savadlıdırsa, yarışda hər taktikadan istifadə edir və qalib gəlir. Mənim yüzdən çox tələbəm var. Daxili İşlər Nazirliyinin “Dinamo” Idman Cəmiyyətinin üzvüyəm. Yarışlarda “Dinamo”nun adından döyüşürəm. Baxmayaraq ki, “Ağ Canavar” adlı klubum da var və tələbələrim klubumun adından çıxış edirlər.

Onu da əlavə edim ki, yaxın günlərdə “Zv fight” adlı yeni klubumuz yarandı. Klubun prezidenti İdris Zakirovdur. Mənim tələbələrim bu klubun adından çıxış edəcəklər.

– Biz çox idmançıların ləqəbi var, sizi də “Ağ Canavar” kimi tanıyırıq. Ləqəblərin rəqib üzərində təsiri olurmu?

– Mənə “Ağ Canavar” ləqəbini müəllimim, əməkdar məşqçi, prezident təqaüdçüsü Çingiz Eyvazov verib. Biz onunla neçə illərdir çiyin-çiyinə işləyirik. Çingiz müəllimin həyatımda rolu böyükdür, həm müəllim, həm də dost-qardaş kimi. Onunla hər yarışda yeni taktika edirdik. Mənə balaca vaxtımdan canavar deyirdi.

Bir dəfə yarış var idi, Çingiz müəllim dedi ki, bu yarışın “Ağ Canavar”ı olacaqsan. Soruşdum ki, niyə ağ canavar? Cavab verdi ki, sən yarışın qalibi olacaqsan, çünki xarakterin canavara bənzəyir, zəhmətkeşsən, öz üzərində işləyirsən. Beləliklə, həmin yarışda çəkidə özümdən ağır idmançılara qalib gəldim və çempion oldum.

Onu da bildirim ki, neçə illər idi öz davamçımı axtarırdım. Tələbələrim sırasında dünya çempionları var – Anar Məmmədov, Zaur Məmmədov və s. Fikirləşirdim ki, öz ləqəbimi kimə verim?!

Yeniyetmələr arasında yeganə davamçım Amil Quliyevdir. WAKO versiyası üzrə yeganə dünya və Avropa çempionudur. Mən öz ləqəbimi Amil ona verdim, çünki xarakteri mənə oxşayır, çox zəhmətkeşdir. Bir məşqi də buraxmır. Ləqəbimi verəndə dedim ki, bu adı doğrultmalısan. O da dəfələrlə erməni idmançılarını udub. Yaşına baxmayaraq özündən güclü idmançıları məğlub edib.

Hazırda Amil Quliyev öz çəkisində Azərbaycanda və dünyada bir nömrəli idmançıdır. İnanıram ki, vaxt gələcək, onun uğurları daha çox olacaq. Bu gün də məşqlərini davam etdirir. Baxmayaraq ki, pandemiya dövrüdür, çöldə, parklarda məşq ediriki ki, formadan düşməyək. Bir ilə yaxındır idman zallarımız bağlıdır. İstəyirik ki, idman zallarımız açılsın. Çünki ev şəraitində və parklarda idman etmək çətindir. Hava da soyuqdur. Kinboks idman növünə idman zalı tələb olunur.

Bəzi uşaqlar məşq etməyəndə həvəsdən düşürlər. Hətta məşq etməyən və artıq çəki alan idmançılar da var. Nə qədər gec deyil, xahiş edirik ki, idman zalları açılsın, idmanımıza qayıdaq. Bütün şərtlərə əməl edəcəyik, məsafə saxlamaq, maska taxmaq və sair…

– Bəzən məşhur idmançılara döyüşdən əvvəl pul təklif edirlər ki, uduzsun. Siz belə hadisə ilə qarşılaşmısınızmı?

