image-345618ad1c04bf7de88712d8e4d94769backend

Revanşist qüvvələr hakimiyyətə gəlmək üçün istənilən üsulu məqbul sayır; “müharibə partiyası” sonuncu “patronu”nu da atdı;  ölkədə daxili böhran kritik həddə…

Kapitulyasiya sonrası Ermənistanda iqtidar-müxalifət didişməsi həlledici mərhələyə girib. Proseslər radikal ssenari üzrə inkişaf etməkdədir. 44 günlük savaşda darmadağın edilmiş bir ordunun baş qərargah rəisinin itaətsizlik göstərərək, baş nazir Nikol Paşinyanı istefaya çağırmasından sonra vəziyyət daha da qarışıb. Revanşist müxalifət, daha dəqiqi, “müharibə partiyası” əlini-əlinə sürtərək, hərəkətə keçib.

Paşinyan isə istefaya getməyə hazırlaşmadığını bəyan edib və bunu xalqın ona davam edən dəstəyi ilə izah edib. “Qoy məni xalq mühakimə eləsin, lap burada (meydanda – red.) məni güllələsinlər, ancaq bunu xalq etsin”, – deyə o, müxalifətin tələbini rədd edib. Eyni zamanda, erməni xalqına, tərəfdarlarına bir daha “məxməri inqilab”ın olmayacağını vəd edib.

*****

Bu yerdə xatırladaq ki, az öncə nüfuzlu “Gallup” şirkətinin apardığı sorğu baş nazirin ölkədə hələ də ən populyar siyasətçi olaraq qaldığını və onun reytinqinin hətta vahid namizəd Vazgen Manukyan da daxil olmaqla, müxalifət liderlərinin toplam reytinqindən böyük olduğunu üzə çıxarmışdı. Bu da sövq-təbii Paşinyanın əlini gücləndirir, ona əlavə mənəvi güc verir, müxalifətin permanent təzyiqləri qarşısında özünü daha inamlı hiss eləməyə stimulllaşdırır.

 

Müxalifət isə artıq sonuncu “patronu”nu da atıb – ordu rəhbərliyindəki öz adamlarını Paşinyana qarşı qiyama qaldırmaqla. Amma nəticə yoxdur. Lakin baş verən proseslərin nəticəsindən asılı olmayaraq, uduzan yenə Ermənistan olacaq. O səbəbə ki, dəfələrlə yazdığımız kimi, məğlub ölkənin xilası şəxslərə yox, qonşu Azərbaycan və Türkiyəyə münasibətdə düşüncə dəyişikliyinə bağlıdır. Bu isə hakimiyyətə iddialı namizədlərdə gözə dəymir.

Yenə başı daşdan-daşa dəyən Nikol Paşinyan bu yöndə nəsə edə bilər və deyəsən etmək də istəyir. Bundan əlavə, hərbi çevriliş baş tutmasa belə, Ermənistanın yalançı demokratik imici əməllicə zərbə alıb.

Beləcə, artıq üçüncü gündür qonşu ölkədə daxili siyasi təlatümlər yeni, daha kəskin fazasına girib. Ola bilsin, hakimiyyət-“müharibə partiyası” qarşıdurması bir az da uzansın. Çünki söhbət həm də Ermənistan uğrunda Qərb-Rusiya çəkişməsindən gedir.

*****

“Ermənistan ordusu Baş Qərargahının Paşinyanın istefasını tələb etməsi əslində Kremlin Paşinyana açıq xəbərdarlığıdır. Lakin burada digər məsələ Qərbin yanaşması olacaq. Mən düşünürəm ki, mövcud siyasi proseslərin fonunda Qərb Paşinyana dəstək verəcək və biz Ermənistanda Rusiya ilə Qərbin toqquşmasının şahidi olacağıq. İndiki halda Paşinyanın imkanları çoxdur. Daha dəqiq desək, onun əlini-qolunu bağlayan bir Qarabağ problemi yoxdur. Paşinyan indi daha sərbəst müstəqil xarici siyasət yeritmək marağındadır. Ermənistanda baş verənlər əslində Kremlin bu proseslərdən nə dərəcədə narahat olduğunun sübutudur”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov belə deyib (Axar.az).

