“”Altılıq platforması” həm Ermənistan, həm də digər dövlətlər üçün tarixi fürsətdir”

image-altiliqbackend

Məlum olduğu kimi, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə yeni bir platforma yaratmaq təklifi ilə çıxış etmişdi. Altılıq adlanan platformaya Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və İran daxil edilmişdi. Platformanın üzv ölkələr üçün müsbət inkişafa yol açacağı bildirilmiş və əsas müzakirə mövzularından biri olmuşdu.

Lakin platformaya daxil olan Ermənistanda baş verən siyasi böhran və ardıcıl iğtişaşlar platformanın reallaşaması ilə bağlı suallar doğurur. Hətta, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanda baş verən hadisələri şiddətlə qınadıqlarını və platformaya daxil olan ölkələrin birinin daxilində yaranan qeyri-stabil vəziyyətin platformanın həyata keçirilməsinin müddətini uzada, hətta reallıqdan kənarda qoya biləcəyini vurğulamışdı.

Maraqlıdır, Ermənistanda baş verən hadisələrin fonunda “altılıq platforması”nın reallaşması nə qədər realdır? Ümumiyyətlə, platformanın üzv ölkələrə hansı üstün cəhətləri olacaq?

Mövzunu Busaat.az-a dəyərləndirən Türkiyədə yaşayan azərbaycanlı politoloq, “TRT World” telekanalının siyasi analitiki Turan Qafarlı bildirib ki, Ermənistanda stabillik qorunmasa və yeni hakimiyyət revanşist fikirlərə malik olsa, bu, regional dövlətlər və Qarabağda sülhün bərqərar olması üçün uğurlu olmaz: “Ona görə də 10 noyabr üçtərəfli razılaşmasını imzalayan hökumətin qüvvədə qalması daha qəbulediləndir. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun səsləndirdiyi fikirlər də bununla bağlı idi ki, Ermənistanda hökumət dəyişikliyi olsa, üçtərəfli Bəyanat yerinə yetirilməyə və Altılıq platformasına xələl gətirilə bilər. Lakin mən bu platformanın qurulmasını vacib olduğu qədər, həm də real hesab edirəm”.

“Hətta, 1990-cı illərdə də belə bir platformanın qurulması üçün ilkin addımlar atılmışdı ki, Ermənistan Qarabağda işğalçılıq əməllərindən imtina edib regional əməkdaşlığa qoşulsun. Lakin bu, baş verməmişdi. İndi isə bu plan həyata keçirilə bilər və bu platforma həm Ermənistan, həm də digər dövlətlər üçün tarixi bir fürsətdir”-deyə, analtik vurğulayıb.

image-turan-qafarli

Onun sözlərinə görə, “altılıq platforması”nda əsas problem Gürcüstanla bağlıdır: “Çünki Gürcüstan Rusiyanın Gürcüstanda həyata keçirdiyi işğalçılıq siyasətinə görə Rusiya ilə əməkdaşlıq etmək istəmir. Ona görə, Gürcüstanın da platformaya qoşulması üçün bəzi addımlar atılmalı, xüsusən də Rusiya faktoru həll edilməlidir. Ermənistanda da Paşinyan hökumətinin qalması hər kəs üçün daha sərfəli olar. Təbii ki, mən platformanın rellaşmasını Ermənistan baxımından real görürəm. Çünki Nikol Paşinyanın tərəfdarları və güclü dəstəyi var. Yəni, Paşinyan hakimiyyətdə qala bilər və belə olacağı təqdirdə platformanın reallaşması daha ciddi görünür”.

“Lakin maraqlı bir məqam ondan ibarətdir ki, bu plafroma əslində, Qərbi regiondan xaric edir. Çünki Qərbdən heç bir ölkə platformaya daxil edilməyib. Ona görə də ABŞ-ın Bayden adminstrasiyasının da bu məsələyə necə yanaşacağına diqqət etmək lazımdır. Həmçinin, platformaya daxil olan ölkələr əməkdaşlığı daha ətraflı müzakirə etmək və inkişaf etdirmək istəyirlərsə, danışıqları zirvə görüşlərinə daşımaları daha məntiqli olar. Çünki danışıqlar quru sözdən ibarət olacaq və zirvə görüşlərinə daşınmayacaqsa, platformanın qısa müddətdə həyata keçməsi real görünmür”-deyə, Qafarlı əlavə edib.

Müəllif: Mərahim Nəsib
Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90