
ABŞ və Rusiya nüvə danışıqlarına başlayacaq
ABŞ və Rusiya nüvə danışıqlarına başlamaq üçün tezliklə məsləhətləşmə görüşü keçirəcək.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat verib.
Praysa görə, yaxın gələcəkdə ABŞ və Rusiya nüvə silahlarının azaldılmasını nəzərdə tutan “New START” (Yeni START) sazişi çərçivəsində qarşılıqlı məsləhətləşmələrə yenidən başlayacaq.
Məlumatda qeyd edilib ki, beləcə Rusiyanın Ukraynada taktiki nüvə silahından istifadə etmə ehtimalı sonrasında Moskva və Vaşinqton potensial nüvə təhlükəsinin qarşısını almaq üçün real addımlar atıblar.
Gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Prays qeyd edib: “Yeni START” Sazişinə uyğun olaraq, İkitərəfli Koordinasiya Komitəsinin yaxın gələcəkdə toplanacağı barədə razılaşdıq”.
Qeyd edək ki, Komitə sonuncu dəfə 2021-ci ilin oktyabrında toplaşıb və Rusiya bu ilin avqust ayında ABŞ-ın öz nüvə mərkəzlərində təftişlərə icazə vermədiyini əsas gətirərək Rusiyanın sazişi dayandırdığını elan edib.
2010-cu ildə imzalanmış “Yeni START” sazişi iki ölkənin sahib olduğu strateji nüvə başlıqlarını maksimum 1550-yə qədər məhdudlaşdırmağı nəzərdə tutub.
2021-ci ilin yanvarında ABŞ prezidenti Co Bayden vəzifəyə gəldikdən qısa müddət sonra iki ölkə müqavilənin müddətini 2026-cı ilə qədər uzadıb.
Busaat.az























