“2020-ci il – yeniləşən, rəqəmsallaşan, innovasiyaların artdığı bu dünyada Azərbaycanın öz yeni tarixini yazmağa başladığı ildir. Məhz 2020-ci ildə Azərbaycanın müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər.
Azərbaycan Respublikasının əsas hədəfiCənubi Qafqazdasülhün qorunub saxlanılması, Azərbaycanın suverenliyinin tam bərpa olunması, beynəlxalq təşkilatların qəbul etdiyi universal və ümumbəşəri sənədlərin icra olunması və əmin-amanlığı uzunmüddətli prosesə çevirməkdir. Bu proses öz növbəsində ölkəmizlə yanaşı, regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcəkdir.
Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.
Bu bölgədə iqtisadiyyatın, sosial həyatın dirçəlişi həm də orada yaşamağa, qurub yaratmağa bağlıdır. Artıq uzun illər doğma yurdundan didərgin düşən vətəndaşlarımız doğma torpaqlarına geri qayıdır. Bütün azad olunan ərazilərimizdə bərpa-quruculuq işləri surətlə davam edir.
Biz bir neçə ay öncə tarixi hadisənin – Qarabağa ilk “Böyük qayıdış”ın, sakinlərin ilk köçürülməsinin şahidi olduq. Birinci pilot layihə Zəngilanda Ağalı kəndində icra edildi. Ağalı kəndinin sakinləri artıq doğma torpaqlarında məskunlaşıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Burada insanların yüksək səviyyədə yaşayışı üçün hər cür şərait yaradılıb. “Böyük qayıdış” iqtisadiyyatımızın dirçəldilməsi konsepsiyasının əsas istiqamətlərindən biridir.
Təsadüfi deyil ki, keçdiyimiz üç ilə yaxın bir müddətdə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir.
Doğrudan da Cənab Prezident son üç ildə söz verdiyi kimi, doğma Qarabağımızın cənnətə çevrilməsi istiqamətində çox böyük əməli işlər görür.İcra olunan meqa layihələr çərçivəsində hər il bir şəhərin baş planının təsdiq olunması, həmin baş plana uyğun olaraq bütün zəruri işlərin görülməsi, iaşə müəssisələrinin, məktəblərin, sosial obyektlərin istifadəyə verilməsi və ya onların təməlqoyma mərasimlərinin keçirilməsi həm yüksək zövq və keyfiyyətlə, eyni zamanda sürətlə həyata keçirilir.
Bu gün Azərbaycan xalqı artıq böyük qürur və fəxarət hissi ilə öz doğma torpaqlarına qayıdır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma, tikinti işlərinin diqqət mərkəzində olduğunun, həmçinin Azərbaycanın regionda sülhün, əmin-amanlığın təmin olunmasında qətiyyətinin göstəricisidir.
25-26 avqust tarixlərində Prezident İlham Əliyevin son üç ildə Laçına sayca altıncı səfəri, sakinlərlə görüşü, Laçın şəhəri günü ilə bağlı keçirilən tədbirdə çıxışı, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirak etməsi 8 ay müddətində görülmüş möcüzəvi işləri nəinki Laçınlıların, eyni zamanda bütün dünyanın diqqətinə təqdim etdi, Azərbaycan xalqının əzmini nümayiş etdirdi.
Qeyd edək ki, qısa müddətdə aparılan yenidənqurma işləri çərçivəsində bütövlükdə Laçında 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşıb və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq.
Azərbaycan xalqı necə ki, 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində əzmkarlıqla öz torpaqlarını qorudu və işğaldan azad etdi, bundan sonra da Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, öz torpaqlarının cənnətə çevrilməsi istiqamətində aparılan işləri dayandırmayacaq. Bu, bir tərəfdən Azərbaycan xalqının birliyini ifadə edən yanaşmadır, digər bir tərəfdən isə bu gün dünyada baş verən siyasi katoklizmlərin, mövcud olan münaqişələrin həlli istiqamətində ölkəmizin sülhməramlı qüvvə olaraq çıxış etməsinin, bölgədə sülhün təmin olunması üçün təkbaşına bütün işləri gördüyünün əyani sübutudur.
Bölgədəki son hadisələr Azərbaycanın qalib olduğunu və regionda artıq yeni reallıqların mövcud olduğunu bir daha açıq-aşkar göstərir. Ermənistan indi Azərbaycanın hüquqi və qanuni iddialarını əks etdirən yeni reallıqları yerində qəbul etməlidir. Beləliklə, sülhü və təhlükəsizliyi qorumağın yeganə yolu Böyük Sülh Sazişinin imzalanması və region dövlətlərinin qarşılıqlı əməkdaşlığının daha da güclənməsindən keçir.
Bu vəziyyət Azərbaycan cəmiyyətində xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın ləyaqət hissinin bərpası anlayışını formalaşdırır. Azərbaycan xalqı Qarabağa qayıdır və bu qayıdış əbədi olacaq”.
Hüseynli Billurə, Azərbaycan Dövlət Pedaqoji Universiteti