İyunun 8-də Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin virtual konfransı keçirilib.
Busaat.az xəbər verir ki, konfransda ÜGT-nin Baş katibi Kunio Mikuriya, ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə, ÜGT Baş katibinin müavini Rikardo Trevino Çapa, təşkilatın Avropa Regionunun 53 üzv dövlətinin gömrük xidmətlərinin rəhbərləri iştirak edib.
Qeyd edək ki, hazırda dünyanın ən inkişaf etmiş ölkələrinin təmsil olunduğu ÜGT-nin Avropa Regionuna Azərbaycan Dövlət Gömrük Komitəsi rəhbərlik edir. Konfransa da Dövlət Gömrük Komitəsi adından Komitə sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev sədrlik edib.
Açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev konfransda region üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunacağına, beynəlxalq əməkdaşlığın güclənməsi, gömrüyün gələcək inkişafı üçün vacib qərarların qəbul ediləcəyinə ümidvar olduğunu bildirib.
ÜGT-nin Baş katibi Kunio Mikuriya çıxış edərək Azərbaycan Gömrük Xidmətinin Avropa Regionuna sədrliyi dövründə faydalı fəaliyyətindən bəhs edib.
Qeyd edək ki, konfrans çərçivəsində ÜGT-nin Avropa Regionuna sədrlik etdiyi dövrdə səmərəli fəaliyyətinə görə Azərbaycanı Dövlət Gömrük Komitəsinin Avropa Regionunun Şərq qrupu tərəfindən ÜGT-nin Siyasi Komissiyasına namizədliyi irəli sürüldü və Azərbaycan gömrük xidməti yekdilliklə 2021-2023-cü illər üzrə Siyasi Komissiyaya üzv seçilib.











