
Putinin gizli silahı ortaya çıxdı: "O, nüvə silahından daha böyük təsirə sahibdir"
Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, bir müddət Pentaqonun yüksək rütbəli zabiti olmuş Rocer Pardo-Maurer diqqətəlayiq bir detal açıqlayıb.
Busaat.az xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu qəzetlərindən biri olan “Financial Times”a yazan ABŞ Müdafiə nazirinin keçmiş köməkçisi, ABŞ Xüsusi Qüvvələrinin üzvü Rocer Pardo-Maurer Rusiyanın son vaxtlar nüvə silahı ilə bağlı verdiyi açıqlamaları dəyərləndirib.
Pardo-Maurer Rusiya prezidenti Vladimir Putinin təhdidlərinin arxasında “elektromaqnit vibrasiya hücumunun” olduğunu ehtimal edib. Bildirilib ki, bu sistemlərlə Ukraynaya belə bir hücum olarsa, Kiyevin bütün informasiya müharibəsi sistemləri zədələnə bilər. Məqalədə indiyə qədər Rusiyanın Ukraynaya qarşı təhdidləri arasında nüvə silahlarından istifadənin mümkünlüyündən danışıldığını, ancaq indi başqa bir versiyanın da varlığı iddia olunub. Qeyd edilib ki, Vladimir Putinin istifadə etməyi düşündüyü başqa bir silah var. Bu silah taktiki elektromaqnit vibrasiya hücum vasitəsidir.
Silahların güclü enerji dalğası yaratdığını və qısa dalğalı elektrik sistemlərinə zərər verdiyini ifadə edən Pardo-Maurer bildirib: “Belə bir hücum kompüterlərə, generatorlara, peyklərə, radiolara, radar qəbuledicilərinə və hətta işıqforlara təsir edir. Rusiya bu silahdan istifadə edərsə, həm hərbi, həm də mülki infrastruktur sistemləri ciddi şəkildə zədələnə bilər”.
Rusiya dövlət televiziyalarında yayımlanan Rusiya rəsmilərinin canlı yayımda bu cür silahların necə istifadə oluna biləcəyi ilə bağlı açıqlamalar verdiyini və bu silahların Baltik dənizi üzərində istifadə oluna biləcəyinə işarə edildiyini qeyd edən ABŞ rəsmisi, taktiki nüvə silahlarının daha az təsir göstərdiyini, ancaq əvəzində elektromaqnit nüvə silahlarının çox daha böyük zərər verə biləcəyini söyləyib.
Bu cür silahların “Zirkon” qanadlı raketləri ilə istifadə oluna biləcəyi ifadə edilərkən, “Bunlar heç bir binanı yıxmır və heç kimi öldürmür. Lakin o, elektrik dövrələrini həmişəlik sıradan çıxara bilər” – deyə, xəbərdarlıq edilib.
NATO müttəfiqləri tərəfindən Ukraynaya göndərilən bütün müdafiə sistemləri, pilotsuz uçuş aparatları və bənzəri vasitələrin elektrik sistemləri olduğunu xatırladan Pardo-Maurer bildirib ki, elektromaqnit effekti peyklərin 90 faizini 3 ay ərzində istifadəyə yararsız hala sala bilər.
Busaat.az























