“Azərbaycan dünyada yeganə ölkədir ki, karantinin bir neçə növünü icad edib”-SOSİOLOQ

image-karantinabackend

“Karantin məsələsi artıq dünya üçün qlobal problemə və çıxılmaz vəziyyətə çevrilib. Çünki buna alternativ çıxış yolu da söylənmir. İnkişaf etmiş ölkələrdə də, ümumiyyətlə dünyanın hər yerində insanlar pandemiyadan, karantin qaydalarından imtina edirlər. Düzdür, virus var və bu, insanların sağlamlığı üçün təhlükəlidir. Lakin insanların sosial fəaliyyəti bəzən onun üçün bütün qorxulardan, təhlükələrdən üstün olur. Ona görə də insan bütün təhlükələrdən uzaqlaşmaq üçün müdafiə mexanizmi kimi sosial fəaliyyəti görür və ona görə də təhlükələrdən müəyyən müddətdən sonra imtina edir”.

Bu sözləri Busaat.az-a açıqlamasında sosioloq Sahib Altay deyib.

“Karantinin bütün dünyada müəyyən protokolları var ki, inkişaf etmiş ölkələrdə həmin protokollara əsasən karantin rejimi tətbiq edilir və edildi də. Belə ki, protokollara görə, karantin rejimi 15-30 gün arası dəyişir, sonra yumşalmalara gedilir və yenidən karantin qaydaları tətbiq edilir. Məsələn, hal hazırda Almaniyada karantin qaydaları şəhərlər üzrə tətbiq edilir. Yəni, bütün şəhərlərdə eyni vaxtda karantin rejimi tətbiq edilmir. Yaxud, İsveç, Cənubi Koreya demək olar ki, karantin tətbiq etmədi. Belarus da ilk dönəmlərdə karantin tətbiq etmədi. Yəni, dünyada ümumiyyətlə karantin etməyən, yaxud da ki, virusla mütəmadi olaraq mübarizə apararaq bu günə qədər yalnız yumşaq karantin qaydaları və müxtəlif vasitələrlə virusa qarşı müdafiə olunan ölkələr oldu”-deyə, sosioloq vurğulayıb.

O, karantin qaydalarının normal olmadığını da əlavə edib: “İnsan həm bioloji, həm də sosioloji varlıqdı. Obrazlı şəkildə desək, insan sanki bir quşdur və onun bir qanadı biologiya, digər qanadı isə sosiologiyadır. Təbii ki, onun iki qanadından biri kəsilsə, uça bilməyəcək. Çünki yaşamı məhdudlaşacaq. Eyni ilə insan da belədir. Çünki insan məhz sosial yaşamının nəticəsində ibtidai icma quruluşundan bu günə qədər ancaq yaratmaqla, fəaliyyət göstərməklə məşğul olub. Belə ki, insan bu günə qədər həm din yaradıb, həm elm yaradıb, həm hüquq yaradıb, həm sənət, həm texnologiya və s. şeylər yaradıb. Yəni, insan bu günə qədər yaratmaqla məşğul olub və indi də Marsa uçmaq istəyir. Çünki insanın bioloji təkamülü davam etdiyi kimi, sosial təkamülü də davam edir və insanın şüuru, təfəkkürü və düşüncəsi daim irəli doğru can atır. Bir sözlə, bioloji və sosioloji-ikili gedən bu təkamül prosesinin qarşısını almaq mümkün deyil. Bu təkamül də bizim şüurumuza, beynimizə və genimizə daim fəaliyyətdə olmağı təlqin edir. Yəni, sosial fəaliyyətin məğzi təkcə idman etmək, hərəkətdə və ünsiyyətdə olmaq deyil, hərtərəfli inkişaf etməkdir”.

image-sahib

“Bir də bunun ünsiyyət tərəfi var ki, insan mütəmadi olaraq ünsiyyətdə olmalıdır. Əks halda yaşaya bilməz. Artıq 1 ildir ki, Azərbaycanda sərtləşmiş karantin qaydaları tətbiq edilir və Azərbaycan dünyada yeganə ölkədir ki, karantinin bir neçə növünü icad edib: ümumi karantin, xüsusi karantin, sərt karantin, yumşaq karantin və s. Bu da konkret olaraq insanların psixologiyası ilə oynamaqdır. Ona görə də karantin rejiminin iyunun 1-ə kimi uzadılması yaxşı hal deyil. Düzdür, karantin uzanmasa yoluxma arta bilər, lakin karantin də bir nəticə vermir axı. Ona görə də artıq ictimai nəzarəti gücləndirib karatindən çıxılmalıdır. İnsanlar yenidən aktiv fəaliyyətə qayıtmalıdır. Çünki indiki vəziyyətdə insanların həm sosial, həm də iqtisadi vəziyyətləri bərbad durumdadır. İnsanların psixologiyası çöküb, bir ildir ki, fəaliyyət sahələri donub və ünsiyyətsizlikdən əziyyət çəkilir. Halbuki insanı həyata bağlayan, ona stimul verən amillərdən biri də əməkdir. Amma göründüyü kimi, insanların əmək fəaliyyəti donub. Bunun sosial tərəfi ilə yanaşı digər tərəfi də maddi tərəfidir ki, artıq maddi baxımdan dolana bilməyən insanlar var. Çünki Azərbaycan vətəndaşı karantin dövründə Azərbaycan dövlətindən demək olar ki, heç bir dəstək görmədi”-ekspert əlavə edib.

Müsahibimiz virusla mübarizədə Azərbaycanın inkişaf etmiş ölkələrlər müqayisəsinə də münasibət bildirib: “İnkişaf etmiş ölkələrin konkret prinsipləri, karantin qaydalarını tətbiq etməklə bağlı şərtləri var. Mən karantin dövrü ərzində Avropa ölkələri ilə mütəmadi olaraq əlaqədə olmuşam. Onlarda virus var deyə, birbaşa karantin tətbiq etmək deyə, bir məsələ yoxdur. Məsələn, virus yayılmağa başlayanda sosial işçiləri təhkim etdilər ki, virusun yayılma ərazilərini, dinamikasını, nəticəsini hesablasınlar və bunun nəticəsində karantin elan olunarsa, vətəndaşa dəyəcək maddi, mənəvi və sosial zərəri hesablayıb karantin elan etsinlər. Həmin karantin dövründə də insanlara dövlət tərəfindən istər mənəvi, istər psixoloji, istər sosial, istərsə də maddi yardımlar edildi. Lakin Azərbaycan və Azərbaycan kimi ölkələrdə vətəndaşlar karantin dövründə dövlətdən bu dəstəyi görmədilər və bu baxımdan, karantinin yenidən uzanması yaxşı hal deyil. Yox, uzanırsa da ortaya alternativ çıxış yolu qoyulmalıdır. Məsələn, insanlara maddi, psixoloji, mənəvi və s. yardımlar edilməlidir. Ümumi götürəndə isə karantin sərtləşməməlidir, əgər sərtləşərsə də müddətlə olmalıdır. Azərbaycan insanı dünyada karantindən ən çox zərər çəkmiş insandır. Çünki Azərbaycan insanı virusla yanaşı, müharibə də gördü. Bu baxımdan, travma almış insana bir də karantin tətbiq etmək, bunu doğru qəbul etmirəm”.

Müəllif: Mərahim Nəsib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90