– İdmançıya heç kim yaxınlaşa bilməz ki, yarışda uduz, sənə filan qədər pul verəcəm. Kimsə bu haqda deyəndə mənə gülməli gəlir. Sən yarışa getmisən, alverə yox… Birincisi, sən şərait yaratmalı deyilsən ki, pul təklif etsinlər. Hakimləri pul müqabilində ala bilərlər. Yarışda hakimdən çox şey asılıdır, sənə iki dəfə xəbərdarlıq verəcək, heç nə edə bilməyəcəksən. Bu hal kinboksinq sahəsində də olub.

2009-cu ildə iki dəfə dünya çempionu olmuşam. Mən Bosniya və Hersoqovinada italyan idmançısı ilə döyşürdüm. Görürdüm ki, rəqibimi vururam, xal verilmir. Döyüşdə bir xal üstünlüyü ilə qalib gəldim. Düzdür, italyan idmançı da çox güclü idi. Başa düşdüm ki, oyun italyan idmançısına hesablanıb ki, udsun. Bir ay sonra Antalyada finalda yenə həmin idmançı ilə qarşılaşdım. Bu dəfə ona şans vermədim və qalib gəldim. Onda hakimlər də başa düşdülər ki, məni fiziki və psixoloji baxımdan sıxa bilməyəcəklər. Mən rəqibimdən güclüyəm.

2019-cu ildə də iki dəfə qalib olmuşam. Düzdür, elə döyüş olub ki, hakimlər məni uduzdurublar. Nə qədər çalışmışam, alınmayıb.

Mənə bir neçə dəfə başqa ölkənin adından döyüşmək təklifi gəlib. İspanlar və türk qardaşlarımız dəvət ediblər ki, gəl bir il döyüş, sonra məşqçi kimi çalış. Mən vətənpərvər insanam, həmişə demişəm ki, bir bayrağın altında döyüşəcəm və bildiyimi gənclərimizə öyrədəcəm.

– Bir çox ölkələrdə Rafael Ağayevin plakatlarına rast gəlinir. Ümumiyyətlə, dünyada azərbaycanlı idmançılardan daha çox kim tanınır?

– Rafael Ağayev mənim yaxın dostumdur. Karatenin “Qara Brilliantı”dır. Karate idman sahəsindən söhbət gedəndə Rafael Ağayev bir nömrə sayılır. Kikboksinqdən söhbət gədəndə isə Ramal Aslanovun, Ehram Məcidovun, Pərviz Abdullayevin, təvazökarlıqdan uzaq olsa da öz adımı da qeyd edə bilərəm. Çalışırıq ki, idmanımız və nəticəmizlə özümüzü göstərək.

– Sevdiyiniz film hansıdır?

– Ümumiyyətlə, Jan-Klod Van Damm və Brüs Linin filmlərini çox sevirəm. Onların filmlərinə baxa-baxa böyümüşəm. O filmlərə indi oğlum baxır.

– Kitab oxumağı sevirsiniz?

– Zamanında çox kitab oxumuşam. Daha vaxtımız olmur. Boş vaxt tapandı onu ailəmizə ayırmağa çalışırıq.

– Bəs, sevdiyiniz musiqi hansıdır?

– Biz idmançılar musiqisiz qala bilmirik, məşq zamanı musiqiyə qulaq asırıq. Mən yarışlara gedəndə himnimizi dinləyirəm. Öz tələbələrimə də himnimizin öyrənməyi və dinləməyi tövsiyə edirəm.

Mən təkcə motivasiya ilə özümdən güclü idmançılara qalib gəlmişəm. Gənclərimizə düzgün istiqamət və motivasiya verməliyik.

– Depressiyaya düşürsünüzmü və vəziyyətdən necə çıxırsınız?

– Biz depressiyadan məşq etməklə çıxırıq. Çalışırıq ki, depressiyaya düşməyək. Əlbəttə, ətrafında yaxşı dostların və düzgün müəllimin olanda səni güclü depressiya gözləmir. Müəllimim mənimlə müntəzəm danışırdı. İndi mən də tələbələrimlə eyni cür davranıram. Hiss edirəm ki, ovqatı yaxşı deyil, yaxınlaşıb danışmağa, hal-əhval tutmağa başlayıram.teleqraf

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90