Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi iclası keçirilib.
Bu barədə “Qafqazinfo”ya açıqlamasında AKİ-nin katibi Əli İsa Cabbarov bildirib.
Onun sözlərinə görə, iclas zamanı Xalq yazıçısı Anar Rzayev mərhum Rüstəm İbrahimbəyovun yerinə Xalq artisti Rasim Balayevin namizədliyini irəli sürüb.
Əli İsa Cabbarov bildirib ki, iclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyib.
O qeyd edib ki, may ayının son ongünlüyündə, 20-30 may tarixləri arasında Azərbaycan Kinematoqrafçılar İttifaqının Ümumi iclası keçiriləcək və səsvermə rəsmiləşdiriləcək:
“İclasda, həmçinin Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlərin keçirilməsi müzakirə olunub. Təklif kimi Rüstəm İbrahimbəyovun məqalələrinin toplusu, sənədli film, Kino muzeyinin yaradılması təşəbbüsü göstərilir. Bu təşəbbüslərin müəyyən hissəsini Azərbaycan Kinematoqrafçılar İttifaqı öz hesabına maliyyələşdirəcək. Bəzilərinin reallaşdırılması ilə bağlı isə ölkə rəhbərliyinə müraciət olunacaq”.
Qeyd edək ki, AKİ-nin daha əvvəlki sədri Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada dünyasını dəyişib.