“Nəhayət ki, Ermənistan ordusu meydana çıxdı, yoxsa çoxlarına elə gəlməyə başlamışdı ki, ümumiyyətlə ordu daha mövcud deyil. Ancaq özünü o, xarici müharibələrdə yox, daxili müharibədə sübut etməyə qərar verdi. Müxalifət Paşinyanı devirə bilmədiyi üçün ordu onun köməyinə gəlməyə çalışır”.

 

Bunu rusiyalı politoloq Qriqori Trofimçuk Vesti.az-a bildirib.

Onun sözlərinə görə, erməni hərbçilərinin hansı hədəfləri güddüyü və bunun arxasında kimin dayandığı hələlik bəlli deyil. “Ancaq onlar anlamalıdırlar ki, Paşinyanın generalla əvəzlənməsi Ermənistanı daha sürətlə və daha dərin uçuruma aparacaq”, – deyə ekspert xəbərdarlıq edib.

Vəziyyətin heç də Rusiyanın maraqları daxilində inkişaf etmədiyini, belə sensasiyalara Kremlin, ümumiyyətlə, ehtiyac duymadığını qeyd edən mütəxəssis baş verənlərin fonunda Azərbaycan üçün siyasi və hətta hərbi-siyasi manevr baxımından böyük bir meydan açıla biləcəyini də deyib. “Çünki ortada açıq-aşkar düşmən tərəfindən böyük bir bölgəni qarışdırmaq cəhdi var. Bu durumda Bakının necə qərar verəcəyi onun öz işidir”, – Trofimçuk əlavə edib.

*****

Lakin ən önəmlisi odur ki, ermənilərin yarıdan çoxu Nikol Paşinyanın yerinə gələnlərin ondan yaxşı olmayacağını bilirlər. Üstəlik də müxalifət liderləri arasında yeni, parlaq bir sima yoxdur – hamısı sırf hakimiyyət naminə əlləşir və demək olar, hamısı da vaxtilə yüksək dövlət postları tutanlardır. Elə vahid namizəd, sabiq baş nazir Vazgen Manukyan kimi.

“Ermənistandakı böhran final nöqtəsinə gəldi. Bütün hallarda itirən ermənilərdir. Paşinyan qalib gəlsə, ona qarşı çıxan bütün generalları istefaya göndərməli olacaq və ordu olan-qalan döyüş hazırlığını da uzun müddətə itirəcək. Paşinyanın rəqibləri onu hakimiyyətdən uzaqlaşdırmaq üçün hərbi çevriliş elan etsələr, o zaman Ermənistanın yalançı demokratik imicindən heç nə qalmayacaq və özünə Qərbdən dəstək alması çətin olacaq, iqtisadi yardım ən azı, müəyyən müddətə dayandırılacaq. Pandemiya dövründə bu, Ermənistanda onsuz da çətin vəziyyəti daha da gərginləşdirəcək”.

 

Bunu isə politoloq Rasim Musabəyov deyib.

*****

Şübhə yox ki, qonşu ölkədə cərəyan edən proseslər Azərbaycanda ən yüksək səviyyədə və diqqətlə izlənir.

“Bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər”.

 

Bunu Prezident İlham Əliyev srağagün Bakının Ramanı qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün yeni inşa edilən yaşayış kompleksinin açılışında etdiyi çıxışında, Ermənistandakı gərgin vəziyyətin fonunda bildirib.

Dövlət başçısı həmçinin deyib: “Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni müqavilələr imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaq”.

Bu, İrəvanda nəyin bahasına olur-olsun, hakimiyyətə qayıtmağa can atan “müharibə partiyası”na rəsmi Bakının ən sərt mesajı sayıla bilər. “Dəmir yumruq” yerindədir!..musavat.com

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90