ABŞ prezidenti Co Baydenin administrasiyası işinin son günlərində Ukraynaya əhəmiyyətli hərbi yardım göstərəcəyini və Rusiyaya qarşı yeni sərt sanksiyaların tətbiqini vəd edib.
Busaat.az xəbər verir ki, bunu “The Guardian” Milli Təhlükəsizlik Şurasının nümayəndəsinin brifinqinə istinadən yazır.
Belə vədləri Baydenin müşaviri Ceyk Sallivan dekabrın 5-də Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermakla bir saatdan çox davam edən görüşdə verib.
Qəzet yazır ki, hərbi yardıma “yanvarın ortalarına qədər yüz minlərlə əlavə artilleriya mərmisi, minlərlə raket və yüzlərlə zirehli texnika daxil olacaq”.
Baydenin prezidentlik müddəti yanvarın 20-də başa çatacaq.
Bundan əlavə, Vaşinqton xaricdə əlavə ukraynalı əsgərlərin hazırlanmasını təklif edir.
Nəşrdə qeyd edildiyi kimi, mümkün sanksiyalar Kiyevin danışıqlarda mövqelərini gücləndirmək və Moskvaya qarşı hərbi əməliyyatlar keçirmək məqsədi daşıyacaq.